Pensiya və sosial müavinətlərin məbləğləri artırılıb
Azərbaycan Prezidentinin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı ilə sosial müavinətlərin məbləği artırılacaq. Bununla bağlı ortaya çıxan suallardan biri əlilliyə görə pensiya və sosial müavinət məbləğlərinin necə artırılmasıdır. Mövzunu iqtisadçı ekspert Vüqar Bayramov şərh edir.
Minimum pensiya artırıldıqdan sonra "Əmək pensiyaları haqqında" Qanunun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) edilən dəyişiklik aşağı pensiya alanların pensiya məbləğlərinin artmasına səbəb oldu. Sosial müavinət məbləğləri isə konkret olaraq müəyyənləşdirilir. Yeni sərəncamla 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırılıb. Əvvəllər bu rəqəm ümumi səbəbdən əlillər üçün 82 manat, müharibə əlilləri üçün 101 manat, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manat idi. Yeni qaydaya əsasən, əgər vətəndaş əlilliyə görə pensiya alırsa və bu məbləğ 160 manatdan azdırsa, 160 manata çatdırılacaq. Bu o deməkdir ki, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Təbii ki, söhbət pensiyanın məbləğindən gedir: pensiya müəyyən şərtlərlə bağlı daha yüksək ola bilər. Buna görə də vətəndaş artımı hesablamaq üçün aldığı vəsaitin pensiya, yoxsa müavinət olmasına diqqət yetirməlidir.
Əlilliyə görə əmək pensiyası - 1-ci qrup əlillərə ümumilikdə sığorta stajı
5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün
4 ay sığorta stajı olduqda təyin edilir
Fiziki imkanı məhdud olan şəxsin hansı hallarda pensiya və sosial müavinət almasına gəldikdə isə, "Əmək pensiyası haqqında" Qanuna əsasən, əlilliyə görə əmək pensiyası - 1-ci qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanuna əsasən, hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından 1-ci qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. "Sosial müavinət haqqında" Qanuna əsasən isə əmək qabiliyyəti olmayan şəxs əmək pensiyası hüququ olmadıqda, əlilliyə görə müavinət alır.
Yeni sərəncamla fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinətlə yanaşı, hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilib. Fiziki imkanları məhdud olan hər bir uşaq üçün ödəniləcək aylıq məbləğ baxım xərci ilə birlikdə 200 manat təşkil edəcək. Minimum pensiya artımları martın 1-dən, sosial müavinətlər üzrə artımlar isə aprelin 1-dən hesablanacaq. Sonuncu sərəncam ilə sosial müavinətlərin artımı 577 min nəfəri əhatə edəcək.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI