Lisenziyası ləğv edilmiş 2 bankın əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulunun müddəti bitib
Lisenziyası ləğv edilmiş “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin əmanətçilərinin agent banklar tərəfindən ərizə qəbulunun müddəti başa çatıb.
Əmanətlərin Sığortalanması Fondundan (ADIF) bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli Qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin ləğvedicisi təyin edilib.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fond agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişi ilə bağlı elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, “Ata Bank” ASC və “Amrah Bank” ASC ilə bağlı ilk bildiriş ötən il mayın 1-də www.adif.az saytında yerləşdirilib.
Qeyd edək ki, sözügedən bildirişlər (3 dəfə) elan edildikdən sonra 1 il müddətində fond “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sözügedən ləğv prosesində olan bankların sığortalı əmanətlərinin tam şəkildə kompensasiya edilməsi prosesinə başlaması haqqında məlumatı kütləvi informasiya vasitələrində və fondun rəsmi saytında elan edib və kompensasiyaların ödənilməsi prosesinə başlanılıb. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Ata Bank” ASC və “Amrah Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçilib.
Kompensasiyaların çevik şəkildə ödənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və xüsusilə də ölkəmizdə tüğyan edən COVID-19 virusu səbəbi ilə tətbiq olunan karantin rejiminə riayət olunması məqsədilə qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə ödənilməsinə şərait yaradılıb.
Həmçinin “Kapital Bank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması üçün qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi iki mərhələdə baş həyata keçirilib. İlkin olaraq keçən il iyunun 1-dən başlayaraq “Ata Bank” ASC və “Amrah Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların və ötən il iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanıb.
Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, bu il mayın 1-dən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib. Qeyd edək ki, ötən il iyunun 1-dən cari il mayın 1-dək “Ata Bank” ASC-nin 9,837 əmanətçisinə 246 milyon 822 min 559 manat (ümumi kompensasiya öhdəliyinin 94.81 faizi), “Amrah Bank” ASC-nin 5,844 əmanətçisinə 140 milyon 461 min 716 manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), hər iki bank üzrə isə toplam 15 min 681 əmanətçisinə 387 milyon 284 min 275 manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Adı çəkilən ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Əmanətlərin Sığortalanması Fondunun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.
Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “Ata Bank” ASC və “Amrah Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki şəxslərin ödənişlərini köçürmə yolu ilə sözügedən ləğv prosesində olan bankların Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə həmin bankların baş ofisləri (Bakı şəhəri üzrə) və filial şəbəkələrində (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda, “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirmələrini kütləvi informasiya vasitələrində, fondun sosial media hesablarında və rəsmi veb-saytında məlumat dərc edərək bildirib.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci il avqustun 12-də əmanətlərin sığortalanması, ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək məqsədləri üçün yaradılıb. Banklarda sığorta hadisəsi baş verdikdə fond əmanətçilərin kompensasiyalarının ödənilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edir, eləcə də sözügedən maliyyə institutlarının ləğvedicisi kimi fəaliyyət göstərir.