5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Jana Krimpe: “Asan İmza” “Made in Azerbaijan” həllidir” MÜSAHİBƏ

15 ildən artıqdır ki, Azərbaycan bazarında aktiv fəaliyyət göstərən B.EST Solutions Azerbaijan ölkədə rəqəmsal iqtisadiyyatın və innovativ həllərin inkişafına mühüm töhfə verib. Bu gün “Asan İmza” vətəndaşlar, sahibkarlar - fiziki və hüquqi şəxslər, o cümlədən dövlət qulluqçuları tərəfindən geniş istifadə olunan elektron dövlətin əsas komponentidir və rəqəmsal dünyada Azərbaycan vətəndaşının bir növ rəqəmsal şəxsiyyət vəsiqəsi kimi çıxış edir. B.EST Solutions Azerbaijan şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe “Asan İmza”nın texnoloji inkişaf perspektivləri ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- Jana xanım, məlum olduğu kimi, “Asan İmza” ilk dəfə ölkənin vergi sistemində tətbiq edilib. Hazırda bu texnologiya başqa hansı sahələrdə istifadə edilir?

- Hazırda “Asan İmza” müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə uğurla inteqrasiya olunub. “Asan İmza” xidmətinin əsas prioriteti, ilk növbədə, istifadəçilərin şəxsi məlumatlarının və dövlət informasiya sistemlərinin yüksək məxfiliyini təmin etməklə, onlayn əməliyyatlar və nağdsız ödənişlər üçün təhlükəsizlik və bu sahədə əsas dünya standartlarına uyğunluqdan ibarətdir. Bu səbəbdən hər hansı yenilik tətbiq edilərkən qlobal kibertəhlükələrlə bağlı risklər və problemlər diqqətlə təhlil edilir. Şirkətimiz öz məsuliyyətini dərk edir və buna görə də “Asan İmza” xidmətinin RegTech (Tənzimləmə Texnologiyaları) sənayesi adlanan sahəyə aid olduğunu nəzərə alaraq sənayenin ən son yeniliklərini tətbiq etməyə həmişə tələsmir. RegTech müxtəlif sənayelərdə getdikcə daha mürəkkəb olan qaydalara uyğunluğu asanlaşdırmaq üçün tənzimləmə və texnologiyanı birləşdirən yeni platformadır.

Bütün banklar da daxil olmaqla dövlət və özəl sektorla fəal tərəfdaşlıq sayəsində “Asan İmza” vasitəsilə ölkə üzrə 2 mindən çox elektron xidmət mövcuddur. “Asan İmza” sığorta, tibb, təhsil və s. kimi digər mühüm sahələrdə də geniş istifadə olunur.

Elektron həllər sahəsində ən son qlobal tendensiyaları nəzərə alaraq, Azərbaycanda həm dövlət, həm də özəl internet portallarında yeni rəqəmsal təkliflərin dinamik şəkildə yaranmasının şahidi oluruq. Biz bu yeniliklərin inkişafını yaxından izləyirik və mobil elektron imzanın müxtəlif elektron sistemlərə inteqrasiyası üzərində fəal işləyirik.

“Asan İmza”nın təkmil mobil imza ilə gücləndirilmiş şifrələməsi onlayn
məliyyatlarda yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır

- Texnoloji tərəqqi yeni çağırışlar diktə edir. Yeni identifikasiya və autentifikasiya üsulları ortaya çıxır. “Asan İmza”nın növbəti illərdə texnoloji inkişafını necə görürsünüz?

