17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuraya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi, Vətən müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi vurğulanıb. Qeyd edilib ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələri də inkişaf edir. Hazırda Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanda Türkiyə şirkətlərinin sayı artır, ölkələrimiz investisiya sahəsində uğurla əməkdaşlıq edir, hökumətlərimiz arasında imzalanmış Preferensial Ticarət Sazişi ilə müəyyən edilmiş məhsulların ixracının artırılması istiqamətində işlər aparılır. Görüşdə Azərbaycan-Türkiyə ticarət və investisiya imkanları dəyərləndirilib. Bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda ticarət nümayəndəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Nazirlər Türkiyə şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı məsələsini də müzakirə ediblər.

Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Staroi ilə görüşdə Macarıstanla iqtisadi sahədə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Macarıstanla ticarət dövriyyəsinin həcminin artdığı bildirilib, investisiya sahəsində əməkdaşlığın inkişafının əhəmiyyəti, ticarət, KOB və investisiya, sənaye, nəqliyyat-tranzit sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilib. Görüşdə macar şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakda maraqlı olduğu vurğulanıb.

Qırğızıstanın Nazirlər Kabineti sədrinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarovla görüşdə Qırğızıstanla müxtəlif sahələrdə əməkdaşlıq üçün möhkəm müqavilə-hüquq bazası formalaşdırıldığı, ölkələr arasında sərbəst ticarət, ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi, və sair istiqamətlər üzrə 60-a yaxın sənədin imzalandığı bildirilib. İki ölkə arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələri inkişaf etdiyi, 2021-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin 2 dəfə artdığı diqqətə çatdırılıb. Ticarətin gücləndirilməsi üçün hər iki tərəfdə potensial ixrac məhsulları üzrə məlumat mübadiləsinə zərurət olduğu qeyd edilib.

Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitovla görüşdə Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planının həyata keçirilməsinin təmin edilməsi məqsədilə qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu ilin yeddi ayında Özbəkistanla ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz artıb. Ölkələrimiz arasında investisiyalar sahəsində də əməkdaşlıq inkişaf edir. Tərəflər Azərbaycan-Özbəkistan Ticarət üzrə İşçi Qrupunun yaradılmasının, habelə koronavirusla mübarizədə qarşılıqlı dəstəyin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Görüşlərdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib, Türkiyə, Özbəkistan, Macarıstan və Qırğız Respublikasının iş adamları ölkəmizə investisiya yatırmağa dəvət edilib, eləcə də iqtisadi tərəfdaşlığın gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri