11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Valeri Çeçelaşvili: “Azərbaycan Gürcüstanla birlikdə Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verir” MÜSAHİBƏ

Azərbaycanın son illərdə artan iqtisadi imkanları, əlverişli coğrafi mövqeyindən maksimum fayda əldə etmək bacarığı, beynəlxalq aləmə inteqrasiyası ölkəmizin qonşuları ilə münasibətlərinə də müsbət təsir göstərib. Bu baxımdan, Gürcüstanla əlaqələr xüsusi diqqət çəkir. Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit ölkə rolunu oynayır. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Mövzu ilə bağlı “vergiler.az”ın suallarına Gürcüstanın keçmiş maliyyə naziri, QDİƏT və GUAM-ın keçmiş baş katibi, Gürcüstan xarici işlər nazirinin sabiq müavini Valeri Çeçelaşvili cavab verir:

- Cənab Çeçelaşvili, gəlin, öncə Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq istiqamətindən başlayaq. Sizcə, iki ölkənin uğurlu qarşılıqlı fəaliyyətinə töhfə verən əsas iqtisadi amillər hansılardır və bu gün bütövlükdə regionun iqtisadiyyatları hansı problemlərlə üzləşir?

- Azərbaycanla Gürcüstanın münasibətlərində ən önəmli istiqamət ikitərəfli əməkdaşlığın ciddi iqtisadi sabitləşmə faktoruna çevrilməsi ilə bağlıdır. Bu əməkdaşlıq hətta regiondan kənarda yerləşən bir sıra ölkələrin də maraq dairəsinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində çox düzgün vurğuladı ki, Gürcüstan və Azərbaycan birlikdə daha güclüdür.

Bizim əməkdaşlığımız xalqlarımız arasında olan ənənəvi mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanır. 2023-cü ilin 11 ayı ərzində ölkələrimizin ticarət dövriyyəsi 1 milyard 372 milyon ABŞ dolları təşkil edib (Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına əsasən - red.) və Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində Türkiyə, Rusiya və Çindən sonra dördüncü yerdədir. Hesab edirəm ki, əməkdaşlığı dərinləşdirmək üçün böyük potensial mövcuddur, çünki sənaye kooperasiyasına əsaslanan daha dərin inteqrasiya olunmuş iqtisadi əməkdaşlığa keçməyin vaxtı çatıb. Onu da qeyd etmək lazımdır ki, Gürcüstan Azərbaycanla yanaşı, Türkiyə ilə də strateji əməkdaşlıq əlaqələri qurub. Bu üçtərəfli əməkdaşlıq çərçivəsində biz Avropa İttifaqının iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində çox ciddi rol oynayan layihələr həyata keçirmişik. Ona görə də bütün bunları yekunlaşdıraraq deyə bilərik ki, güclü Azərbaycan güclü Gürcüstan, güclü Gürcüstan isə güclü Azərbaycan deməkdir. Çox şadıq ki, bizim Azərbaycan kimi etibarlı qonşumuz var, onunla iqtisadi və siyasi gələcək üçün uğura aparacaq planlar qurmaq xeyli asandır.

Güclü Azərbaycan güclü Gürcüstan, güclü Gürcüstan isə güclü Azərbaycan deməkdir

- Pandemiyalar, ticarət müharibələri və siyasi dəyişikliklər kimi qlobal qeyri-müəyyənliklər fonunda, Sizcə, Azərbaycan və Gürcüstanın iqtisadiyyatı üçün hansı amillər həlledici olacaq?

- Hər bir ölkənin əsas vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini, firavanlığını və inkişaf perspektivlərini təmin etməkdir. Bu qlobal çağırışlarla hazırda bütün dünya, o cümlədən bizim region ölkələri də üzləşir. Ölkələrimizin bütün bu proplemlərlə necə mübarizə aparacağı və öz imkanlarını necə gücləndirəcəyi ilə bağlı fərdi planları var. Gürcüstan dövləti bunu, ilk növbədə, ölkənin Avropa İttifaqı və NATO-da üzvlüyündə görür. Biz çox şadıq ki, Azərbaycan bizim bu istəklərimizi dəstəkləyir. Qarşılıqlı hörmət və etibara əsaslanan əməkdaşlıq Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji tərəfdaşlıq üçbucağında cəmləşib və bu da öz növbəsində həm regionda, həm də onun hüdudlarından kənarda qlobal çağırışların nəticələrinin qarşısının alınmasında vacib amildir.

- Müasir dünyada aktual məsələlərdən biri “yaşıl iqtisadiyyat”a keçiddir. Dayanıqlı və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı üçün Azərbaycan və Gürcüstanın potensialını necə görürsünüz və bu prosesi stimullaşdırmaq üçün hansı tədbirlər görülməlidir?

- Azərbaycan külək və günəş enerjisinin inkişafı üçün çox işlər görür. Ümumiyyətlə, ölkənizin enerji sektoru çox ciddi, yaxşı inkişaf etmiş institusional sahədir. Bu sənaye qonşu ölkələrin, o cümlədən Gürcüstanın və müəyyən qədər Türkiyənin iqtisadi və enerji təhlükəsizliyinə töhfə verir. Gürcüstanın da bu sahədə böyük perspektivləri var. Bu, ilk növbədə, ölkənin hidroelektrik potensialı ilə bağlıdır. Gürcüstan bu istiqamətdə yaxşı dinamika nümayiş etdirir, belə ki, 2023-cü ildə biz yenidən elektrik enerjisinin xalis ixracatçısına çevrildik.