- Ölkəmizi rəqəmsal iqtisadiyyatda qlobal liderə çevirmək və qabaqcıl innovasiyalara universal çıxışı təmin etmək kimi iddialı milli hədəfi dəstəkləmək üçün B.EST Solutions Azerbaijan şirkəti “Asan İmza” mobil rəqəmsal imzanın inkişafına əhəmiyyətli resursları yatırmaqda davam edir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə, vergi ödəyicilərinin e-taxes.gov.az internet portalında "Asan İmza" şəxsi kabinetini istifadəyə verdik. Ən son dünya standartlarına uyğun olaraq yaradılan "Asan İmza" şəxsi kabineti istifadəçinin vaxtına qənaət etmək və ən qısa müddətdə vacib onlayn əməliyyatların yerinə yetirilməsi üçün lazım olan virtual köməkçidir. Şəxsi kabinetə kompüterlər, planşetlər və smartfonlar daxil olmaqla, hər hansı cihazdan giriş mümkündür. Şəxsi kabinetdə istifadəçiyə aşağıdakı imkanlar təqdim edilir: istifadəçiyə məxsus olan bütün "Asan İmza" sertifikatlarının etibarlılıq müddəti barədə ətraflı məlumat; əlavə "İş" və ya "Dövlət" tipli sertifikatlar üçün onlayn ərizə ilə müraciət; mövcud sertifikatların müddətinin onlayn rejimdə növbəti 3 il üzrə uzadılması; istifadəçi ID-nin dəyişdirilməsi; "Asan İmza" ilə həyata keçirilmiş bütün tranzaksiyaların monitorinqi. Müəssisə və təşkilat rəhbərləri üçün şəxsi kabinetin əsas funksionalı, onlara "icazələr"i idarə etmə imkanı verən funksiyadır ki, bu vasitə ilə işçilərə və elektron xidmətlərə "Asan İmza" ilə girişin icazə veriləcəyini və ya qadağan ediləcəyi qərarının təmin edilməsi mümkündür. Yaxın zamanda istifadəçi PIN kodlarının bərpası xidmətinin təqdim edilməsi də planlaşdırılır.

Rəqəmsal platformalarda yeni təhdidlərin və hücum üsullarının ortaya çıxması ilə əlavə təhlükəsizlik mexanizmlərinin istifadəsi həyati əhəmiyyət kəsb edir. Bu məqsədlə kibertəhlükəsizlik sahəsində innovativ xidmət - sənədlərin əlavə şifrələnmə və deşifrə (encryption-decryption) xidməti istifadəyə veriləcək.

“Asan İmza”nın təkmil mobil imza ilə gücləndirilmiş şifrələməsi onlayn əməliyyatlarda yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Bu təhlükəsizlik mexanizmi istifadəçinin məxfi məlumatlarının icazəsiz şəxslər üçün əlçatmaz qalmasını təmin edir və bununla da elektron imza sisteminə inamı qoruyur. Bu xidmət həmçinin elektron pul kisələrini, kripto pul kisələrini və s. şifrələmək üçün istifadə edilə bilər.

Həmçinin, yaxın günlərdə yeni www.asandoc.az portalı istifadəyə veriləcək və burada faylların şifrələnməsi və deşifrələnməsi, multisign (toplu imzalanma), imzanın yoxlanılması, sənəd sorğusunun təsdiqi/rədd edilməsi, əvvəlcədən müəyyən edilmiş kontaktların, imza qruplarının və rolların istifadəsi, sənədin keçid vasitəsilə e-poçtla göndərilməsi və s. xidmətləri təklif ediləcək.

Kvant hesablamalarının və süni intellektin inkişafı nəticəsində yarana biləcək potensial təhlükənin qarşısını almaq məqsədilə şirkətimiz “Asan İmza” xidmətinə kvant davamlı kriptoqrafik alqoritmləri vaxtından əvvəl tətbiq etmək barədə strateji qərar qəbul edib. Bu yanaşma Azərbaycan vətəndaşlarının məlumatlarının kvant deşifrəsindən uzunmüddətli qorunmasının təmin edilməsi zərurətindən irəli gəlir. Bu təşəbbüsün həyata keçirilməsi gələcəkdə kvant kompüterlərindən istifadə etməklə qoruduğumuz informasiya aktivlərinin sındırılması ehtimalının qarşısını almaq məqsədi daşıyır. Əminik ki, bu yeniliklər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün dayanıqlı mexanizmlərin təmin edilməsinə mühüm təsir göstərəcək.

