24 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları hazırlanacaq

“Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.

Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının (bundan sonra – Konsepsiya) hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan İşçi qrup Konsepsiyanın layihəsi hazırlanarkən:

2.1. aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etsin;

2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2021-ci il.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”