Atakan Baştürk: “İdxal-ixracda rol oynayan malların standartlarının hazırlanmasına üstünlük verilməlidir” MÜSAHİBƏ
Standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsində Azərbaycanla Türkiyə arasında əməkdaşlığın nəticəsi olaraq, 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Türkiyə Standartları İnstitutu (TSE) Anlaşma Memorandumu imzalayıblar. Bundan əlavə, iki dövlət qurumu arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə 2022-2023-cü illər üzrə Fəaliyyət Planı təsdiq edilib. Razılaşmaya əsasən, AZSTAND-ın beynəlxalq təşkilatlarda təmsilçiliyinin genişləndirilməsi, müvafiq standartlar üzrə beynəlxalq akkreditasiyadan keçməsi, qurumun strateji inkişaf planının hazırlanması, mütəxəssislərin müvafiq təlim proqramlarında iştirakı, beynəlxalq standartlar əsasında sertifikatlaşmanın həyata keçirilməsi və digər istiqamətlər üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.
Qeyd olunan sahələr üzrə mövcud əməkdaşlıq barədə suallarımızı Türkiyə Akkreditasiya Agentliyinin qurucusu və ilk baş katibi, hazırda isə Agentliyin keyfiyyət üzrə eksperti kimi fəaliyyət göstərən Atakan Baştürk cavablandırır.
- Atakan bəy, standartların və sertifikatlaşdırmanın iqtisadiyyat üçün əhəmiyyətini necə dəyərləndirərdiniz?
- Təbii ki, standartlar iqtisadiyyat, xüsusilə istehsal sektorunda mühüm əhəmiyyətə malikdir. Məhsulun istehsalı üçün lazım olan üsulları, şərtləri təsvir edən standartlar, həmçinin, istehsal bitdikdən sonra məhsullar üzərində həyata keçirilən testlər, ölçmə-yoxlama prosesləri haqqında rəy verən sənədlərdir. Standartların həm istehsalçının, həm istehlakçının, həm də digər maraqlı tərəflərin təmsil olunduğu komissiya və ya komitənin işbirliyi ilə ortaya çıxarılması buna daha bir vacib məna əlavə edir. Bu baxımdan, standartların meydana gəlməsində hər tərəfin balanslı bir səsi var. Çünki standart dediyimiz sənəd müəyyən bir rəqəmi təsvir edir və tərəflərin fikirlərinin eyni nöqtədə birləşməsi nəticəsində faydalıllığı artır. İstehsalatın müxtəlif sektorlarında, laboratoriyalarda, yoxlama-sınaq işlərində, xidmət göstərən obyektlərdə və bir sıra sahələrdə standartlara əməl olunarsa, bu, iqtisadiyyata yalnız fayda gətirər və gözləntilərə cavab verər.
İstehsalatın müxtəlif sektorlarında, laboratoriyalarda, yoxlama-
sınaq işlərində, xidmət göstərən obyektlərdə və bir sıra sahələrdə
standartlara əməl olunarsa, bu, iqtisadiyyata yalnız fayda gətirər
- Türkiyənin standartlaşdırma sahəsində əldə etdiyi təcrübənin tarixi əsasları nədən ibarətdir?
- Türkiyədə standartlaşdırmanın tarixi xeyli uzağa gedib çıxır. 1960-cı illərdə - standartlaşdırma araşdırması sistemli bir şəkildə aparılmağa başlanıldığı dövrdə ölkədə mövcud olmayan biliklərin standartlaşdırılması üçün beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələri quruldu, Amerika Birləşmiş Ştatları ilə ilk ortaq fəaliyyətlər çərçivəsində standartlaşdırmaya start verildi. Bu fəaliyyətlər sonradan Türk Standartları İnstitutunun yaradılması və müvafiq qanunvericiliyin qəbulu ilə daha da sürətləndi və zənginləşdi. Türk Standartları İnstitutu ilk fəaliyyətə başlama dövründən sonra, yəni 1970-ci illərdə dünyada standartlaşdırma qurumlarını özündə birləşdirən təşkilata - Beynəlxalq Standartlaşdırma Təşkilatına (ISO) üzv oldu və onun işində yaxından iştirak etdi. Türkiyədə standartlaşdırmanın inkişafında ISO ilə həyata keçirilən prosedurlardan istifadə olunmaqla milli standartların sayının artırılması üçün davamlı işlər aparılıb. Burada əsas məqam hansı sektorların standartlara daha çox ehtiyac duymasındadır. Həmin sektorların fikir və istəkləri müvafiq komitələrə, xüsusilə akademiyaya, həmçinin iş dünyasından, sənaye sahələrindən dövlət qurumlarına, bu sektoru təmsil edən təşkilatlara ötürülüb. Standartda ortaq marağın nədən ibarət olmasını müəyyən etməkdən ötrü istehlakçıları təmsil edən ictimai birliklər komitələrə dəvət olunaraq, fikirləri dinlənilərək nəzərə alınıb.