“Asan İmza” xidmətinin bütün növ telefonlarda, o cümlədən nisbətən köhnə düyməli
telefonlarda, hətta internetə çıxışı olmayanlarda da istifadəsi mümkündür

- Bildiyimiz kimi, zamanla virtual SİM kartlar (eSIM) tədricən klassik SİM kartları əvəz edəcək. Smartfon istehsalçıları artıq tədricən SİM kart slotlarından imtina edirlər. eSIM xidməti Azərbaycanda da mövcuddur. “Asan İmza” eSIM istifadəçilərinə nə təklif edir?

- İstifadəçilərin “Asan İmza” xidmətinə artan marağını nəzərə alaraq və bu xidmətdən maksimum istifadə rahatlığını təmin etmək məqsədilə şirkətimiz Dövlət Vergi Xidməti ilə birgə innovativ “Asan İmza” eSIM xidmətini təqdim edib. eSIM-də “Asan İmza” dünyada ilk dəfə olaraq Azərbaycanda Azercell Telekom abunəçiləri üçün əlçatan olub.

Qeyd etmək lazımdır ki, “Asan İmza” rəqəmsal eSIM həlli eSIM texnologiyasından istifadə edən müasir smartfonlar tərəfindən dəstəklənir. Tezliklə bu texnologiya digər mobil operatorların abunəçiləri üçün də əlçatan olacaq.

B.EST Solutions tərəfindən hazırlanan texnologiya əlavə təhlükəsizlik təbəqələrini təmin edən yeni nəsil kriptoqrafiyadan istifadə edərək mobil identifikasiyaya əsaslanır.

- Blokçeyn əsaslı identifikasiya rəqəmsal imzalar üçün ən perspektivli həllərdən biridir. Bu texnologiya yüksək səviyyədə təhlükəsizlik də daxil olmaqla bir sıra üstünlüklər təklif edir. “Asan İmza”da təhlükəsizlik nə dərəcədə təmin edilir?

- Məlumat təhlükəsizliyi və məxfilik “Asan İmza”da bizim əsas prioritetlərimizdəndir. Biz həllərimizdə blokçeyn də daxil olmaqla müxtəlif yeni texnologiyalara xüsusi diqqət yetiririk.

Kvant komponentləri ilə bağlı problemlərin öhdəsindən gəlmək üçün şirkətimiz biometriyada qlobal standartlara və ən yaxşı təcrübələrə əsaslanaraq quantum-ready alqoritmləri hazırlayır.

Şirkətimiz ən yaxşı beynəlxalq təcrübələrə, Azərbaycan Respublikasının qanun və qaydalarına uyğun olaraq məlumatların mühafizəsini təmin etmək üçün sınanmış və təhlükəsiz texnologiyadan istifadə edir. Qeyd etmək lazımdır ki, “Asan İmza” mobil elektron imzası “Made in Azerbaijan” həllidir və onun hazırlanmasında, tətbiqində vətəndaşlarımız üçün təhlükəsiz rəqəmsal mühiti təmin etmək vəzifəsi daşıyan azərbaycanlı mütəxəssislər iştirak edir.

Bu günədək 3 milyondan çox “Asan İmza” sertifikatı verilib. Bu əhəmiyyətli rəqəm
istifadəçilərin bizim innovativ rəqəmsal həllimizə olan inamının göstəricisidir

- “Asan İmza” mobil tətbiqinin hazırlaması gözlənilirmi? O, “Asan İmza”dan istifadəni necə asanlaşdıra bilər?

- “Asan İmza” xidmətinin bütün növ telefonlarda, o cümlədən nisbətən köhnə düyməli telefonlarda, hətta internetə çıxışı olmayanlarda da istifadəsi mümkündür.

