Rüstəm Əliyev: “Yaşıl layihələr”in cəlbediciliyi artır” MÜSAHİBƏ
Dövlətin özəl biznesi dəstəkləmək üçün həyata keçirdiyi stimullaşdırıcı tədbirlər sahibkarları öz fəaliyyətlərini daha da genişləndirməyə, Qarabağın bərpası layihələrində iştiraka həvəsləndirir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpası və investisiya qoyuluşlarının sürətlənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu bölgədə fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizminin yaradılması isə bu stimulu daha da artırıb.
SİF-in Partnyorlarla iş şöbəsinin müdiri Rüstəm Əliyev sahibkarlara göstərilən dəstək, eləcə də işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə bağlı görülən tədbirlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu il elan edilmiş yeni prioritet istiqamətlər üzrə neçə layihənin maliyyələşdirilməsi üçün kredit ayrılıb və həcmi nə qədər olub?
- Məlum olduğu kimi, SİF-in Müşahidə Şurası hər il güzəştli kredit mexanizmi üzrə prioritet istiqamətlər müəyyənləşdirir və həmin vəsaitlər bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin layihələrinə yönləndirilir. 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə isə artıq 2744 layihə maliyyələşdirilib. Cari ilin 6 ayı ərzində həmin layihələrə Fond tərəfindən 102,7 milyon manat güzəştli kredit verilib.
- Sahibkarlar daha çox hansı istiqamətlər üzrə “yaşıl layihələr”in maliyyələşdirilməsi üçün müraciət edirlər?
- “Yaşıl layihələr” sahibkarlarımız üçün yeni istiqamət hesab olunur. Sözügedən sahənin kommersiya məqsədini kənara qoysaq, dünya gündəmini məşğul edən qlobal ekoloji çağırışlar hər birimizi bu problemin həlli istiqamətində məsuliyyəti dərk etməyi zəruri edir. Bundan başqa, tullantıların təkrar istehsalı, bərpaolunan enerji mənbələri hesabına istehsal və ya emal müəssisələrinin fəaliyyət göstərmələri, elektrik avtomobillərindən istifadənin stimullaşdırılması məqsədilə şarj dayanacaqlarının yaradılması kimi bir sıra faktorlar “yaşıl layihələr”in cəlbediciliyini artırır.
Xatırladım ki, SİF 2023-cü ildən etibarən “yaşıl layihələr”i güzəşli kreditlərlə təmin edir. Ötən il ərzində iki belə layihə güzəştli kreditdən yararlandığı halda, bu ilin 6 ayı ərzində daha iki “yaşıl layihə”yə güzəştli kredit verilib. Həmin layihələrdən biri elektrik avtomobilləri üçün şarj stansiyalarının yaradılması, 3-ü isə tullantıların təkrar istehsalı ilə bağlıdır. Qeyd edim ki, “yaşıl layihə”lərlə bağlı indiyədək daxil olan müraciətlərə Fond tərəfindən imtina cavabı verilməyib.
2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə isə artıq
2744 layihə maliyyələşdirilib. Cari ilin 6 ayı ərzində həmin
layihələrə Fond tərəfindən 102,7 milyon manat güzəştli kredit verilib
- Ümumilikdə bu il ərzində güzəştli kredit verilən layihələr daha çox hansı sahələr və regionlar üzrə olub?
- Biz sahibkarları dövlətin güzəştli maliyyə vəsaitləri ilə təmin etmək və iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində çalışırıq. Buna görə də sahibkarların müraciətlərinə həssas yanaşır, onlarla ünsiyyətimizi artırırıq. Güzəştli kreditin az verildiyi regionlarda maarifləndirici tədbirlər keçirir, kreditlərdən yararlanarkən sahibkarların qarşılaşdıqları problemləri öyrənirik. Bununla yanaşı, Fondun müvəkkil kredit təşkilatları ilə sıx əməkdaşlıq edərək, sahibkarların güzəştli kreditlərdən yararlanması üçün birgə səylərimizi artırırıq. Bütün bunların nəticəsi olaraq, bu ilin ilk yarımili ərzində verilmiş kreditlərin 95,4%-i məhz regionların payına düşüb. İqtisadiyyatın müxtəlif sahələrinə verilən güzəştli kreditlərin məbləğ üzrə bölgüsündə isə 60,2% kənd təsərrüfatının, 31,7% sənayenin (o cümlədən kənd təsərrüfatı məhsullarının emalı), 6% xidmət sahələrinin, 1,9% turizmin, 0,3% isə digər sahələrin payına düşüb.
- İndiyədək işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə neçə layihə üzrə və nə qədər güzəştli kredit verilib?
- Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara SİF tərəfindən iki mexanizm üzrə dəstək göstərilir. Bunlardan biri Fondun ənənəvi məhsulu hesab edilən və respublikanın bütün regionlarını əhatə edən güzəştli kreditlərin verilməsidir. Digər mexanizm isə bu ilin fevral ayının 2-dən etibarən işə salınmış, sırf işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların kommersiya banklarından əldə etdikləri biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasını nəzərdə tutan “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmidir. Güzəştli kredit mexanizmi üzrə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 9 layihəyə ümumilikdə 20,3 milyon manat güzəştli kredit verilib. Zəmanət və subsidiya mexanizmi üzrə isə 2 sahibkarlıq subyektinin banklardan aldığı kreditlərin 90% hissəsinə dövlət zəmanətinin verilməsi təmin edilib. Artıq bu layihələrdən biri üzrə əldə olunan kreditin faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılmasına başlanılıb.
Bu ilin ilk yarımili ərzində verilmiş kreditlərin 95,4%-i məhz regionların payına düşüb
- Bildiyimiz kimi, Fonda və ya müvəkkil kredit təşkilatlarına yaxınlaşmadan “Elektron kredit və zəmanət” informasiya sistemi vasitəsilə onlayn qaydada kredit almaq üçün imkan yaradılır. Sizcə, sahibkarlar nə vaxt bu sistemdən istifadə etməklə kredit ala biləcəklər?
- Əslində, elektron qaydada kredit vermək Fondun ilk təcrübəsi deyil. Xatırlayırsınızsa, koronavirus pandemiyasından əziyyət çəkən sahibkarlıq subyektlərinə 2020-ci ilin iyul ayından etibarən elektron kredit platforması vasitəsilə 2630 layihəyə 499,8 milyon manat zəmanətli kredit verilmişdi. Bu ilin fevral ayından etibarən isə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində zəmanət və subsidiyadan yararlanmaq istəyən sahibkarlar üçün “Elektron kredit və zəmanət” informasiya sistemi istifadəyə verilib. Bu sistem sahibkarlara heç bir kredit təşkilatına, filiala və ya hansısa orqana yaxınlaşmadan, istənilən brauzer üzərindən müraciət etmək və müraciətlərinin statusunu izləmək imkanı yaradır.
- Sahibkarlar üçün güzəştli maliyyə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə daha hansı işlərin görülməsi nəzərdə tutulur?
- Hazırda SİF-in vəsaiti hesabına güzəştli kreditlərin verilməsi üçün müraciətlərin elektronlaşdırılması üzrə işlər həyata keçirilir. Məqsədimiz sahibkarlarımızın heç bir maneə və çətinliklə qarşılaşmadan dövlətin güzəştli vəsaitlərindən yararlanmasını təmin etməkdir. Hesab edirik ki, bu məqsədə nail olmaq istiqamətində müraciətlərin elektronlaşdırılması əhəmiyyətli rol oynayacaq. Ümid edirik ki, hər il olduğu kimi, bu il də Fondun maliyyə mexanizmlərindən yararlanan sahibkarların öz bizneslərini inkişaf etdirmələrinə nail olacağıq.
İlhamə İSABALAYEVA