Əmək məzuniyyətinin əmsallaşdırılması
Kadrlar üzrə mütəxəssislər, eləcə də vergi ödəyiciləri üçün əmək məzuniyyətinin hesablanmasında əmsallaşdırma ilə bağlı bir sıra maraq doğuran məqamlar var. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.
Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı aşağıdakı qaydada əmsallaşdırılır:
Orta aylıq əməkhaqqı = |
(ƏN1 x Ə1 + ƏN2 x Ə2+ ...) + ƏN |
N |
Burada ƏN1, ƏN2... -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrələrində işçinin əməkhaqqının cəmi;
ƏN-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;
Ə1, Ə2...-son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları;
N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayıdır.
Məzuniyyət vaxtı üçün orta əməkhaqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.
Qaydalarda bəzi məsələlər vardır ki, onlara daha diqqətlə yanaşmalıyıq:
- Kütləvi artım dedikdə nə başa düşülür?
- Nisbətdən alınan təshih əmsalları necə hesablanılır?
- Sonuncu artım nədir?
- Son artım nədir?
Bu terminlərin ümumi halda “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydaları”nda açıqlamaları verilib. Onlara bir daha baxaq.
- “ƏN” termininin açılışından görünür ki, hesablanan cəmi əməkhaqqı sonuncu kütləvi artım ilə bağlıdır. Yəni son 12 ayda bir neçə kütləvi artım ola bilər, amma bu termin sonuncu kütləvi artımı nəzərdə tutur və hesablama onun əsasında aparılır. Burada diqqət yetiriləsi məqam “son” yox, “sonuncu” ifadəsidir.
- İkinci diqqət yetiriləsi termin “ƏN1” və “ƏN2”nin açılışlarıdir. Burada da “sonuncu” ifadəsi vardır. Yəni “ƏN1” və “ƏN2” hesablananda son hər kütləvi artımdan əvvəlki ayrı-ayrı artım dövrlərində olan əməkhaqqılarının cəmi nəzərdə tutulur.
- Üçüncü diqqət yetiriləsi məqam isə “Ə1,Ə2” terminidir. Bu terminin açılışına diqqət yetirsək, burada “sonuncu” ifadəsi yoxdur. Burada “son kütləvi artımdan” ifadəsi yazılıb. Yəni əmsallaşdırmada “sonuncu” və “son” kütləvi artım ifadələrinin çox təsiri vardır.
- “Ə1, Ə2” son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsallarıdır. Burada “sonuncu kütləvi artım” ifadəsi yazılsa idi, onda bütün təhsis əmsalları ƏN-də olan sonuncu artırılmış əməkhaqqına görə hesablanacaqdı. “Son” dedikdə - əvvəlki əməkhaqqından sonrakı artmış əməkhaqqı əvvəlki üçün son artım sayılır. Həmçinin, bu son artmadan sonrakı növbəti artım da onun üçün son artım sayılır.
- Yəni burada “son” dedikdə pilləli formada hesablamalar aparılır.
Misal: Tutaq ki, ilkin əməkhaqqı 500 manat, növbəti artımdan sonra 700 manat və daha növbəti artımdan sonra 1000 manat olubsa, onda ƏN1(yəni 500 manat) üçün son kütləvi artım 700 manat təşkil edir. ƏN2 (yəni 700 manat) üçün isə son kütləvi artım 1000 manat təşkil edir. Yəni burada sonuncu kütləvi artım yazılsa da, həm ƏN1, həm də ƏN2 üçün də sonuncu artım 1000 manat olacaq idi.
Həmçinin sonuncu artım üzrə təhsis əmsalları tətbiq edilsə, onda bu düsturun əhəmiyyəti olmazdı.
Tutaq ki, şəxsin əməkhaqqı 5 ay 500 manat, 5 ay 700 manat və 2 ay 1000 manat olub. Bu zaman əmsallaşdırma belə olacaq:
500 x (1000: 500) x 5 ay + 700 x (1000 : 700) x 5 ay +1000 x 2ay = 500 x 2 x 5 + 700 x 1,4285 x 5 +2000 = 5000+5000+2000 = 12 000 manat
12 000: 12 ay = 1000 manat.
Buradan belə çıxır ki, həmin şəxsin orta aylıq əməkhaqqı 1000 manatdır. Onda qərarda və Əmək Məcəlləsində birbaşa yazılacaqdır ki, artımlar olarsa, əmək məzuniyyəti son əməkhaqqı əsasında hesablanmalıdır.
Göründüyü kimi, yuxarıdakı misaldakı hesablamalar səhv yanaşmadır.
Son olaraq yuxarıdakı misalın düzgün variantı belə alınacaq:
500*(700/500)*5 ay+ 700*(1000/700)*5 ay+ 1000*2 ay = 3500+5000+2000 = 10500=875
12 ay 12 ay 12 ay
Beləliklə, əmsallaşdırılmış orta aylıq əməkhaqqı 875 manat olacaq.