Osama Şavki: “Vergi güzəştləri Azərbaycanı şirkətlər üçün cəlbedici edir” MÜSAHİBƏ
Azərbaycanda turizm və daşınmaz əmlak sektorunun inkişafı beynəlxalq texnologiya şirkətlərinin də ölkə bazarına marağını artırır. Dubayda yaradılmış “estaie” startapı Azərbaycanda uzunmüddətli yerləşmə xidmətləri bazarının genişləndirilməsində, yerli hotellərin və daşınmaz əmlak şirkətlərinin beynəlxalq müştərilərə çıxış imkanlarının artırılmasında potensial görür. Süni intellekt əsaslı platforma vasitəsilə 195 ölkədə 1,7 milyondan çox yerləşmə obyektini vahid sistemdə birləşdirən şirkət Azərbaycanda yerli tərəfdaşlıq şəbəkəsini genişləndirməyi və bazardakı mövqeyini gücləndirməyi hədəfləyir.
Bakıda keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində iştirak edən “estaie” şirkətinin rəhbəri Osama Şavki ölkəmizdə mümkün investisiya istiqamətləri, yerli biznes üçün yaradılan iqtisadi imkanlar barədə “vergiler.az”ın suallarını cavablandırıb.
- İlk olaraq, “estaie” haqqında bir qədər məlumat verməyinizi xahiş edirik.
- “estaie” 2025-ci ildə Dubayda yaradılan bir şirkətdir. Biz uzunmüddətli yaşayış üçün mənzil və digər yerləşmə obyektlərinin axtarışı və bronlaşdırılmasını asanlaşdıran süni intellekt əsaslı platforma təqdim edirik.
Biz qlobal qonaqpərvərlik bazarında mühüm bir boşluq olduğunu müəyyən etdik. Ənənəvi hotel-bron platformaları əsasən qısamüddətli səfərlər üçün nəzərdə tutulduğu halda, yaşayış əmlakının kirayəsi bazarı, bir qayda olaraq, illik müqavilələrə fokuslanır. Halbuki işgüzar səfərlərdə olan şəxslər, beynəlxalq miqyasda fəaliyyət göstərən peşəkarlar, başqa ölkəyə köçən ailələr və layihə komandaları bir neçə həftədən bir neçə ayadək dəyişən müddətlər üçün yaşayış yerinə ehtiyac duyurlar. “estaie” bu ehtiyacı süni intellekt əsaslı, 15 gündən 365 günədək müddəti əhatə edən yerləşmə platforması vasitəsilə qarşılayır. Hazırda şirkətimiz 195 ölkə üzrə 1,7 milyondan çox yerləşmə obyektinə çıxış təmin edir.
- Azərbaycan “estaie” üçün hansı strateji əhəmiyyət daşıyır? Ölkəmizi regionun digər bazarlarından fərqləndirən və şirkətiniz üçün cəlbedici edən əsas iqtisadi, coğrafi və biznes amilləri hansılardır?
- Strateji coğrafi mövqeyi, genişlənən beynəlxalq nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də biznes, turizm və məsafədən işləmək üçün artan əhəmiyyəti baxımından Azərbaycanı xüsusilə perspektivli bazar hesab edirik. Bakı beynəlxalq şirkətlərin, investorların və sahibkarların diqqətini cəlb edən şəhərdir. Formula 1 və COP29 kimi böyük beynəlxalq tədbirlər isə Azərbaycanın qlobal miqyasda tanınmasına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib.
Bizi xüsusilə cəlb edən məqamlardan biri Azərbaycanda texnologiya şirkətləri və beynəlxalq investorlar üçün getdikcə daha əlverişli biznes mühitinin formalaşmasıdır. Hökumətin innovasiyalara verdiyi önəm son dövrlərdə həyata keçirilən islahatlarda, o cümlədən müvafiq şərtlərə cavab verən texnologiya parkı rezidentləri üçün 20 illik vergi güzəştlərinin tətbiqində özünü göstərir. Bu cür qabaqcıl təşəbbüslər bizim kimi texnologiya yönümlü şirkətlər üçün ölkənizi xüsusilə cəlbedici edir.
Maraq göstərdiyimiz digər istiqamət Bakının rəqəmsal köçərilər (digital nomads) və iş yerindən asılı olmayaraq fəaliyyət göstərən peşəkarlar üçün cəlbedici məkana çevrilmək potensialıdır. Azərbaycan hökuməti də bu imkanları nəzərə alaraq, 2026–2030-cu illər üzrə turizmin inkişafı proqramı çərçivəsində rəqəmsal köçərilər üçün xüsusi viza tətbiqini nəzərdə tutur. İnanırıq ki, bu təşəbbüs uzunmüddətli yerləşmə xidmətlərinə tələbatın artmasında getdikcə daha mühüm rol oynaya bilər. Məhz “estaie” bu bazarın ehtiyaclarını qarşılamaq məqsədilə yaradılıb.
Strateji coğrafi mövqeyi, genişlənən beynəlxalq nəqliyyat və kommunikasiya əlaqələri,
eləcə də biznes, turizm və məsafədən işləmək üçün artan əhəmiyyəti baxımından Azərbaycanı xüsusilə perspektivli bazar hesab edirik
- “estaie” Azərbaycanda fəaliyyətini hansı istiqamətlər üzrə genişləndirməyi planlaşdırır? Ölkəmizdə ilkin mərhələdə hansı imkanları dəyərləndirirsiniz və yaxın illərdə bazarda hansı hədəflərə çatmağı düşünürsünüz?
- İlkin mərhələdə əsas diqqətimizi Azərbaycanın biznes, investisiya və turizm mərkəzi olan Bakıya yönəltmişik. Paytaxtda artan beynəlxalq işgüzar fəallıq, xarici investorların iştirakı və turizm axını uzunmüddətli yerləşmə xidmətləri üçün əhəmiyyətli bazar potensialı yaradır. Xüsusilə Azərbaycana işgüzar səfər edən mütəxəssislər, xarici investorlar, ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlərin əməkdaşları və uzunmüddətli qalan turistlər əsas hədəf auditoriyamızdır.
Azərbaycan bazarında fəaliyyətimizi genişləndirmək üçün yerli hotellər, xidmət göstərilən mənzillərin operatorları və daşınmaz əmlakın idarə edilməsi şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırırıq. Bu tərəfdaşlıqlar yerli yerləşmə sektorunun beynəlxalq müştərilərə çıxışını genişləndirməklə yanaşı, turizm və xidmət sektoruna əlavə iqtisadi dəyər qazandıra bilər. Texnologiya əsaslı biznes modelimiz isə fiziki daşınmaz əmlaka investisiya qoymadan bazarda genişlənməyə imkan verir.
Gələcəkdə Bakı ilə yanaşı, turizm, investisiya və işgüzar fəallıq baxımından potensialı yüksək olan digər Azərbaycan şəhərlərində də fəaliyyət imkanlarını araşdırmaq niyyətindəyik. Məqsədimiz yerli bizneslə beynəlxalq bazarlar arasında əlaqələri gücləndirmək və Azərbaycanın yerləşmə sektorunun inkişafına töhfə verməkdir.
- Masa üzərində Azərbaycana investisiya yatırmaq planlarınız varmı?
- Xüsusilə texnologiya əsaslı qonaqpərvərlik xidmətləri və yerləşmə obyektlərinin bron edilməsini dəstəkləyən rəqəmsal infrastruktur baxımından ölkənizi investisiya potensialına malik bazar hesab edirik.
İnanırıq ki, Azərbaycan beynəlxalq fəaliyyət şəbəkəmizdə mühüm bazarlardan birinə çevrilə bilər. Burada dayanıqlı kommersiya tərəfdaşlıqları qurmaq və uzunmüddətli dəyər yaratmaq imkanları gördüyümüz istiqamətlərə resurs yatırmaqda maraqlıyıq.
Texnologiya əsaslı biznes modelimiz
fiziki daşınmaz əmlaka investisiya qoymadan bazarda genişlənməyə imkan verir
- Bəs, Azərbaycan bazarında mövqelərinizi genişləndirmək üçün yerli şirkətlərlə əməkdaşlıq imkanlarını nəzərdən keçirirsizmi?
- Yerli tərəfdaşlıqlar bizim biznes modelimizin əsasını təşkil edir və Azərbaycan şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar görürük. Xüsusilə beynəlxalq müştəriləri cəlb etmək və uzunmüddətli yerləşmə xidmətlərinə tələbatı artırmaq istəyən hotellər, xidmət göstərilən mənzillərin operatorları, daşınmaz əmlakın idarə edilməsi şirkətləri və digər yerləşmə xidməti təminatçıları ilə əməkdaşlıqda maraqlıyıq. “estaie” bu müəssisələr üçün əlavə satış və müştəri cəlbetmə kanalı rolunu oynaya bilər. Platformamız vasitəsilə onlar işgüzar səfərlərdə olan şəxslərə, başqa ölkəyə köçən peşəkarlara, beynəlxalq layihə komandalarına və ənənəvi üsullarla cəlb edilməsi çətin olan digər müştəri qruplarına çıxış əldə edə bilərlər.
Bununla yanaşı, korporativ turizm agentlikləri, köçmə və yerləşmə xidmətləri üzrə ixtisaslaşmış şirkətlər, daşınmaz əmlak müəssisələri, eləcə də beynəlxalq nümayəndələr üçün yaşayış yeri təşkil edən şirkətlərlə əməkdaşlıq potensialı görürük.Ən vacib məqamlardan biri bu tərəfdaşlıqların qarşılıqlı fayda əsasında qurulmasıdır. Məqsədimiz yerli qonaqpərvərlik müəssisələrini əvəz etmək deyil, onların inkişafına və biznes imkanlarının genişlənməsinə kömək edəcək texnologiya, beynəlxalq müştəri bazasına çıxış və bron infrastrukturu təqdim etməkdir.
