Fatimə Tuz Zəhra: “Dövlət dəstəyi və stimulları Azərbaycanın investorlar üçün cəlbediciliyini daha da artırır” MÜSAHİBƏ
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu bir daha təsdiqləyir. Xüsusilə son illər hökumətin iqlim dəyişikliyi, davamlı inkişaf və ekologiya məsələlərinə xüsusi diqqət yetirməsi beynəlxalq səviyyədə ölkəmizin cəlbediciliyini xeyli artırıb.
Mövzu ilə bağlı “vergiler.az”ın suallarını yaşıl enerji üzrə ekspert, “Gulf Observer” media qurumunun baş redaktoru Fatimə Tuz Zəhra cavablandırır.
- Bakı bu ilin sonunda COP29-a ev sahibliyi edəcək. Sizcə, bu hadisə təmiz enerjinin inkişafına necə töhfə verəcək?
- COP29 iqlim dəyişikliyi ilə bağlı artan çağırışları həll etmək üçün qlobal ictimaiyyət üçün çox önəmli bir platformadır. Bu gün dünyada irimiqyaslı iqlim layihələrinə maliyyə ehtiyacı artmaqda davam edir. Bu baxımdan, ölkələr iqlim dəyişikliyinin azaldılması, uyğunlaşma və dayanıqlılıq da daxil olmaqla müxtəlif sektorlarda əhəmiyyətli maliyyə dəstəyinin tərəfdarıdırlar. Xüsusilə 100 milyard dollarlıq fond vədləri maliyyə qərarlarının aktuallığını gündəmə gətirir.
- Sizcə, Azərbaycan bu maliyyə qərarlarının həyata keçirilməsinə necə kömək edə bilər?
- Xatırlayırsınızsa, bu il mayın 1-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev iqlim problemlərinin həllində maliyyə resurslarının əsas rolunu vurğuladı və qlobal iqlim məqsədlərinə nail olmaq üçün adekvat maliyyələşdirmənin təmin edilməsinin vacibliyini qeyd etdi. Mayın 13-də keçirilən seminarda isə COP29-un regional koordinatoru və BMT-nin İnkişaf Proqramının nümayəndəsi Nuri Özbağdati iqlimin maliyyələşdirilməsinə təcili ehtiyac olduğunu bir daha təkrarladı. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də maliyyə nazirləri koalisiyasının 18 aprel 2024-cü il tarixli 11-ci iclasında COP29-un uğurunu təmin etmək üçün ölkələri iqlim dəyişikliyi ilə mübarizə üzrə koalisiya çərçivəsində əməkdaşlığa çağırıb. Qeyd edim ki, bu koalisiyaya 100-ə yaxın ölkə, Dünya Bankı və BMT agentlikləri kimi qlobal qurumlar daxildir.
COP29 iqlim dəyişikliyi ilə bağlı artan çağırışları həll etmək üçün
qlobal ictimaiyyət üçün çox önəmli bir platformadır
- Bərpaolunan enerji mənbələri sahəsinə investisiya qoyuluşu baxımından ölkəmiz üçün hansı perspektivlər var?
- Azərbaycanın zəngin külək və günəş resursları təmiz enerjidən faydalanmaq istəyən xarici investorlar üçün cəlbedici imkan yaradır. Bu resursların mövcudluğu sabit və fasiləsiz enerji təchizatını təmin edir ki, bu da investisiyaların cəlbediciliyini artırır. Bunun üçün isə regiondakı mövcud sabitlik uzunmüddətli layihələr qurmaq istəyən investorlar üçün çox önəmlidir. Bundan başqa, Azərbaycanda və ətraf bölgələrdə bərpaolunan enerjiyə artan tələbat bazarı genişləndirmək üçün ideal imkan yaradır. Ölkənizlə tərəfdaşlıq edən xarici şirkətlər bu artan tələbdən yaralanmaqla bərpaolunan enerji bazarında iştiraklarını gücləndirə, bununla da perspektivli və genişlənən sektora çıxış əldə edə bilərlər.
