23 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pərakəndə ticarətdə gəlir və xərclərin hesablanması

Mövcud qanunvericiliyə əsasən, pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludurlar. Bu zaman vergi ödəyicisi tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməli və həmin fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçotunu təmin etməlidir.

Bəs pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin gəlirləri və xərcləri necə müəyyən edilir?

Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi dövlət başçısının 2017-ci il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası"nda göstərilən tələblər əsasında aparılır. Bu hüquqi-normativ akta əsasən, pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin malları sözügedən qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi dövriyyə həmin fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. Belə vergi ödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) pərakəndə ticarət fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aiddir.

Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı iki metodla – kassa və ya hesablama metodundan istifadə edilməklə müəyyən olunur. Vergi Məcəlləsinin 132-ci maddəsi kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtını nəzərdə tutur. Həmin maddəyə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda), öhdəliyin ləğv olunduğu və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır.

Gəlirin əldə edilmə vaxtı iki metodla – kassa və ya hesablama
metodundan istifadə olunmaqla müəyyən edilir

Məcəllənin hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtını müəyyən edən 135-ci maddəsində deyilir ki, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetiribsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ varsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.

Vergitutma məqsədləri üçün xərclərin çəkilmə vaxtı Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə müəyyən edilir. Belə ki, vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqında tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt hesab olunur. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və s.), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Ekspert Altay Cəfərov mövzunu "vergiler.az"a şərh edərkən bildirib ki, mühasibat uçotunda yalnız hesablama metodundan istifadə edilir. Vergi Məcəlləsinin həm də kassa metodundan yararlanmağa imkan verməsinə baxmayaraq, pərakəndə ticarət sektorunda, bir qayda olaraq, hesablama metodundan istifadə edilir. Onun sözlərinə görə, gəlir və xərclərin hesablama metodu ilə müəyyən edilməsi pərakəndə ticarətlə məşğul olanlar üçün daha sadədir:

"Çünki mal anbara daxil olarkən, pulun ödənilib-ödənilməməsindən asılı olmayaraq, uçota alınır. Mal satılırsa, satışa görə ödəniş olub-olmadığından asılı olmayaraq, gəlir kimi tanınır. Amma kassa metodu ilə hesablama bir qədər fərqlidir. Məsələn, 1.000 manatlıq karamel alınıb, lakin hələ 500 manatı ödənilib. Bundan əlavə, 300 manat nəqliyyat xərci ödənilməyib, amma 100 manat gömrük xərci və 100 manat da digər xərcləri ödənilib. Kassa metoduna əsasən, 300 manat nəqliyyat xərci ödənişi yerinə yetirilmədiyi üçün bu məbləğ xərcə daxil edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən, ehtiyatların uçotu zamanı xərclər maya dəyərinə daxil edilməlidir. Göründüyü kimi, kassa metodunda vergi uçotu baxımından müəyyən çətinliklər yaranır. Belə hallara görə mühasiblərin çoxu hesablama metoduna daha çox üstünlük verirlər".

Elxan SALAHOV

Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması