15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılmasını müzakirə edib

Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib.

Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, qalan 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşları əhatə etməsini obyektiv zərurətə çevirir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu istiqamətdə sistemli iş aparılır.

Hazırda qüvvədə olan sazişlərdən biri - Azərbaycan Respublikası və Yaponiya Xarici İşlər Nazirlikləri arasında 2005-ci il mayın 30-da mübadilə olunmuş və Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli Qanunu ilə təsdiq edilmiş notalara müvafiq olaraq Yaponiya ilə SSRİ arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyadır və Azərbaycan Respublikası və Yaponiya arasında ikitərəfli münasibətlərdə tətbiq edilir. SSRİ ilə Yaponiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın 1986-cı ilin yanvarın 18-də imzalandığını və həmin tarixdən bu günədək beynəlxalq vergitutmada əhəmiyyətli dəyişikliklərin baş verdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının gəlirə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında nümunəvi Konvensiya layihəsi Yaponiya tərəfinə diplomatik kanallar vasitəsilə hələ 2019-cu ildə təqdim olunub.

Ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Konvensiya layihəsi hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.

Yaponiya tərəfi Azərbaycanın bu təklifini yüksək qiymətləndirib və Konvensiya layihəsi üzrə müzakirələrin aparılması üçün hər iki ölkənin səlahiyyətli qurumlarının ekspertləri arasında görüşün təşkil olunmasını məqbul hesab edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında videokonfrans vasitəsilə görüş təşkil olunub və Konvensiya layihəsi üzrə müzakirələr aparılıb. Qarşılıqlı anlaşılma mühitində keçən danışıqlarda Konvensiyanın əsas müddəaları müzakirə olunub.

Konvensiya layihəsi üzərində iş davam edəcək.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?