Leonid Karabeşkin: “Transxəzər marşrutunun inkişafı Estoniya üçün müəyyən imkanlar açır” MÜSAHİBƏ
Estoniya və Azərbaycanı ümumi maraqlar, o cümlədən dövlətlərimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq birləşdirir.
İqtisadçı ekspert, Avroakademiyanın Beynəlxalq münasibətlər fakültəsinin dekanı vəzifəsini icra edən professor Leonid Karabeşkin "vergiler.az"ın iki ölkə arasında ikitərəfli münasibətlərə dair sullarını cavablandırıb.
- Cənab Karabeşkin, Azərbaycan-Estoniya münasibətlərinin dinamikasını necə qiymətləndirirsiniz. İki ölkə arasında əməkdaşlıqda önə çıxan məqlamlar nələrdir?
- Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Estoniyaya səfərindən sonra, 2022-ci ilin mayında Estoniya parlamentinin sədri Yuri Ratasın Azərbaycana səfəri münasibətlərə yeni təkan verib. Azərbaycanla əlaqələr üzrə parlament qrupu fəal işləyir.
Estoniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və dəstəkləyir. Hər iki ölkənin paytaxtında diplomatik nümayəndəliklərin olması da vacib amillərdəndir.
Yuri Ratasın səfəri zamanı əməkdaşlığın maraq doğuran sahələri müəyyən edilib. Buraya İT, nəqliyyat, enerji, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı daxildir. İndiki mərhələ həm də qarşıya yeni vəzifələr qoyur. Estoniya tranzit dövlət kimi Azərbaycandan yük axınlarının cəlb edilməsində maraqlı ola, Azərbaycan şirkətləri də Avropa İttifaqı (Aİ) bazarlarına çıxmaq üçün Estoniyanın imkanlarından daha fəal istifadə edə bilərlər. Estoniyalı istehlakçılar rəflərdə Azərbaycanın ənənəvi məhsullarını, məsələn, pomidoru görməkdən məmnun olarlar. Estoniyanın Aİ-dəki əsas tərəfdaşlarının ağır iqtisadi vəziyyətini, eləcə də Rusiya ilə münasibətlərdəki siyasi çətinlikləri nəzərə alaraq, Estoniya iqtisadiyyatının müəyyən sektorları, çox güman ki, öz ixracatını diversifikasiya etmək imkanını nəzərdən keçirəcəklər.
Estoniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və dəstəkləyir
- Ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsi qaneedici sayıla bilərmi?
- Estoniyanın dövlət statistikasına görə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi hələ ki kiçikdir. Tarixən Azərbaycanla ticarət Estoniyanın xarici ticarətinin 0,01-0,02%-ni təşkil edib. Bununla belə, son iki ildə müsbət tendensiya müşahidə olunur. 2022-ci ilin nəticələrinə görə, Estoniyanın Azərbaycana mal ixracında 3 dəfədən çox artım qeydə alınıb. Bu, 12 milyon avrodan artıqdır. Lakin qeyd elədiyimiz statistik artım iki və ya üç böyük sövdələşmənin hesabına olub. Azərbaycandan mal idxalı da son 5 ildə 3 dəfə artıb və 5 milyon avroya yaxınlaşıb.
Qarşılıqlı xidmət ticarətində müsbət dinamika müşahidə olunur. Ötən il Estoniyanın Azərbaycana xidmət ixracı 22 milyon avroya çatıb. Bu, yəqin ki, İT sektorunun mühüm rol oynadığı Estoniya iqtisadiyyatının xidmət strukturu ilə bağlıdır. Xidmət ticarətinin daha balanslı olması vacibdir. Keçən il Azərbaycan Estoniyaya ixracın həcmini 12 milyon avroya çatdırıb.
- İT texnologiyaları sahəsində öndə olan Estoniya Azərbaycanla hər hansı layihə planlaşdırırmı?
- Bildiyimə görə, artıq bir sıra layihələr həyata keçirilib. Xüsusilə, Azərbaycan dünyada Estoniyanın “X-Road” elektron hökumət platformasından istifadəyə başlayan ilk ölkə olub. Digər sahələr də var. Bununla belə, İKT sahəsində əməkdaşlığın potensialı həqiqətən sonsuzdur.
Estoniya tranzit dövlət kimi Azərbaycandan yük axınlarının cəlb edilməsində
maraqlı ola, Azərbaycan şirkətləri də Avropa İttifaqı bazarlarına
çıxmaq üçün Estoniyanın imkanlarından daha fəal istifadə edə bilərlər
- Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanın Aİ-yə inteqrasiyası prosesində Estoniya necə iştirak edə bilər? Azərbaycan Estoniyadan hansı təcrübəni mənimsəyə bilər?
- Azərbaycanın Aİ-yə daxil olmaq planı gündəliyə gəlsə, rəsmi Tallin bunu alqışlayacaq və əlindən gələn köməyi əsrgəməyəcək. Estoniya postsovet məkanında qanunun aliliyinin formalaşması və ən uğurlu bazar islahatları sahəsində təcrübəsini bölüşə bilər.
Azərbaycan ilə Aİ arasında dialoq getdikcə inkişaf edir. Aİ-Azərbaycan tərəfdaşlığının formalaşdırılmış prioritetləri, demək olar ki, Estoniyanın tanınmış səlahiyyətlərinə tam uyğundur - bu, dövlət idarəçiliyi səmərəliliyinin, o cümlədən rəqəmsallaşma yolu ilə, artırılmasıdır, işləyən bazar mühitinin inkişafıdır, enerjidən istifadənin səmərəliliyidir.
Şərq Tərəfdaşlığı xüsusilə təhsil sahəsində əlavə imkanlar açır. Yeri gəlmişkən, hazırda Estoniyada Azərbaycandan 200-ə yaxın tələbə təhsil alır. Universitetlərarası əməkdaşlıq inkişaf edir.
- Xəzər regionundan karbohidrogenlərin beynəlxalq bazarlara nəqli üçün Avropa-Asiya dəhlizinin tikintisi layihəsində Estoniyanın rolunu necə giymətləndirirsiniz?
- Bütövlükdə Aİ və onun tərkib hissəsi kimi Estoniya xammal mənbələrinin şaxələndirilməsini alqışlayır. Bu baxımdan, Azərbaycanla əməkdaşlıq strateji xarakter alır – ölkənizdən Avropaya qaz nəqlinin iki dəfə artırılması nəzərdə tutulur. Şərq-Qərb əlaqəsinin getdikcə zəifləməsi fonunda Transxəzər tranzit marşrutunun inkişafı Şimal-Cənub marşrutunun inkişafında son dərəcə maraqlı olan Estoniya üçün də müəyyən imkanlar açır.
Tamilla MƏMMƏDOVA