Dövlət dəstəyi və stimulları Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini daha da artırır. Hökumət bərpaolunan enerjiyə investisiya cəlb etmək üçün əlverişli tənzimləmə mühiti, vergi güzəştləri və müxtəlif maliyyə stimulları təqdim edir. Bütün bunlar ölkədə investisiya mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, xarici şirkətlər üçün cəlbedici edir. Bundan əlavə, Azərbaycan hökuməti xarici şirkətlərlə birgə tədqiqat və inkişaf təşəbbüslərini dəstəkləyir, innovasiya və bilik mübadiləsini təşviq edir. Bu strateji tərəfdaşlıq vasitəsilə Azərbaycan kapitala, texnologiyaya və təcrübəyə çıxış əldə edir, xarici investorlar isə zəngin təbii ehtiyatlara və güclü dövlət dəstəyinə malik perspektivli bazardan faydalanırlar.
Azərbaycanın zəngin külək və günəş resursları təmiz enerjidən
faydalanmaq istəyən xarici investorlar üçün cəlbedici imkan yaradır
- 2023-cü ildə Dubayda keçirilən COP28-də hansı mühüm qərarlar qəbul edildi?
- COP28-un yekunu iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə dönüş nöqtəsi olmaqla, qalıq yanacaq dövrünün “sonunun başlanğıcı”na işarə edir. Bu saziş emissiyaların əhəmiyyətli dərəcədə azaldılması və artan maliyyə öhdəlikləri ilə dəstəklənən qalıq yanacaqlardan sürətli keçid üçün zəmin yaradır.
200-ə yaxın ölkədən ekspertlər onilliyin sonuna qədər iqlim dəyişikliyi ilə bağlı tədbirlərin sürətləndirilməsinə yönəlmiş dünyada ilk sənədi qəbul etmək üçün Dubayda toplaşdılar. Əsas məqsəd daha dərin iqlim fəaliyyətinə kollektiv öhdəliyi nümayiş etdirərək qlobal temperatur artımını 1,5°C-dək saxlamaqdır. Bununla belə, hesablamalar göstərir ki, tərəflər hazırda Paris sazişinin məqsədlərinə çatmaqda geri qalırlar. Xatırladım ki, bu saziş 2030-cu ilə qədər qlobal bərpaolunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin iki dəfə artırılmasını və səmərəsiz qalıq yanacaq subsidiyalarının ləğvini ehtiva edir.
- Bakıda keçiriləcək COP29-un uğuru nədən asılı olacaq?
- COP29 qlobal istiləşməni məhdudlaşdırmaq, iqlim dəyişikliyinə uyğunlaşmanı gücləndirmək və bu təşəbbüslər üçün lazımi maliyyəni səfərbər etmək səylərinə diqqət yetirərək Paris sazişinin məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edəcək. Gündəliyin əsasını 2025-ci ilə qədər davam edən cari 100 milyard dollarlıq illik öhdəliyi əvəz etmək üçün yeni kollektiv maliyyə məqsədi üzrə danışıqlar təşkil edəcək. Bu yeni maliyyənin məqsədi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını daha yaxşı ödəmək və əvvəlki hədəfin çatışmazlıqlarını aradan qaldırmaq üçün qlobal maliyyə sisteminin müxtəlif aspektlərini inteqrasiya etməkdir. COP29 inkişaf etməkdə olan ölkələrin iqlim ehtiyaclarının tanınmasını təmin edən qlobal maliyyə nizamlanmasına doğru yol cızmaqla əhəmiyyətli irəliləyiş əldə etmək potensialına malikdir. Bu baxımdan, COP29-un uğuru əsasən iştirakçı ölkələrin iqlim dəyişikliyinin azaldılması və bütün dünyada uyğunlaşma səylərini adekvat şəkildə dəstəkləyəcək güclü maliyyə çərçivəsi yaratmaq bacarığından asılı olacaq.