Avropa İttifaqı öz enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı mühüm tərəfdaş kimi görür. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin sözlərinə görə, Aİ bir neçə il ərzində Azərbaycandan qaz idxalının həcmini iki dəfə artırmaq niyyətindədir. Xanım Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti ilə imzaladığı birgə Bəyannaməyə əsasən, beş il ərzində Cənub Qaz Dəhlizi üzrə qaz tədarükü iki dəfə artacaq. 2027-ci ildən etibarən Avropaya hər il ən azı 20 milyard kubmetr mavi yanacaq tədarük edilməlidir.

Avropa İttifaqı öz enerji təhlükəsizliyinin təmin edilməsində
Azərbaycanı mühüm tərəfdaş kimi görür

Bundan əlavə, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sonradan Bolqarıstan və Serbiya da bu layihədə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli Azərbaycanda hasil edilən yaşıl enerjini Gürcüstandan keçməklə Qara dəniz vasitəsilə Avropaya çatdıracaq.

Beləliklə, Azərbaycan Gürcüstanla birlikdə Avropa İttifaqının enerji təhlükəsizliyinə bu istiqamətdə də ciddi töhfə verir. Transxəzər layihələrini həyata keçirərkən isə tamamilə yeni mənzərə yaranacaq.

Burada da Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq həlledici rol oynayacaq. Bunun nəticəsində regionun enerji, nəqliyyat və kommunikasiya potensialı daha da güclənəcək.

- Nəqliyyat və logistika iqtisadi inkişafın əsas komponentləri hesab olunur. Azərbaycan ilə Gürcüstan arasında bu sahədə əməkdaşlığının gələcək perspektivlərini necə görürsünüz?

- Ölkələrimiz tərəfindən bu istiqamətdə kifayət qədər layihələr həyata keçirilib. Belə layihələrdən biri də imkanları daim genişlənən Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir və bu, Cənubi Qafqazdan keçən çox ciddi nəqliyyat-logistika arteriyasına çevrilməkdədir. Bundan əlavə, hesab edirəm ki, Azərbaycanın Ələt limanının imkanlarını fəal şəkildə genişləndirməsi çox vacibdir. Yük dövriyyəsi artıq 30 milyon tona çatan bu liman təkcə Cənubi Qafqaz üçün deyil, Şərq və Qərb bazarları üçün də çox vacibdir. Gələcəkdə isə qatarlar vasitəsilə birləşdirilən Ələt və Anaklia limanının potensialını görürəm. Bu iki liman çox ciddi yük axınlarını cəlb edəcək. Bundan əlavə, Azərbaycan və Gürcüstan magistral yollarını da inkişaf etdirir. Hesab edirəm ki, 2025-ci ilə qədər Bakı-Gəncə-Tbilisi-Batumi-Trabzon avtomobil yolu qurulacaq. Azərbaycanın paytaxtı Bakını Tbilisi, Ankara və İstanbuldan keçməklə, praktiki olaraq, Avropa İttifaqı ilə birləşdirəcək bu magistral əməkdaşlığın inkişafı biznes imkanlarının genişləndirilməsi üçün çox böyük stimul olacaq. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması ilə bağlı danışıqların müsbət yekunlaşması çox vacibdir. Münasibətlərin normallaşması ilə Cənubi Qafqazın nəqliyyat-logistika potensialı və ümumilikdə region kimi əhəmiyyəti, o cümlədən xarici investisiyalar üçün cəlbediciliyi dəfələrlə artacaq.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə
Cənubi Qafqazın nəqliyyat-logistika potensialı və ümumilikdə region kimi
əhəmiyyəti, o cümlədən xarici investisiyalar üçün cəlbediciliyi dəfələrlə artacaq

- İndi isə gəlin, innovasiya və rəqəmsal transformasiya sahəsinə diqqət yetirək. Azərbaycan və Gürcüstan iqtisadiyyatlarında innovativ texnologiyaların təşviqi üçün hansı konkret addımları görürsünüz və bu, onların rəqabət qabiliyyətinə necə təsir edə bilər?

- Müasir dünyada özümüzü təsdiqləmək istəyiriksə, innovativ texnologiyaların inkişafı haqqında düşünməliyik. Ölkələrimizin bu sahədə mühüm üstünlükləri var və regionumuzun xarici investisiyalar baxımından cəlbediciliyi çox vacibdir.

Gürcüstan və Azərbaycan nisbətən yaxın dövrlərdən startap ekosistemini inkişaf etdirməyə başlayıb. Ölkələrimizin innovativ şirkətləri beynəlxalq satıcılardan, vençur fondlarından dəstək axtarır, aparıcı şirkətlərin müqavilə sifarişlərini cəlb edir və s. Gürcüstanda innovasiya ekosisteminin yaradılması səyləri 2014-cü ildə İqtisadiyyat Nazirliyinin nəzdində İnnovasiyalar və Texnologiyalar üzrə Agentliyin yaradılmasından sonra ardıcıl forma alıb. Həmin vaxtdan Dünya Bankının proqramının dəstəyi ilə ölkəmizdə startaplar üçün qrant müsabiqələri keçirilir, ixtisaslaşmış texnoparklar və biznes inkubatorları yaradılır, beynəlxalq vençur fondları ilə iş aparılır.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?