14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi qanunvericiliyi nağdsız ödənişlər üçün stimul yaradır

Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələrinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın və hüquqi şəxslərin büdcəyə ödənilməli olan gəlir və mənfəət vergisinin məbləğinin 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılması nəzərdə tutulur.

İqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş bu dəyişikliyin - nağdsız dövriyyə üçün POS-terminaldan istifadəni və sadələşdirilmiş verginin ödəyicilərinin gəlir (mənfəət) vergisi ödəyicisi olmaq üçün keçid prosesini stimullaşdırmaq kimi iki əsas məqsədi var: "Birinci məqsədlə bağlı iki məqama diqqət yetirilməlidir: güzəşt tətbiq olunan dövriyyə dedikdə, sırf POS-terminallar vasitəsilə aparılan dövriyyə əsas götürülür. Yəni hər hansı şəxsin bank hesablaşması vasitəsilə ödənişinə bu güzəşt tətbiq edilməyəcək. İkinci məqam odur ki, güzəştin tətbiqi zamanı POS-terminalla ödəniş edən şəxsin vergi uçotuna alınmaması, yəni əhalidən olması mütləq şərtdir.

İkinci məqsədə - sadələşdirilmiş vergi ödəyicilərinin gəlir (mənfəət) vergisi ödəciyisi olmaq üçün keçid prosesini stimullaşdırmaq məsələsinə gəlincə, Vergi Məcəlləsinə əsasən, ardıcıl 12 ay üzrə dövriyyəsi 200 min manat təşkil edən pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar sadələşdirilmiş vergini tətbiq edə bilərlər. Bu dövriyyəni keçən pərakəndə satışla məşğul olan şəxslər sadələşdirilmiş vergi hüquqlarını itirsələr də, ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar 2 faiz deyil, 8 faiz vergi ödəməklə sadələşdirilmiş verginin ödəyicisi hüququnu saxlaya bilərlər".

Ardıcıl 12 ay üzrə dövriyyəsi 200 min manat təşkil edən pərakəndə satış və ictimai iaşə
fəaliyyəti ilə məşğul olan sahibkarlar sadələşdirilmiş vergini tətbiq edə bilərlər

Qeyd olunub ki, güzəştin tətbiqi pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə daha az gəlir və ya mənfəət vergisi ödəmək imkanı qazandırır: "Nağdsız dövriyyəyə əsasən tətbiq edilən güzəşti daha aydın anlamaq üçün bir misala müraciət edək: Pərakəndə ticarətlə məşğul olan "AA" MMC-nin ümumi gəliri 2.000 manat olub. Həmin gəlirin 1.500 manatı nağdsız, 500 manatı nağd formada həyata keçirilib. Sahibkarın xərcini 1.200 manat hesab etsək, yekun gəlir 800 (2000-1200) manat təşkil edəcək. Nağdsız dövriyyə ilə bağlı güzəşti tətbiq etmədiyimiz halda, "AA" MMC-nin hesablanmış mənfəət vergisi 160 (800 x 20 faiz) manat təşkil etməlidir.

İndi isə güzəştin tətbiq olunacağı halda mənfəət vergisini hesablayaq. Əvvəlcə nağdsız dövriyyənin xüsusi çəkisini tapırıq: (1.500 manat (nağdsız dövriyyə) /2.000 manat (ümumi gəlirə)) = 0,75.Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağdsız dövriyyənin xüsusi çəkisinə 25 faizlik güzəşt faizini tətbiq edirik: 0,75 (nağdsız dövriyyənin xüsusi çəkisi) x 25 faiz (tətbiq olunan güzəşt) =0,1875. İndi isə güzəşt tətbiqi nəticəsində alınan xüsusi çəkiyə uyğun mənfəət vergisinə tətbiq edilən güzəşt məbləğini hesablayaq: 160 (mənfəət vergisi) x 0,1875 (güzəşt tətbiq etməklə alınan xüsusi çəki) = 30 manat. Göründüyü kimi, "AA" MMC-nin nağdsız dövriyyəyə güzəştinin tətbiqi nəticəsində formalaşan mənfəət vergisi 30 manat azalaraq 130 (160 (mənfəət vergisi) - 30 (güzəşt məbləği) manat təşkil edir.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?