COP29 inkişaf etməkdə olan ölkələrin iqlim ehtiyaclarının tanınmasını
təmin edən qlobal maliyyə nizamlanmasına doğru yol
cızmaqla əhəmiyyətli irəliləyiş əldə etmək potensialına malikdir
- Azərbaycanda alternativ enerjinin perspektivləri barədə nə deyə bilərsiniz?
- Azərbaycanın əhəmiyyətli bərpaolunan enerji potensialı var: texniki gücü quruda 135 GVt, dənizdə isə 157 GVt təşkil edir və iqtisadi cəhətdən səmərəli potensial 27 GVt səviyyəsində qiymətləndirilir. Buraya günəş enerjisindən (23,000 MVt) və külək enerjisindən (3,000 MVt) əhəmiyyətli resurslar, həmçinin daha kiçik bioenerji və dağ çaylarının hidroenergetika imkanları daxildir.
Zəngin qalıq yanacaq ehtiyatlarına və qlobal enerji ixracatçısı statusuna baxmayaraq, Azərbaycan strateji baxımdan bərpaolunan enerji mənbələrinin inkişafına və inteqrasiyasına üstünlük verir. Bu yanaşma Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas elementidir, enerji kompleksinin şaxələndirilməsi və davamlılığın artırılması üzrə daha geniş öhdəliyi əks etdirir.
- Ölkənin yaşıl iqtisadiyyatını inkişaf etdirmək üçün daha nə kimi addımlar atılmalıdır?
- 2020-ci ildə Azərbaycanda Bərpa Olunan Enerji Agentliyinin yaradılması, elektrik enerjisi istehsalında alternativ enerji mənbələrindən istifadənin qanunvericilik bazasının formalaşdırılması, ölkənin davamlı bərpaolunan enerji sektorunun inkişafına sadiqliyi artıq heç kimdə şübhə doğurmur. Bu təşəbbüslər iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjinin inteqrasiyasına xüsusi önəm verən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri”ndə yer alan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” məqsədlərinə uyğundur. Bu səylərin bir hissəsi kimi, ölkə BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün bərpaolunan enerji potensialı ilə zəngin sahələri müəyyənləşdirir və prioritetləşdirir. Hazırda Azərbaycanda bərpaolunan enerji mənbələrinin gücü 1687,8 MVt-dır ki, bu da 8320,8 MVt ümumi elektrik enerjisi istehsal gücünün 20,3%-ni təşkil edir. Bu fakt əhəmiyyətli irəliləyişləri nümayiş etdirir, eyni zamanda bərpaolunan enerji sektorunda artım üçün münbit imkanlara işarə edir.
Zəngin qalıq yanacaq ehtiyatlarına və qlobal enerji ixracatçısı
statusuna baxmayaraq, Azərbaycan strateji baxımdan bərpaolunan
enerji mənbələrinin inkişafına və inteqrasiyasına üstünlük verir
- Bildiyiniz kimi, hazırda ölkəmiz Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi” layihəsinə ciddi diqqət ayırır. Bu istiqamətdə gələcək əməkdaşlığı necə görürsünüz?
- Bu layihə regional enerji inteqrasiyası və davamlılıq sahəsində mühüm addımdır. Əsas məqsəd Xəzər dənizi sahili boyunca quruda və dənizdə külək stansiyaları, eləcə də günəş enerjisi vasitəsilə Azərbaycanın nəhəng bərpaolunan enerji potensialından səmərəli istifadə etməkdir. İstehsal olunan yaşıl enerji Qara dənizin dibi ilə 1200 kilometrlik sualtı kabel vasitəsilə Avropaya ixrac ediləcək. Bu addım hazırda təbii qaz və kömürdən xeyli asılı olan Şərqi və Mərkəzi Avropa ölkələri üçün yeni dayanıqlı enerji mənbəyi təmin edəcək. Azərbaycanın bu təşəbbüsü 25 iyul 2023-cü ildə Buxarestdə imzalanmış Anlaşma Memorandumu ilə dəstəklənir və dörd ölkənin milli şəbəkə operatorları tərəfindən birgə koordinasiyanı nəzərdə tutur.
Tamilla MƏMMƏDOVA