11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nemət Nağdəliyev: "Məqsədimiz xarici bazarlarda rəqabətliliyin inkişaf etdirilməsidir" (II hissə) MÜSAHİBƏ

Müsahibənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

- Azərbaycanla Avropa ölkələri arasında iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi üçün daha çox hansı sahələrdə potensial görürsünüz?

- Azərbaycandan Mərkəzi Avropa ölkələrinə qeyri-neft məhsullarının ixracındakı artım həm pandemiya dövründə, həm də pandemiyadan sonra davam edib. İxracda artım məhsulların çeşidlərində və dəyərində özünü göstərir. Azərbaycan şirkətləri Avropa bazarına maraq göstərirlər, yəni qeyri-neft məhsullarının ixracının artırılması üçün potensial var. Enerji resurslarına gəldikdə, Azərbaycan Aİ və digər Avropa ölkələrinin strateji tərəfdaşıdır və istər xam neft, istərsə də təbii qaz növbəti illərdə də əsas ixrac məhsulu olaraq qalacaq.

Polşadakı təcrübəmizə əsasən deyə bilərik ki, Azərbaycan şərabları keyfiyyətinə görə heç də digər ölkələrin məhsullarından geri qalmır və istehlakçılar tərəfindən bəyənilir. İşğaldan azad edilmiş ərazilərimiz mineral resurslarla zəngin olduğundan, gələcəkdə müxtəlif növ qara və əlvan metalların da Mərkəzi Avropa ölkələrinə ixracı artırıla bilər. Fındıq və pomidorun ixracının artırılmasında potensial var. Lakin Avropa ölkələrinə ixrac potensialımızın artması üçün bəzi addımlar atılmalıdır. Yerli şirkətlərimiz rəqabət qabiliyyətlərini artırmalı, Avropa bazarına hədəflənməli, təhlillər aparmalı, müvafiq sertifikatlar əldə etməli, tələb olunan qablaşdırma şərtlərini mənimsəməlidirlər.

Azərbaycandan Mərkəzi Avropa ölkələrinə qeyri-neft məhsullarının ixracındakı
artım həm pandemiya dövründə, həm də pandemiyadan sonra davam edib.
İxracda artım məhsulların çeşidlərində və dəyərində özünü göstərir

Azərbaycanın Mərkəzi Avropa ölkələrindən birbaşa investisiyaları cəlb etmək potensialı da böyükdür. Ölkəmizdə xeyli sayda sənaye parkları və məhəllələri, Ələt Azad İqtisadi Zonası yaradılıb, yerli və xarici investorlar üçün şərtlərin bərabər olması, güzəşt və imtiyazların verilməsi təmin edilib. Ölkəmizin Şimal-Cənub, Qərb-Şərq istiqamətlərində tranzit imkanları genişdir. İşğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq işləri aparılır və bu işlərə xarici investorlar cəlb olunur. Mərkəzi Avropa ölkələrindən sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, alternativ enerji sektoru, “yaşıl iqtisadiyyat”, informasiya texnologiyaları, müasir maliyyə xidmətləri, “ağıllı idarəetmə”, “ağıllı kənd təsərrüfatı”, turizm və rekreasiya zonalarının inkişafı və bir çox digər sahələrə investorların cəlb edilməsi mümkündür.

Çay brendlərimiz Avropa ölkələrində kifayət qədər məşhurlaşıb

- Ölkələr arasındakı ticarət dövriyyəsinin artırılması ilə bağlı qarşıya hansı hədəflər qoyulub?

- “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas hədəflərindən biri ölkənin xarici ticarət dövriyyəsinin xüsusilə qeyri-neft ixracı hesabına artırılmasıdır. Hazırda ümumi ixracın yalnız 10 faizi qeyri-neft sektoruna aiddir ki, bunun da təqribən 35 faizi Rusiya, 25 faizi isə Türkiyə bazarına yönəldilib. Məqsədimiz ixracın Avropa bazarlarına şaxələndirilməsi, bu ölkələrdə məhsullarımızın tanıdılması, onlara olan tələbatın yaradılması və artırılması, xarici bazarlarda rəqabətliliyin inkişaf etdirilməsidir. Bunun üçün qarşıda ixrac mədəniyyətinin təşəkkülü, bunun fonunda şirkətlərin istehsal və idarəetmə qabiliyyətinin artırılması, səmərəli istehsal prosesinin formalaşdırılması və optimallaşdırılması kimi mühüm vəzifələr durur.

Növbəti hədəf isə həm keyfiyyət, həm də qiymət cəhətdən rəqabətqabiliyyətli məhsulların istehsalına nail olmaqdır. Təbii ki, Azərbaycanın qeyri-neft ixracı potensialı haqqında beynəlxalq səviyyədə məlumatlılıq yaratmaq lazımdır ki, bu da, ümumiyyətlə, ticarət nümayəndəsi aparatları strukturunun əsas fəaliyyət sahələrindən biridir.

Mərkəzi Avropa ölkələrindən sənaye və kənd təsərrüfatı məhsullarının
istehsalı, alternativ enerji sektoru, “yaşıl iqtisadiyyat”, informasiya
texnologiyaları, müasir maliyyə xidmətləri, “ağıllı idarəetmə”, “ağıllı
kənd təsərrüfatı”, turizm və rekreasiya zonalarının inkişafı və bir
çox digər sahələrə investorların cəlb edilməsi mümkündür

- Avropa bazarında “Made in Azerbaijan” brendi ilə daha çox hansı məhsullarımız tanınır?

- Avropada Azərbaycan qeyri-neft məhsulu dedikdə, ənənəvi olaraq, ilk ağıla gələn nar və nar məhsulları - nar şirəsi, narşərab, nar şərabı olur. Lakin son illərdəki fəaliyyətimizin nəticəsi olaraq, artıq Polşada üzüm şərabları, konyak, meyvə araqları, meyvə şirələri və kompotlarımız da kifayət qədər tanınır. Çaylarımız böyük rəğbət qazanıb. "Made in Azerbaijan" brendini ləyaqətlə daşıyan Azərbaycan çayı dünyanın bir çox ölkəsində, o cümlədən Avropada kifayət qədər məşhurdur.

- Avropa ölkələrindəki ticarət evlərinin sayının artırılması ilə bağlı hansı planlar var?

- Hazırda Kiyev, Minsk, Riqa kimi bir neçə şəhərdə Azərbaycan ticarət evləri fəaliyyət göstərir. 2018-ci ildə Polşanın Varşava şəhərində də belə bir məkan yaradılıb. Bu ticarət evində ümumilikdə 30-a yaxın Azərbaycan şirkətinin məhsulları potensial idxalçılara nümayiş olunur, 20 şirkətin məhsulu isə Polşaya ixrac edilərək həm pərakəndə, həm də topdansatış üçün yerli alıcılara təqdim edilir. Yeni ticarət evlərinin yaradılması xarici ölkə bazarlarının dərin və hərtərəfli təhlilindən sonra nəzərdən keçirilə bilər. Hazırda “Made in Azerbaijan” məhsullarına maraq göstərən və idxal potensialı yüksək dəyərləndirilən bazarların axtarışı istiqamətində işlər davam etdirilir.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?