Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətinin hesablanması
Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
İşəgötürən tərəfindən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasını oxucular üçün asanlaşdırmaq məqsədilə qanunvericiliyin tələbləri əsasında aşağıdakı düstur formasına salmışıq:
Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz)
Əvvəlki 12 ayın qazancı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaqla cəmi əməkhaqqıdır.
Əvvəlki 12 ayda iş günlərinin sayı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. Burada işçinin neçə gün işləməsi nəzərə alınmır. İstehsalat təqviminə əsasən, aylar üzrə iş günlərinin sayı nəzərə alınır.
Müavinət dövründəki iş günlərinin sayı – işçinin xəstəlik dövründəki iş günlərinin cəmidir.
Staj və kateqoriyaya görə faiz – əsasnaməyə görə, işçinin iş stajı və digər sosial kateqoriyasına görə müəyyənləşdirilir.
İndi isə misal üzərində düsturun köməyi ilə hesablama aparaq.
Misal: Həftədə 5 günlük iş rejimində fəaliyyətdə göstərən "A" MMC-nin 15 illik stajı olan işçisi xəstəlik vərəqəsi təqdim edir ki, 11 okyabr 2019-cu il tarixdən əmək qabiliyyətini 6 günlük itirib. Əvvəlcə düstür üçün istifadə edəcəyimiz göstəriciləri müəyyən edək.
a) Əvvəlki 12 ayın qazancı:
İçinin əməkhaqqı 500 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 6.000 (500 manat x 12 ay) manat olub.
b) Əvvəlki 12 ayda iş günlərin sayını:
İşçi oktyabr ayında xəstələndiyi üçün son 12 aylıq (1 oktyabr 2018- 30 sentyabr 2019-cu il) dövrü əhatə edən iş günlərinin sayını tapaq:
№ | Ay | İş günlərinin sayı |
1 | Oktyabr 2018 | 23 gün |
2 | Noyabr 2018 | 21 gün |
3 | Dekabr 2018 | 20 gün |
4 | Yanvar 2019 | 21 gün |
5 | Fevral 2019 | 20 gün |
6 | Mart 2019 | 15 gün |
7 | Aprel 2019 | 22 gün |
8 | May 2019 | 21 gün |
9 | İyun 2019 | 16 gün |
10 | İyul 2019 | 23 gün |
11 | Avqust 2019 | 20 gün |
12 | Sentyabr 2019 | 21 gün |
Cəmi: 243 gün
Cədvəldən göründüyü kimi, son 12 ay ərzində işçinin iş günlərinin sayı 243 gün olub.
c) Müavinət dövründəki iş günlərinin sayı
Xəstəlik vərəqəsinə əsasən, işçi 11 okyabr 2019-cu il tarixdən 6 gün işə çıxmayıb. İşçinin əmək qabiliyyətini itirməsinin başlanma tarixi (11 oktyabr 2019-cu il) cümə günüdür. 12-13 oktyabr 2019-cu il tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən işçi xəstəliyi səbəbindən əmək funksiyasını cəmi 4 iş günü (11, 14, 15 və 16 oktyabr 2019) icra etməyəcək.
d) Staj və kateqoriyaya görə faiz
Misalımızda işçinin stajı 15 il olduğu üçün, əsasnamənin 62-ci bəndinə əsaslansaq, 12 il və daha çox sosial sığorta stajı olan işçilər üçün qazancın 100 faizi miqdarında hesablama aparılmalıdır.
İndi isə əldə olunan göstəriciləri düsturda qeyd edək:
Müavinətin məbləği = ((6.000 manat)/ 243 gün) x 4 iş gün x 100 faiz = 98,76 manat.
Deməli, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətini itirdiyi 11-16 oktyabr 2019-cu il tarixləri üçün 98,76 manat müavinət hesablanıb ödəniləcək.
Fəxriyyə İKRAMQIZI