İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb
Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.
BFB-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, avqustun 30-da AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar üzrə avqustun 28-nə qədər olan dövr üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 28-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 853.76 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 853,76 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların bazar qiymətinin 853,76 manat olması nəzərə alınmalıdır.