15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nik Mediç: “Azərbaycanın külək enerjisi üzrə əhəmiyyətli potensialı var” MÜSAHİBƏ

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt-dır. Neft-qaz resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Britaniyalı mütəxəssis, bərpa olunan enerji üzrə ekspert Nik Mediç mövzu ilə bağlı “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının suallarını cavablandırır:
 

- Cənab Mediç, bildiyiniz kimi, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Qarşıdan gələn bu beynəlxalq tədbirdən gözləntiniz nədən ibarətdir?

- COP29 Paris Sazişi çərçivəsində irəliləyişləri nəzərdən keçirmək və qlobal temperatur artımını məhdudlaşdıra biləcək stimullaşdırıcı tədbirləri gücləndirmək imkanı verəcək. Praktiki baxımdan götürsək, keçən il Dubayda keçirilmiş COP28 konfransının əsas nəticələri yaxşı göstəricidir. Bunlara davamlılığı artırmaq üçün qlobal səylər, iqlim fəaliyyətini təbiətin mühafizəsi ilə əlaqələndirmək, praktiki iqlim həllərini genişləndirmək, şəffaf hesabat və təhlil alətlərini əhatə edən perspektiv daxildir.

COP28 bərpa olunan enerjiyə sürətli və ədalətli keçidin əsasını qoyaraq, qalıq yanacaq dövrünün “sonunun başlanğıcını” göstərən bir razılaşma ilə yekunlaşdı. Yekun sənəddə, həmçinin, qısamüddətli perspektivdə tərəflərdən iqtisadi miqyasda emissiyaların azaldılması ilə bağlı iddialı hədəflər irəli sürməsi xahiş olundu.

Növbəti addımlar üç əsas sahəyə yönəldilməlidir: maliyyə dəstəyi,
ətraf mühitin mühafizəsi, davamlı inkişaf və texnoloji inteqrasiya

- Təmiz hidrogenin qəbulunu genişləndirmək, biokütlədən və bərpa olunan enerjidən davamlı istifadəni sürətləndirmək üçün daha hansı addımlar atılmalıdır?

- Növbəti addımlar üç əsas sahəyə yönəldilməlidir: maliyyə dəstəyi, ətraf mühitin mühafizəsi, davamlı inkişaf və texnoloji inteqrasiya. Bərpa olunan enerji mənbələrinə maliyyə dəstəyi üç əsas istiqaməti əhatə etməlidir. Bunlardan biri karbonsuz enerji sistemlərinin qurulması üzrə sənayeləşmiş aparıcı ölkələrin inkişaf etməkdə olan ölkələrə adekvat dəstəyinin təmin edilməsidir. İkincisi, aşağı karbon texnologiyaları üzrə gələcək tədqiqat və inkişaf üçün maliyyənin ayrılmasıdır. Nəhayət, enerji icmaları və ev təsərrüfatları səviyyəsində bərpa olunan enerjinin qəbulu kimi maliyyələşdirmə təşəbbüsləri mühüm rol oynayır. Ətraf mühitin mühafizəsi və davamlılığına gəlincə, aydındır ki, enerji keçidi ekoloji standartlara xüsusi diqqətlə yanaşılmaqla, sosial ənənələr nəzərə alınmaqla həyata keçirilməlidir.

Məsələn, biokütlənin inkişafında mühüm məsələ qida istehsalı üçün lazım olan torpaq ehtiyatlarının qorunmasıdır. Eyni zamanda, texnologiya inteqrasiyasına baxmalıyıq: bərpa olunan texnologiyalar hidrogen kimi enerjisaxlama həllərindən istifadə etməklə necə optimallaşdırıla və ultra ağıllı şəbəkələr vasitəsilə ixrac edilə bilər... Optimallaşdırma enerjidən rasional və səmərəli istifadəni də əhatə edir. Bütün bu addımlar həyata keçirildikdən sonra biz Paris Sazişinin məqsədlərinə nail ola biləcəyik.

- Azərbaycan qlobal “yaşıl” gündəliyin həyata keçirilməsinə hansı töhfəni verə bilər?

- COP29 ərəfəsində Azərbaycan artıq bir sıra diqqətəlayiq və müsbət qarşılanan yanaşmalar sərgiləyib. Məsələn, mart ayında Bakı Qlobal Metan Sazişinə qoşulub. İqlim dəyişikliyinə gəldikdə, bir çox mütəxəssislər CO2 emissiyaları haqqında danışır, lakin metan əslində bir istixana qazıdır, karbon dioksiddən daha güclüdür, buna görə də metan emissiyalarını məhdudlaşdırmaq üçün tədbirlərin görülməsi çox vacibdir. “Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizindən də söhbət gedir ki, bu da super şəbəkənin gözəl nümunəsidir. Bu cür texnoloji həllər bərpa olunan enerji istehsalı sistemlərinin optimallaşdırılması üçün çox vacibdir. Beləliklə, Azərbaycan qlobal miqyasda istixana qazlarının əsas emitenti olmasa da, bəzi sahələrdə nümunəvi lider rolunu oynayır.

COP29 ərəfəsində Azərbaycan artıq bir sıra diqqətəlayiq
və müsbət qarşılanan yanaşmalar sərgiləyib

- Alternativ enerji resurslarının inkişafı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

- Alternativ enerji resursları layihələrinin bazara daxil olması və inkişafı iqtisadiyyata yalnız müsbət təsir göstərə bilər. Bu təsir investisiyaların artırılması, yüksəkixtisaslı iş yerlərinin yaradılması, daha şaxələndirilmiş və dayanıqlı enerji sistemləri və enerji ixracının artması kimi bir sıra fərqli aspektlərə malik olacaq. Bütün bunlar emissiyaların azaldılması və davamlı inkişaf nümunəsinə çevrilməsi ilə paralel gedəcək.

- Sizcə, biznes sektoru alternativ enerji mənbələrindən necə faydalana bilər?

- Bu, çox maraqlı məsələdir, çünki o, bərpa olunan enerjini fərdi enerji istehlakçısı səviyyəsinə çatdırır, enerjidən səmərəli istifadəni və ekoloji düşüncəni təşviq edir. Bu, şirkət və onun işçiləri üçün faydalıdır. Bundan əlavə, müəssisələr öz emissiyalarına və enerji sabitliyinə diqqət yetirdikdə enerji sisteminin daha geniş faydalarından yararlana biləcəklər.

Azərbaycan qlobal miqyasda istixana qazlarının əsas emitenti
olmasa da, bəzi sahələrdə nümunəvi lider rolunu oynayır

- Ölkəmiz yaşıl enerjiyə keçiddə Cənubi Qafqazda lider mövqedədir. Böyük Britaniya və Azərbaycan bu istiqamətdə necə əməkdaşlıq edə bilər?

- Hesab edirəm ki, Azərbaycan və Böyük Britaniya arasında dəniz külək enerjisi sektoru sahəsində əməkdaşlıq böyük fayda verə bilər. Britaniyalılar bu texnologiya üzrə dünyada liderlik edirlər. Hazırda Böyük Britaniya sularında fəaliyyət göstərən və ya tikilməkdə olan 50 dəniz külək stansiyası var. Bu texnologiya ölkənin elektrik enerjisinin təxminən 15%-ni təmin edir. Orada hər hansı digər Avropa ölkəsindən daha çox dəniz külək turbinləri mövcuddur, bu sektorun uğuruna töhfə verən bir çox mütəxəssis və agentliklər fəaliyyət göstərir. Digər tərəfdən, Xəzər dənizində Azərbaycanın külək enerjisi üzrə əhəmiyyətli potensialı var, ona görə də iki ölkə arasında bu sahədə əməkdaşlıq çox vacib olardı.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?