Əhsən Həmid Durrani: “Azərbaycan qlobal yaşıl gündəmə əhəmiyyətli töhfə verə bilər” MÜSAHİBƏ
Pakistan və Azərbaycan arasındakı qlobal və regional məsələlərlə bağlı əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xüsusilə, sosial və iqtisadi sahədə Azərbaycan və Pakistan arasında son illər yüksək dinamika müşahidə olunur. Bütün sahələrdə hər iki ölkə qarşılıqlı etibarlı tərəfdaşlıqda maraqlıdır.
Azərbaycan və Pakistan arasında əməkdaşlığın əsas istiqamətləri ilə bağlı "vergiler.az"ın suallarını pakistanlı ekspert, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Əhsən Həmid Durrani cavablandırır:
- Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların müəyyən edilməsində mühüm rol oynayacaq. Konfransın gündəliyində əsasən hansı məsələlərin müzakirə olunmasını zəruri hesab edirsiniz?
- COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı kursun müəyyənləşdirilməsi üçün dönüş nöqtəsidir. Azərbaycanın bu meqakonfransa hazırlığı təqdirəlayiqdir. Konkret icra planları ilə yanaşı, əsrin ortalarına qədər xalis sıfır emissiyaya nail olmaq üçün milli öhdəliklərin gücləndirilməsinə dair müzakirələr konfransın əsasını təşkil edəcək. Bu keçid üçün tələb olunan külli miqdarda sərmayənin təmin edilməsi başqa bir əsas məsələ olacaqdır. Eyni zamanda, inkişaf etmiş ölkələrin iqlimin maliyyələşdirilməsi üzrə öhdəliklərinin icrası və özəl sektorun iştirakını cəlb etmək üçün innovativ mexanizmlərin təşviqi müzakirə olunacaq.
COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə
daha iddialı kursun müəyyənləşdirilməsi üçün dönüş nöqtəsidir
Bundan əlavə, həssas icmalar üzərindəki yükləri minimuma endirməklə yanaşı, yeni imkanlar yaradan ədalətli keçidin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Nəhayət, COP29 texnoloji innovasiyaları sürətləndirmək, təmiz texnologiyaların tədqiqatı, inkişafı və tətbiqi üzrə əməkdaşlığı təşviq etmək üçün platforma rolunu oynayacaq.
- Azərbaycan qlobal yaşıl gündəliyin həyata keçirilməsinə hansı töhfəni verə bilər və bu baxımdan ölkəmizdə yaşıl enerjinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Azərbaycan Avropa ilə Asiya arasında yerləşən ölkə olaraq qlobal yaşıl gündəmdə özünəməxsus rol oynayır. Günəş elektrik stansiyalarına investisiyalar kimi mövcud yaşıl enerji təşəbbüsləri müsbət addımlar olsa da, həqiqi davamlılığa nail olmaq çoxyönlü yanaşma tələb edir.
Azərbaycan əsas diqqəti bərpa olunan enerji hədəflərinə yönəltmək, bütün sektorlarda enerji səmərəliliyi tədbirlərini həyata keçirmək və təmiz texnologiyalara əlavə investisiya cəlb etməklə qlobal yaşıl gündəmə əhəmiyyətli töhfə verir. Bu kompleks yanaşma ölkənizin regionda yaşıl iqtisadiyyata keçiddə lider kimi mövqeyini gücləndirəcək. Bu yaxınlarda Avropa İttifaqı (Aİ) Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası zamanı bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlığı intensivləşdirib. Bu, çox mühüm addımdır.
- Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin ən mühüm komponentlərindən biridir. Bu sahədə ölkələrimizin əldə etdiyi nailiyyətləri necə dəyərləndirmək olar?
- Azərbaycanın Dövlət Neft Şirkəti tərəfindən Pakistan İslam Respublikasına mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün bərpası və müvafiq sahələrə, o cümlədən enerji və informasiya texnologiyalarına qarşılıqlı sərmayələr yatırılması hər iki ölkənin iqtisadiyyatını gücləndirir və iki qardaş dövlət arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsinə kömək edir.
Azərbaycan Avropa ilə Asiya arasında yerləşən ölkə olaraq
qlobal yaşıl gündəmdə özünəməxsus rol oynayır
2017-ci il fevralın 28-də İslamabadda Azərbaycan Respublikası və Pakistan İslam Respublikası rəhbərlərinin iştirakı ilə enerji sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Saziş imzalanıb. İdeya iqtisadi sahədə əməkdaşlığı artırmaqla strateji tərəfdaşlıqda olan ölkələri bir-birinə daha da yaxınlaşdırmaq idi.
24 iyul 2023-cü il tarixində Pakistanın Lahor şəhərində Azərbaycan Respublikasının “SOCAR Trading” şirkəti ilə “Pakistan LNG Limited” (PLL) şirkəti arasında mayeləşdirilmiş təbii qazın alınmasına dair çərçivə sazişi imzalanıb. Bu addım da qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açıb.
24 noyabr 2023-cü il tarixində Pakistan İslam Respublikası Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi hökumətlərarası saziş əsasında Azərbaycan Respublikasından 220 min ton (85 milyon ABŞ dolları dəyərində) karbamid idxalı barədə qərar qəbul edib. Azərbaycanın Pakistana LNG tədarük etməsini nəzərə alsaq, iki ölkə arasında ümumi ticarət əməliyyatlarının dəyərinin 2022-ci illə müqayisədə 2023-cü ildə 3 dəfədən çox artaraq 100 milyon ABŞ dollarını keçdiyini görərik.
- Azərbaycanlı iş adamları öz kapitallarını Pakistan iqtisadiyyatının hansı sektorlarına yatırmağa daha çox üstünlük verirlər?
- Son illər Pakistanın qida və informasiya texnologiyaları sektorlarına azərbaycanlı investorların axını ölkələrimiz arasında iqtisadi münasibətlərin dinamikliyini təcəssüm etdirir. Pakistan rəqabətli qiymətlərlə xüsusilə tekstil, əczaçılıq və informasiya texnologiyaları sektorlarında bir çox maraqlı investisiya imkanları təklif edir.
Pakistanın biznes mühiti yaxşılaşmağa davam etdikcə, o, daha da gəlirli investisiya məkanına çevrilə bilər. Hökumətin Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurası (SIFC) mədənçıxarma, korporativ kənd təsərrüfatı və informasiya texnologiyaları kimi əsas sahələrdə məqsədyönlü dəstək təklif etməklə xarici investorlar üçün prosesi daha da asanlaşdırır. Azərbaycan sahibkarları bu imkanlardan yararlanmaqla ciddi mənfəət əldə edə bilərlər.
Ticarət əməkdaşlığını inkişaf etdirmək üçün Bakı və İslamabad Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasını (PAKAZCHAM) yaradıblar. Bu təşəbbüs hər iki ölkənin biznesi üçün iqtisadi əlaqələrin dərinləşdirilməsi və ticarət prosesinin optimallaşdırılması məqsədi daşıyır.
Pakistan rəqabətli qiymətlərlə xüsusilə tekstil, əczaçılıq və informasiya
texnologiyaları sektorlarında bir çox maraqlı investisiya imkanları təklif edir
- Son bir neçə ildə Azərbaycanda pakistanlı turistlərin sayı xeyli artıb. Gələcək turist mübadiləsi perspektivlərini necə dəyərləndirirsiniz?
- Turizm iqtisadiyyata fayda verən, insanlar arasında təmasları gücləndirən mühüm sahədir. Ötən il Azərbaycana 50 mindən çox pakistanlı turist gəlib. Hesab edirəm ki, növbəti illərdə bu rəqəm daha da artacaq, çünki daha çox pakistanlı turist Azərbaycanın görməli yerləri, zəngin tarixi, mətbəxi və müasir infrastrukturu ilə maraqlanır. Bu sektorda əməkdaşlığın daha da gücləndirilməsi üçün iki ölkə güzəştli və tranzit ticarət sazişlərinin bağlanması mühüm addım ola bilər. Gələcəkdə turistlərin sayı artdıqca Pakistanın böyük şəhərlərindən Bakıya birbaşa uçuşların sayı da artırıla bilər.
Tamilla MƏMMƏDOVA