Bununla yanaşı, e-taxes.gov.az vahid vergi ödəyicisi internet portalında, eləcə də asanimza.az internet saytında “Asan İmza”nın “şəxsi kabinet”i mövcuddur. Burada mobil identifikasiyanın imkanları, onun əldə edilməsi və istifadəsi üsulları ətraflı təsvir olunub, həmçinin tez-tez verilən suallar üçün də bölmə mövcuddur. Bu resursların hər ikisi kompüterlər, planşetlər və smartfonlar da daxil olmaqla müxtəlif cihazlarda işləmək üçün xüsusi olaraq uyğunlaşdırılıb.

“Asan İmza”nın mobil tətbiqinə gəldikdə isə deyə bilərəm ki, bu istiqamətdə də işlər nəzərdə tutulub.

Vətəndaşlar “1847" Asan İmza Çağrı Mərkəzinə zəng edə, həmçinin sosial şəbəkələrimizə (Facebook, Instagram, LinkedIn) yaza, və ya [email protected] elektron poçt ünvanına suallarını ünvanlandıraraq cavab ala bilərlər.

- Bəzi statistik məlumatları almaq istərdik. Məsələn, bu günədək nə qədər “Asan İmza” sertifikatı verilib? Ay ərzində təxminən neçə əməliyyat həyata keçirilir?

- Bu günədək 3 milyondan çox “Asan İmza” sertifikatı verilib. Bu əhəmiyyətli rəqəm istifadəçilərin bizim innovativ rəqəmsal həllimizə olan inamının göstəricisidir. Uğurlu işin mühüm tərkib hissəsi bütün dövlət qurumları, eləcə də banklar və özəl şirkətlərlə sıx inteqrasiyadır.

“Asan İmza” ilə həm dövlət, həm də özəl sektorda 2 mindən çox müxtəlif xidmət üzrə 300 milyondan çox əməliyyat həyata keçirilib. Ayda orta hesabla 5 milyona yaxın əməliyyat həyata keçirilir. Bu göstərici onlayn qarşılıqlı əlaqə sahəsində xidmətin populyarlığını və effektivliyini vurğulayır.

- Artıq bir neçə ildir ki, elektron imzaların dövlətlər səviyyəsində qarşılıqlı tanınması məsələsi aktuallığını qoruyub saxlayır. Rəqəmsal imzaların transmilli istifadəsi perspektivlərini necə görürsünüz? Bu prosesi sürətləndirmək üçün nə etmək lazımdır?

- Azərbaycanda elektron imzanın transmilli istifadəsi perspektivləri beynəlxalq rəqəmsal qarşılıqlı əlaqələri təkmilləşdirmək və beynəlxalq ticarət, biznes və hökumət proseslərini asanlaşdırmaq üçün böyük potensiala malikdir. Qeyri-rezidentlər üçün “Asan İmza” (mResidency) Azərbaycanda beynəlxalq rəqəmsal əməliyyatların asanlaşdırılmasında əsas rol oynayır.

Biz fəaliyyət göstərdiyimiz illər ərzində Azərbaycanda istifadəyə verilən elektron imzaların transmilli istifadəsi prosesini sürətləndirmək məqsədilə “Validasiya Mərkəzi”nin yaradılması təşəbbüsünü irəli sürmüşük. Bu Mərkəzin yaradılması Azərbaycanın inkişaf etmiş rəqəmsal ölkəyə çevrilməsi yolunda mühüm mərhələ olacaq, malların, xidmətlərin və məlumatların sərhədlər arasında maneəsiz daşınmasını asanlaşdıracaq, iqtisadi artım və inkişaf üçün yeni imkanlar yaradacaq.

Yaxın vaxtlarda azərbaycanlı iş adamlarına digər ölkələrin (Türkiyə, Avropa və s.) biznes qurumları ilə sənədləri idarə etmək və imzalamaq imkanı verən yeni portalın istifadəyə verilməsi planlaşdırılır. Bu addım rəqəmsal imzaların transmilli istifadəsi perspektivləri ilə bağlı suala müvafiq cavabdır.

