İva Brkiç: “Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala sahibdir” MÜSAHİBƏ
“Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal gücü 1 688 meqavat və ya ümumi həcmin təxminən 20 faizini təşkil edir”. Bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev ötən həftə SPECA İqtisadi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılması planlaşdırılır. Ölkənin bərpa olunan enerji mənbələri üzrə texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt təşkil edir.
Qeyd olunan mövzu və SPECA ölkələrinin ümumi enerji potensialı ilə bağlı “vergiler.az”ın suallarını BMT-nin Avropa İqtisadi Komissiyasının Davamlı enerji proqramının rəhbəri İva Brkiç cavablandırıb.
- Alternativ enerji mənbələrinin inkişafı sahəsində SPECA ölkələrinin potensialını necə qiymətləndirirsiniz?
- Bu region təbii sərvətlərlə zəngindir və irimiqyaslı bərpa olunan enerji layihələrinin inkişafı üçün böyük potensiala malikdir. Bununla belə, müsbət tendensiyaya və bərpa olunan enerji potensialının artmasına baxmayaraq, bölgə qalıq yanacaqlardan böyük dərəcədə asılılığını saxlayır. Kömür və təbii qaz elektrik enerjisi istehsalında üstünlük təşkil etməkdə davam edir və yaxın gələcək üçün artan regional enerji tələbatını qarşılamağa davam edəcək. Enerji sistemlərinin ümumi dayanıqlığını yaxşılaşdırmaq üçün bərpa olunan enerji potensialının genişləndirilməsi və mövcud enerji sistemlərinə effektiv şəkildə inteqrasiya vacibdir.
Regionun bərpa olunan enerji mənbələrinin nəhəng gücünü udmaq qabiliyyətinə malik vahid və bir-biri ilə əlaqəli elektrik sisteminə ehtiyacı var. Əməkdaşlıq vasitəsilə regional enerji əlaqələrinin və enerji ticarətinin genişləndirilməsi SPECA regionunda enerji sisteminin davamlılığına və enerji təhlükəsizliyinə nail olmaq üçün mühüm amildir. Elektrik və qaz şəbəkələrini özündə birləşdirən, aşağı karbonlu və karbonsuz hidrogenin nəqli və ticarəti ilə uyğunlaşan inteqrasiya olunmuş, bir-biri ilə əlaqəli enerji sistemi daha etibarlı, əlverişli və dayanıqlı enerji təchizatı yaratmağa kömək edə bilər. Bu isə regionun enerji təchizatının dərindən karbonsuzlaşdırılmasına imkan vermiş olacaq.
Enerji sistemlərinin ümumi dayanıqlığını yaxşılaşdırmaq üçün
bərpa olunan enerji potensialının genişləndirilməsi və mövcud
enerji sistemlərinə effektiv şəkildə inteqrasiya vacibdir
- Bərpa olunan enerji sahəsində bu ölkələrin gələcəyini necə görürsünüz?
- Məsələn, Qırğızıstan və Tacikistanın su enerji ehtiyatlarının böyük, hələ istismar olunmayan potensialı var. Su ehtiyatlarının davamlı, uzunmüddətli idarə edilməsi təkcə daxili elektrik enerjisi təchizatı üçün əsas şərt deyil, həm də Özbəkistan və Türkmənistan, eləcə də Orta Asiyada mühüm “yaşıl” enerji mənbəyinə çevrilə bilər. Bundan əlavə, Qazaxıstanın zəngin daxili təbii sərvətləri və irimiqyaslı külək enerjisi layihələri üçün ərazi təmin edən və yaşayış üçün yararsız olan torpaqları ölkəni “yaşıl” enerji mərkəzinə çevirə və regional enerji keçidinə təkan verə bilər. Orta Asiya ölkələri kimi, Azərbaycan da günəş, külək və su enerjisinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir.
SPECA bölgəsindəki regional enerji sistemi əvvəllər bir-biri ilə əlaqəli idi və əsasən sovet planlaşdırmasının mirası idi. Bununla belə, bu sistem genişmiqyaslı bərpa olunan enerji potensialını və real vaxt rejimində elektrik enerjisi ticarətini birləşdirməyə hazır deyil. Regional elektrik və qaz şəbəkəsinin etibarlılığını və dayanıqlığını artırmaq üçün əhəmiyyətli investisiyalar tələb olunur. Regional enerji əlaqəsinə nail olmaq aşağı karbonlu enerjinin mövcudluğunu artıra və bərpa olunan enerjidən istifadəni sürətləndirə bilər. Artan enerji əlaqəsi resurs planlamasını təkmilləşdirməyə, enerjinin birləşdirilməsinə və resursların şaxələndirilməsinə imkan verir.
Regional elektrik və qaz şəbəkəsinin etibarlılığını və dayanıqlığını
artırmaq üçün əhəmiyyətli investisiyalar tələb olunur
- Qalıq yanacaqlardan asılı olan ölkələrdə enerji keçidini necə sürətləndirmək mümkündür?
- Dayanıqlı və karbon-neytral enerji sistemləri yaratmaq, texnologiyalar və siyasət variantlarını müəyyən etmək üçün ölkələrlə BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) çərçivəsində işləmişik. Hazırladığımız alətlər AİK-in “karbon neytrallığı alətlər dəsti”ndə toplanıb.
Biz karbonsuz gələcəyə keçidi mümkün qədər sürətləndirməliyik. Problem ondadır ki, regionun enerji sistemləri lazımi əlavə bərpa olunan enerji potensialını mənimsəməklə bu keçidi kifayət qədər tez həyata keçirməyə hazır deyil. Enerji sisteminin dərin karbonsuzlaşdırılmasına və elektrikləşdirilməsinə, həmçinin dayanıqlı və karbon-neytral enerji sistemlərinə imkan verəcək enerji sistemində struktur dəyişikliklərinə ehtiyac var.
- Bərpa olunan enerji mənbələrinin gələcək inkişafına təsir edəcək cari tendensiyalar hansılardır?
- Hazırda biz davamlı və karbon-neytral enerji sistemlərinin yaradılmasına kömək etmək üçün üzv dövlətlərlə işləyirik. Davamlı enerji sistemi ölkənin sosial-iqtisadi və ekoloji inkişafına optimal töhfə verən sistemdir. Bu sistem istənilən gözlənilməz zərbələrə tab gətirə bilir və iqlim dəyişikliyinin enerji resurslarına potensial təsirlərini planlaşdırma və əməliyyatlarda əks etdirir.
BMT-nin Avropa İqtisadi Komissiyası ölkələrə dayanıqlı enerji sistemlərinin layihələndirilmə və qurulma potensialının yaradılmasına kömək etmək üçün davamlı və karbon-neytral enerji sistemləri üçün çərçivə hazırlayıb. Bu sistemlər enerjiyə etibarlı və sərfəli çıxışı təmin edir, həyat keyfiyyətini və iqtisadi artımı yaxşılaşdırır, enerji sektorunun ətraf mühitə mənfi təsirini minimuma endirir.
Azərbaycan coğrafi və iqlim şəraitinə görə bərpa olunan enerji, o cümlədən
günəş, külək, geotermal enerji sahəsində böyük potensiala malikdir
- Bərpa olunan enerji sahəsində Azərbaycanın potensialını necə dəyərləndirirsiniz?
- Azərbaycan coğrafi və iqlim şəraitinə görə bərpa olunan enerji, o cümlədən günəş, külək, geotermal enerji sahəsində böyük potensiala malikdir. Bu potensialdan tam istifadə etmək üçün ölkənin “yaşıl” enerji infrastrukturuna, aşağı və sıfır karbon texnologiyalarına və bərpa olunan enerji potensialının genişləndirilməsini dəstəkləyən strukturlarına investisiya qoyulmalıdır. Enerji kompleksinin şaxələndirilməsi, o cümlədən bərpa olunan enerji mənbələrindən mühüm töhfə Azərbaycanın qalıq yanacaqlardan asılılığını azaltmaqla yanaşı, həm də ölkədə ekoloji dayanıqlığa və enerji təhlükəsizliyinə töhfə verə bilər.
Bununla yanaşı, hidrogen Azərbaycanın enerji sistemlərinin karbonsuzlaşdırılmasında çox mühüm rol oynaya bilər və hidrogen ixracı üçün ölkənin böyük potensialı var. Biz “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada davamlı hidrogen istehsalının yolları” layihəsini həyata keçirdik. Tədqiqatda Azərbaycanda davamlı hidrogen istehsalı üçün aşağı və sıfır karbon texnologiyalarının optimal qarşılıqlı əlaqəsi təhlil edilib. Daxili təbii ehtiyatlara və hidrogen istehsalı üçün mövcud enerjiyə əsaslanaraq, Azərbaycanda aşağı karbonlu hidrogen istehsalı üçün resurs potensialını ildə 946-2 361 min ton həcmində qiymətləndirmək mümkündür. Hidrogen istehsalı üçün əsas uzunmüddətli imkan karbontutma, istifadə və saxlama (CCUS) texnologiyasından istifadə edərək buxar metanının islahatıdır. Bu, Avropa İttifaqında əhəmiyyətli təbii qaz və aşağı karbonlu enerjiyə uzunmüddətli tələbatla şərtlənir.
Tamilla MƏMMƏDOVA