Bunun nəticəsi olaraq, standartların sayı 1980-ci illərdə yüksək artımla davam etdi, onların hazırlanması ilə bağlı işləri daha da təkmilləşdirmək üçün Avropa İttifaqı ilə əlaqələr quruldu, ölkəyə ekspertlər dəvət olundu. Beynəlxalq Gömrük İttifaqına daxil olduqdan sonra Türkiyənin standartlarını Avropa standartlarına uyğunlaşdırmaq artıq bir məcburiyyət halına gəlmişdi. Buna görə də istehsal və digər sahələrdə, xüsusilə sənaye və hazır məhsul standartlarının Avropa standartlarına uyğunlaşdırılması gündəmə gəldi və bu proses sürətləndi. 2000-ci illərdə bu prosesin daha da sürətlənməsi nəticəsində Türk Standartları İnstitutu Avropanın ən böyük standart təşkilatları arasında yer aldı. Nüfuz etibarilə, Türkiyə Avropada standartların qəbulu üçün keçirilən səsvermədə ən böyük səs hüququna malik üzv ölkədir. Daha əvvəl isə bu göstəricidə Almaniya öndə idi. Standartlarla bağlı bu tədqiqatlar hazırda da eyni istiqamət üzrə davam etdirilir.
Strategiyalara baxanda görürəm ki, Azərbaycanda
nisbətən az mal və xidmətin standartlara ehtiyacı var
- Türkiyə Akkreditasiya Təşkilatı Azərbaycanla hansı formada əməkdaşlıq edir?
- 2000-ci ildə yaradılmış Türkiyə Akkreditasiya Təşkilatının qarşıya qoyduğu vacib məsələlərdən biri qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsidir. Azərbaycanla əməkdaşlığımız 2003-2004-cü illərdən başlayıb. Türkiyə Akkreditasiya Təşkilatını tanıtmaq, niyyətləri ortaya qoymaq və açıqlamaq xarakteri daşıyan görüşlərdən sonra Azərbaycan tərəfi ölkəmizin akkreditasiya sistemi üzrə təlim fəaliyyətlərində iştirak edib, qarşılıqlı səfərlər təşkil olunub, imzalanmış Anlaşma Memorandumu çərçivəsində işlər davam etdirilib. Hazırda tərəfimizdən dəstək və texniki yardımı özündə əks etdirən layihə icra edilir.
- Sizcə, Azərbaycanda hansı malların və xidmətlərin standartlaşdırılmasına daha çox ehtiyac var?
- Türk standartlarının sayı ümumilikdə iyirmi beş mini keçib, Azərbaycanda isə Avropa İttifaqından götürülən beynəlxalq standartların sayı 900-ə yaxındır, bundan başqa, köhnə sistemin böyük önəm verdiyi QOST standartları da mövcuddur. Strategiyalara baxanda görürəm ki, Azərbaycanda nisbətən az mal və xidmətin standartlara ehtiyacı var. Yüksək səviyyəli strateji sənədlərdən, ölkənin inkişafı üçün imzalanmış fərman və sərəncamlardan aydın olur ki, Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində mühüm addımlar atılır. Nəzərə alaq ki, müasir dünya ilk növbədə ticarət üzərində qurulub. Ona görə də ticarətdə mühüm əhəmiyyət kəsb edən standartlar, yəni ölkənin idxal-ixracında rol oynayan malların standartlarının hazırlanmasına üstünlük verilməlidir. Bu səbəbdən, ilk növbədə Azərbaycanın ixrac etmək niyyəti olan malların standartlarının Avropa İttifaqı və ya ISO standartlarına əsaslanaraq tərtib edilməsi düzgün addım kimi dəyərləndirilməlidir. Daha çox qeyri-neft sənaye məhsullarının ixracına üstünlük verən Azərbaycan üçün bu sahədə Avropa İttifaqı və Türkiyə ən böyük bazardır. Buna görə də həmin mallar üzrə standartların hazırlanması prioritet olmalıdır.
- Azərbaycan öz məhsullarını daha geniş beynəlxalq bazarlara çıxara bilmək üçün standartlar, sertifikatlaşdırma baxımından hansı işləri görməlidir?
- Qeyd etdiyim kimi, Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən layihənin son məqsədi beynəlxalq standart olan ISO 1711 standartı üzrə fəaliyyət göstərən akkreditə olunmuş laboratoriyalar və sertifikatlaşdırma təşkilatlarının yaradılmasıdır. Bu baxımdan, Beynəlxalq Laboratoriya Akkreditasiyası Əməkdaşlıq Təşkilatına (ILAC) üzvlüyü vacib hesab edirəm. Çünki belə olan halda, hazırlanmış bütün hesabatlar və sertifikatlar beynəlxalq bazarda avtomatik şəkildə qüvvəyə minəcək, beləliklə, qarşıya qoyulmuş hədəfə nail olunacaq, yəni məhsulların xarici ölkələrin bazarlarına ixrac edilməsinə üstünlük veriləcək, nəticədə ixrac zamanı həmin məhsullar problemsiz qəbul olunacaq.
Beynəlxalq bazarda təhlükəli sayılan məhsullarla bağlı fərqli yanaşmalar var.
Məhsulun ətraf mühit, insan sağlamlığı üçün təhlükəsiz olmasının önəmi artmaqdadır
- Azərbaycanın hazırda tətbiq etdiyi standartlar beynəlxalq səviyyədə hansı formada qəbul edilir?
- Beynəlxalq bazarda təhlükəli sayılan məhsullarla bağlı fərqli yanaşmalar var. Məhsulun ətraf mühit, insan sağlamlığı üçün təhlükəsiz olmasının önəmi artmaqdadır. İnkişaf etmiş ölkələrin bazarlarında məhsulun zərərli olub-olmaması daha çox narahatlıq doğurur. Bunun öhdəsindən yalnız məhsulun təhlükəli olmadığını göstərən müvafiq sertifikatlar və laborator-sınaq nəticələrinin beynəlxalq standartlara uyğunluğunu təsdiq edən hesabatların təqdim olunması ilə gəlmək mümkündür. Bunun üçün əsas şərt akkreditə olunmuş etibarlı laboratoriyalara və sertifikatlaşdırma təşkilatlarına sahib olmaq, akkreditasiya sistemini beynəlxalq səviyyədə tanına bilən hala gətirməklə fəaliyyəti ISO standartına uyğun təşkil etmək, sonra isə akkreditə olunmuş təşkilatların verəcəyi sertifikatlar və laboratoriya hesabatları ilə məhsulu xarici bazarlara təklif etmək lazımdır. Bütün bunlar əldə olunduğu təqdirdə, xarici bazarlarda qarşıya çıxa biləcək texniki maneələr və ya məhsulun cəlbediciliyi istiqamətində müxtəlif neqativ hallar aradan qaldırılacaq.
- Bildiyimiz kimi, Türkiyə Azərbaycanın ILAC-a tamhüquqlu üzv olması üçün mühüm dəstək göstərir. Sizcə, ölkəmizdə bunun üçün tələb edilən şərtlər yerinə yetirilirmi?
- Azərbaycan Akkreditasiya Mərkəzi ILAC-a tamhüquqlu üzv olmaq üçün planlı fəaliyyətini davam etdirir, bu məqsədlə Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən təlimlər keçirilir. Hesab edirəm ki, yaxın dövr ərzində Azərbaycandakı akkreditasiya sistemi daha da inkişaf etdirilməli, ILAC-a tamhüquqlu üzv olmaq üçün Mərkəz lazım olan şərtləri təmin etməli, Avropa Akkreditasiya Təşkilatı tərəfindən müəyyən olunmuş beynəlxalq auditdən keçməlidir. Bununla yanaşı, müvafiq laboratoriyaların akkreditasiyası sahəsində beynəlxalq səviyyədə tanınmaq prioritetdir. Azərbaycan Akkreditasiya Mərkəzi bununla bağlı lazımi tədbirlər görür və ötən 10 ayda bu istiqamətdə mühüm addımlar atılıb. Bundan əlavə, beynəlxalq meyarlara və ISO standartlarına uyğun olaraq, akkreditasiya auditini həyata keçirmək üçün kadr potensialı gücləndirilməlidir. Yaxın gələcəkdə müvafiq qanunvericiliyə dəyişikliklər etməklə bu prosesin daha da sürətlənəcəyinə və qarşıya qoyulan hədəfə çatmaq üçün layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurla həyata keçiriləcəyinə əminəm.
İlhamə İSABALAYEVA