- Bu gün “Asan İmza”nın analoqu hansı ölkələrdə istifadə olunur? Yeni bazarlara doğru genişlənmə nəzərdə tutulurmu?

- “Asan İmza” texnologiyasının analoqu Estoniya, Finlandiya, İsveç, Avstriya, Moldova, İsveçrə və s. ölkələrdə tətbiq olunur. Şirkətimiz hazırda Yaxın Şərq və Afrikanın bir sıra ölkələri ilə danışıqlar aparır. eSIM-ə əsaslanan “Asan İmza” texnologiyasından istifadə edərək Amerika bazarının təhlili aparılır, burada bütün yeni smartfonlar artıq yalnız eSIM əsasında buraxılır.

Bütün ideyalarımı və yeniliklərimi həyata keçirmək imkanı verdiyinə,
açıqlığına və dəstəyinə görə ikinci Vətənimə hədsiz minnətdaram

- İnnovativ sahədə nailiyyətləriniz yüksək qiymətləndirilir. Siz “Gələcəyin 100 Qlobal Qadını” siyahısına daxil oldunuz. Sizcə, MasterCard Women SME Leaders Award 2023 mükafatını qazanmağınıza və Financial Times və Google tərəfindən aparıcı dəyişiklik yaradanlardan biri kimi tanınmağınıza imkan verən yanaşmanız və liderlik tərzinizlə bağlı əsas nədir?

- 2023-cü ilin iyun ayında adım “Yeni Texnologiyada Gələcəyin 100 Qlobal Qadını”siyahısına daxil edildi. Bu siyahıda məni B.EST Solutions Azerbaijan şirkətinin rəhbəri və təsisçisi - "Asan İmza"nın operatoru kimi təqdim edirlər. Bu, bizim innovasiya sənayesində aparıcı rolumuzun və ən son qlobal texnoloji tendensiyaların tətbiqində fəal iştirakımızın təsdiqidir. Bu, reytinqin ikinci nəşridir.

Gələcəyin 100 qlobal qadınını yeni texnologiyalarda əks etdirən kitab yaxın günlərdə ABŞ-da nəşr olunacaq və satışa çıxarılacaq.

“Gələcəyin Qadınları” təşəbbüsü real həyatda müsbət nəticələr əldə etmək üçün texnologiyadan güclü vasitə kimi istifadə edərək, qadınları mənalı dəyişiklik etməkdə dəstəkləmək məqsədi daşıyır.

“Global Top 100 Women of the Future in Emerging Tech” siyahısına daxil olmaq mən və komandam üçün böyük şərəfdir. Bu tanınma bizim fədakarlığımızı və həvəsimizi nümayiş etdirir və yeni texnologiyalar sahəsində qarşıda duran böyük imkanları vurğulayır. Mən fəxr edirəm ki, Azərbaycanın nailiyyətləri bu reytinqdə təqdim olunur. Bütün ideyalarımı və yeniliklərimi həyata keçirmək imkanı verdiyinə, açıqlığına və dəstəyinə görə ikinci Vətənimə hədsiz minnətdaram.

Bütün dünya simpozium və konfranslarında mən həmişə innovativ Azərbaycanı fəxrlə təmsil edirəm. Məhz bu səbəbdən Google və Financial Times bir vaxtlar məni “Azərbaycanın rəqəmsal səfiri” kimi rəqəmsal kimlik sahəsində lider qadınların qlobal siyahısına daxil etmişdilər.

Qeyd etmək vacibdir ki, innovativ yanaşması sayəsində B.EST Solutions bir çox təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Google, Financial Times, Avropa İttifaqı, OECD, ABŞ Dövlət Departamenti və ABŞ Milli Standartlar və Texnologiya İnstitutu tərəfindən tanınıb.

Hüseyn VƏLİYEV

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması