5 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aset Asavbayev: “Azərbaycanın Orta Dəhlizlə bağlı fəaliyyəti təqdirəlayiqdir” MÜSAHİBƏ

Azərbaycan dünyanın bir çox ölkələri, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək tarixi İpək Yolunun bərpasında - TRACECA proqramının yaradılması və inkişafında fəal iştirak edib. Azərbaycan 1993-cü ildə Brüsseldə keçirilən konfransda keçmiş SSRİ-nin 8 ölkəsi (Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) ilə birlikdə Avropa Komissiyasının TRACECA proqramının yaradılması təşəbbüsü ilə çıxış edib. Avropa ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiya və ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün ilkin şərait yaradan bu platformanın strateji əhəmiyyəti danılmazdır.

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev proqram çərçivəsində həyata keçirilən əsas məsələlərlə bağlı "vergiler.az”ın suallarını cavablandırır:

- TRACECA çərçivəsində yük axınının artırılması üçün hansı tədbirlər görülür?

- Hökumətlərarası TRACECA platformasının xüsusiyyətləri nəzərə alınmaqla, ilk olaraq, qanunvericiliyin uyğunlaşdırılması və maneələrin aradan qaldırılması tədbirləri həyata keçirilir. TRACECA marşrutları üzrə daşınma zamanı yük qaimələrinin yenidən verilməsinə ehtiyac yaranır. Çünki biz müxtəlif nəqliyyat növlərindən - həm geniş dəmir yolu xəttindən, həm dəniz sahəsindən, həm də avtomobil yolundan istifadə edirik. Xüsusilə dəhlizlərimiz üzrə daşımaların asanlaşdırılması, fakturaların yenidən verilməməsi üçün elektron CIM/SMGS yük qaiməsinin istifadəsi üzərində işləyirik. Bu il Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Türkiyənin dəmir yolu administrasiyaları arasında memorandum imzalanmasını həyata keçirdik. Bu sənəd dəmir yolu nəqliyyatı operatorlarının səmərəli əməkdaşlığının daha da gücləndirilməsi, o cümlədən elektron məlumatların və sənəd mübadiləsi üçün mütərəqqi texnologiyalara əsaslanan innovativ həllərin tətbiqi vasitəsilə dəmir yolu ilə yükdaşımaların səmərəliliyinin artırılmasına yönəlib.

Vahid tranzitdaşıma icazəsi təşəbbüsü icazə proseslərinin və prosedurlarının
rəqəmsallaşdırılması yolu ilə dəhlizin rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır

- Vahid tranzitdaşıma icazəsi haqqında sazişlə bağlı nə deyə bilərsiniz?

- Hazırda daşıyıcının bizim dəhlizimizlə daşımaları həyata keçirməsi üçün bir neçə ərazidən keçməsi və sərhədimizin çox olması səbəbindən, hər bir ölkədə tranzit üçün ayrıca icazə alması lazımdır. Biz hər ölkə üzrə ayrıca icazəyə ehtiyacı aradan qaldıran saziş hazırlamışıq. Yəni bir icazə alırsınız və bu icazə ilə bizim ölkələri gəzirsiniz. Bu, həmçinin, dəhlizboyu daşınma prosedurlarını sadələşdirir.

Vahid tranzitdaşıma icazəsi təşəbbüsü icazə proseslərinin və prosedurlarının rəqəmsallaşdırılması yolu ilə dəhlizin rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. Bu addım daşıma prosesinin vaxtını və xərclərini azaltmağa və icazələrin sayını minimuma endirməklə nəzarət prosedurlarını optimallaşdırmağa kömək edəcək, marşrutun cəlbediciliyinin artırılmasına və əlavə avtomobil nəqliyyatı ilə yükdaşımaların cəlb edilməsinə şərait yaradacaq.

Əminəm ki, bu sazişin həyata keçirilməsi və vahid tranzit icazəsinin elektron formada praktiki tətbiqi alternativ nəqliyyat marşrutlarından yük axınlarını cəlb etməklə daşınan yüklərin həcmini artıracaq. Təbii ki, bu, həm də TRACECA rəqəmsal ekosisteminin formalaşmasında mühüm addım olacaq.

- Türkmənistanın TRACECA sıralarına qoşulmasını necə qiymətləndirirsiniz?

- Bu, çox uğurlu addımdır. Türkmənistan bu təşkilata qoşulmaqla öz nəqliyyat sektorunun inkişafını, eləcə də yükdaşımaların rəqəmsallaşdırılması proseslərini sürətləndirə biləcək. Bundan əlavə, o, TRACECA-ya üzv olan 13 ölkəyə sadələşdirilmiş giriş əldə edəcək. Öz növbəsində, Mərkəzi Asiya ölkələrində nəqliyyatın inkişafı üçün yeni imkanlar açılacaq.

Azərbaycan bu gün Mərkəzi Asiya ölkələrinin Avropa
ilə səmərəli əlaqəsini təmin etmək imkanına sahibdir

- Yaxın vaxtlarda yeni üzvləri qəbul etməyi düşünürsünüz?

- Hazırda biz Latviyanın assosiativ üzv, yəni müşahidəçi ölkə kimi qoşulması məsələsinə baxırıq. Bildiyiniz kimi, Litva və Yunanıstan artıq bizim üzvlərimizdir. Hazırda Avropa ölkələri ilə onların üzvlük məsələsi ilə bağlı proseslər gedir.

- Bütövlükdə, Azərbaycanın tranzit potensialını necə qiymətləndirirsiniz?

- Ölkəniz qlobal iqtisadiyyatın geosiyasi maraqlarının qovuşduğu yol ayrıcında yerləşir. Azərbaycan bu gün Mərkəzi Asiya ölkələrinin Avropa ilə səmərəli əlaqəsini təmin etmək imkanına sahibdir. Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, daşımalar məhz Azərbaycan üzərindən həyata keçirilir.

İndi Gürcüstanla Azərbaycan arasında birgə nəzarətin təmin ediləcəyi yeni keçid məntəqəsinin tikintisi müzakirə mövzusudur. Bu, çox vacibdir. Bir sözlə, Azərbaycanın Orta Dəhlizin əhəmiyyətinin artırılmasındakı fəaliyyəti təqdirəlayiqdir.

Tamilla MƏMMƏDOVA

VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək