İşğaldan azad edilmiş torpaqlarımızda yeni inkişaf modeli qurulacaq
İşğaldan azad olunan torpaqlarımızda yaradılacaq inkişaf modeli həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşmasını, həm də iqtisadi menecmentin müasir çağırışlara uyğun qurulmasını ehtiva edəcək. Millət vəkili Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı mülahizələrini bölüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında təməlqoyma mərasimi zamanı diqqəti bir daha işğal edilmiş torpaqların bərpası məsələlərinə yönəldib: “Azad edilmiş torpaqlarda hər şey, demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”.
Artıq bu istiqamətdə real addımlar atılır. Müasir standartlara uyğun beynəlxalq hava limanın inşası, yolların çəkilməsi və bir sıra digər infrastrukturun formalaşması istiqamətində işlər başlayıb. Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımından da yeni modelin formalaşması anlamına gəlir. Həmin model növbəti mərhələdə digər ərazilərimizə də transfer ediləcək.
İqtisadi potensialdan istifadə baxımdan, qeyd etmək lazımdır ki, 2019-cu ildə Yuxarı Qarabağ iqtisadi rayonunda 637 milyon 70 min, o cümlədən Ağdam rayonunda 172 milyon 934 min, Füzuli rayonunda 138 milyon 652 min manatlıq məhsul istehsal edilib. Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə bu göstərici cəmi 97 milyon 838 min manat olub. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmli deyil. 27 ildən çox davam edən erməni işğalı nəticəsində böyük iqtisadi potensialdan faydalanmaq mümkün olmayıb.
Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimiz yeni model formalaşandan sonra ölkənin iqtisadi inkişafında aparıcı qüvvələrdən biri səviyyəsinə çatdırılacaq.