Azərbaycanın qonaqpərvərlik və daşınmaz əmlak sektorlarının uzunmüddətli inkişaf perspektivlərini müsbət qiymətləndiririk. Xüsusilə ölkənin beynəlxalq biznes və turizm istiqaməti kimi mövqeyini daha da gücləndirməsi bu sahələrdə yeni imkanlar yaradır.
- “estaie”nin Azərbaycanda fəaliyyətinin genişlənməsi yerli əmək bazarına necə təsir göstərə bilər? Şirkətin ölkəmizdəki fəaliyyəti yeni iş imkanlarının yaradılmasına və yerli mütəxəssislərin məşğulluğunun artmasına hansı töhfəni verə bilər?
- İnanırıq ki, texnologiya əsaslı bizneslər həm birbaşa, həm də dolayı yolla yerli məşğulluğun artmasına töhfə verə bilər. Azərbaycandakı fəaliyyətimiz genişləndikcə bu istiqamətdə imkanları dəstəkləməkdə maraqlıyıq.
Bununla belə, şirkətimizin ölkə iqtisadiyyatına potensial töhfəsi yalnız öz fəaliyyətimizlə məhdudlaşmır. Yerləşmə xidməti təminatçılarını daha geniş beynəlxalq müştəri bazası ilə əlaqələndirməklə hotellər, xidmət göstərilən mənzillərin operatorları, əmlak idarəetmə şirkətləri və bütövlükdə qonaqpərvərlik sektoru üçün əlavə biznes imkanları yarada bilərik. Yerləşmə xidmətlərinə tələbatın artması təmizlik, texniki xidmət, nəqliyyat, daşınmaz əmlakın idarə edilməsi və digər dəstəkləyici xidmətlər göstərən müəssisələr üçün də yeni imkanlar yarada bilər.
Uzunmüddətli hədəfimiz yerli biznesin inkişafına dəstək verən, azərbaycanlı mütəxəssislər üçün yeni imkanlar yaradan və ölkənin rəqəmsal iqtisadiyyatına töhfə verən fəaliyyət modeli formalaşdırmaqdır.
Beynəlxalq ziyarətçilər üçün Azərbaycanda yaşamaq və işləmək imkanlarını
asanlaşdırmaq, eyni zamanda yerli biznes subyektləri üçün
yeni kommersiya imkanları yaratmaq istəyirik
- Şirkətinizi qarşıdakı 3–5 ildə Azərbaycanda hansı miqyasda görmək istəyirsiniz? İstifadəçi sayının artırılması, yerli tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və bazardakı mövqeyinizin gücləndirilməsi istiqamətində konkret hədəfləriniz nələrdir?
- Qarşıdakı 3-5 il ərzində əsas məqsədimiz “estaie”ni Azərbaycanda uzunmüddətli yerləşmə xidmətləri üzrə tanınan və etibarlı platformaya çevirmək, eyni zamanda yerli qonaqpərvərlik və daşınmaz əmlak sektorunda güclü tərəfdaşlıq şəbəkəsi formalaşdırmaqdır. Biznesimizin miqyası genişləndikcə platformamızda təqdim olunan yerləşmə obyektlərinin çeşidini artırmağı, korporativ müştərilər və yerləşmə xidməti təminatçıları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyi, eləcə də Azərbaycana uzunmüddətli səfər edən beynəlxalq ziyarətçilərə xidmət göstərmək imkanlarımızı gücləndirməyi hədəfləyirik.
Azərbaycan hökuməti turizmlə bağlı əlavə dəyərin həcminin 2025-ci ildəki 6,96 milyard manatdan 2030-cu ilədək 12,17 milyard manata çatdırılması kimi iddialı hədəf müəyyən edib. Hesab edirik ki, texnoloji innovasiyalar və uzunmüddətli yerləşmə xidmətləri də daxil olmaqla, yeni yerləşmə imkanlarının inkişafı ölkənin bu hədəflərə çatmasında mühüm rol oynaya bilər.
Gələcəyə baxışımız daha inteqrasiya olunmuş və texnoloji baxımdan inkişaf etmiş uzunmüddətli yerləşmə bazarının formalaşmasına töhfə verməkdir. Bununla beynəlxalq ziyarətçilər üçün Azərbaycanda yaşamaq və işləmək imkanlarını asanlaşdırmaq, eyni zamanda yerli biznes subyektləri üçün yeni kommersiya imkanları yaratmaq istəyirik.
Faiq KƏRİMOĞLU
