23 İyun 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Birinci Qarabağ Beynəlxalq İqtisadi Forumu keçiriləcək

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə iyunun 30-da videokonfrans formatında Birinci Qarabağ Beynəlxalq İqtisadi Forumu keçiriləcək.

Bu barədə ?Birliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.
Bildirilib ki, forumda deputatların, müvafiq dövlət orqanlarının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin, dünyanın ayrı-ayrı ölkələrindən parlament üzvlərinin, jurnalistlərin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı gözlənilir.

Qeyd edək ki, tədbirə hazırlıq işlərinə artıq başlanılıb. İMZA İctimai Birliyinin mərkəzi ofisində bu məqsədlə xüsusi toplantı da keçirilib. Birliyin sədri, beynəlxalq forumun təşkilat komitəsinin rəhbəri Xəyyam Əsgərov, Azərbaycan Parlamentinin deputatı, forumun təşkilat komitəsinin üzvü Vüqar Bayramov, İctimai Birliyin idarə heyətinin üzvlərinin iştirak etdikləri iclasda bildirilib ki, İkinci Qarabağ müharibəsinin ən mühüm nəticələrindən biri regionumuzda yaranmış yeni reallıqdır. Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 illik işğala son qoyub. Münaqişənin həll olunması bölgənin yenidən bərpası, o cümlədən regionun iqtisadi imkanlarının səmərəli şəkildə istifadəsi üçün imkanlar yaradıb. Dövlət tərəfindən bu məqsədlə planlı addımlar atılır, mühüm layihələrə start verilib.

İclasda vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar Qarabağ bölgəsinin tezliklə bərpasına və Böyük Qayıdışın ən qısa zamanda baş tutacağına ümidləri daha da artırır. Xatırladılıb ki, Prezident İlham Əliyev bərpa prosesində, ilk növbədə, dost və qardaş ölkələrin iştirak edəcəklərini bildirib və bu işə faktiki olaraq başlanılıb.

Ümumiyyətlə, Qarabağın Azərbaycan iqtisadiyyatına qısa müddətdə reinteqrasiyasının, bu proses başa çatdıqdan sonra isə ölkədə iqtisadi fəallığın daha da artacağına heç bir şübhə yoxdur. Bərpa prosesinə xüsusi maraq göstərən ölkələrin və şirkətlərin sayının artması, uğurla həyata keçirilən infrastruktur layihələri onu deməyə əsas verir ki, yaxın perspektivdə Qarabağ bölgəsi inkişaf mərhələsinə qədəm qoyacaq. Bu baxımdan, mövzunun əhəmiyyətini, aktuallığını, prosesə marağı daha da artırmaq üçün onun təbliğatının əhəmiyyətini nəzərə alan İMZA İctimai Birliyi Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirməyi qərara alıb.

Xəyyam Əsgərov foruma yerli və beynəlxalq səviyyədə ciddi marağın olacağını vurğulayıb. Tədbirdə iştirak üçün müraciət etmiş beynəlxalq ekspertlərin rəyləri də çox müsbətdir.

Azərbaycan parlamentinin deputatı Vüqar Bayramov İMZA İctimai Birliyinin belə təşəbbüslə çıxış etməsini təqdir edib, tədbirin yüksək səviyyədə baş tutması üçün atılan addımların uğurlu olduğunu bildirib.
Sonra forumla əlaqədar təşkilati məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.