11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq

Ölkəmizin zəngin faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi 1991-1993-cü illərdə Ermənistan tərəfindən işğal edilmiş, 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad olunmuş Azərbaycan torpaqlarında yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji İnformasiya Arxivi Fondunun 1991-ci ilə aid məlumatları və açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən, 30 ilə yaxın işğal altında olmuş ərazilərdə ümumilikdə 70-dən çox əlvan, o cümlədən nəcib metal yataqları və təzahürləri mövcuddur. İşğala qədər metallar üzrə toplanmış geoloji məlumatlar bu yataqların bir çoxunun böyük sənaye ehtiyatlarına malik olduğunu təsdiqləyirdi. Xüsusilə Kəlbəcər, Zəngilan və Tərtər rayonunun vaxtı ilə işğal olunmuş ərazilərində yerləşən yataqlardan qızıl, gümüş, mis və molibden ehtiyatları ötən əsrin 90-cı illərinin ortalarından etibarən bu yataqlar Ermənistanın cəlb etdiyi xarici investorlar və erməni iş adamları tərəfindən intensiv talanmaya məruz qalmışdı. Qanunsuz hasilat və satış nəticəsində əldə olunmuş qeyri-qanuni iqtisadi dividendlər Ermənistanın, xüsusilə də qondarma rejimin maliyyələşdirilməsində mühüm rol oynayıb. Bununla da Azərbaycan Respublikasının iqtisadi və dövlət maraqlarına ciddi ziyan vurulub.

Hazırda ölkəmizin nəzarətində olan sözügedən yataqların ehtiyatları bir daha qiymətləndiriləcək və əlaqədar dövlət qurumları tərəfindən qeyri-qanuni hasilat nəticəsində Azərbaycana vurulmuş ziyanın həcminin hesablanması işləri icra ediləcək. Öz növbəsində, “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən qanunsuz istismar faktlarına xüsusi diqqət ayırıb. QSC tərəfindən işğal edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb. Bununla bağlı əldə edilmiş materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib. Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunub.

Araşdırmanın beynəlxalq komponentinin icrasının təmin edilməsi üçün nüfuzlu beynəlxalq hüquq şirkəti və bir sıra yerli ekspertlər də prosesə cəlb olunub və toplanmış materiallar aidiyyəti dövlət strukturuna göndərilib. Sözügedən materiallarda vaxtilə işğal altında olmuş ərazilərdə qızıl, gümüş, mis, molibden və digər əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən qaçaqmalçı şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunub. Tədqiqat materialları qanunsuz əməllərin icraçısı olan erməni, eləcə də xarici şirkətlərə qarşı müxtəlif beynəlxalq instansiyalarda tətbiq olunacaq hüquqi tədbirlərə dair tövsiyələri ehtiva edir. Əminik ki, bu tədbirlərin icrası konkret hüquqi addımların atılmasına və nəticələrin əldə edilməsinə dəstək olacaq.

Bununla yanaşı, "AzerGold" QSC tərəfindən işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar görülməkdədir.

Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.

Heç şübhəsiz, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?