7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nemət Nağdəliyev: “Azərbaycanın Mərkəzi Avropa ölkələrindən birbaşa investisiyalar cəlb etmək potensialı böyükdür” MÜSAHİBƏ

Azərbaycanın Avropada Ticarət Nümayəndəliyini təsis etməsinin əsas məqsədlərindən biri Avropa ölkələri ilə əlaqələri daha da inkişaf etdirmək, bu dövlətlərdə "Made in Azerbaijan" brendini və Azərbaycandakı investisiya mühitini təşviq etmək, ölkəmizin qeyri-neft ixracının artırılmasına nail olmaqdır. 2017-ci ilin oktyabrında Azərbaycanın Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilmiş Nemət Nağdəliyev nümayəndəliyin fəaliyyəti ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır

- Nemət müəllim, Mərkəzi Avropa ölkələri ilə Azərbaycan arasındakı ticarət-iqtisadi əməkdaşlıq hazırda hansı səviyyədədir?

- Avropa İttifaqı (Aİ) ilə ticarət əlaqələrinə dair ümumi statistik məlumat Azərbaycanın Mərkəzi Avropa ölkələri ilə ticarət-iqtisadi əməkdaşlığı barədə daha geniş təsəvvür yaratmağa imkan verə bilər. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə Ticarət nümayəndəsi aparatının kurasiyasındakı 10 ölkədən, İsveçrə və Lixtenşteyn istisna olmaqla, 8-nin Aİ üzvü olduğunu nəzərə alsaq, deyə bilərik ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Bu, həm xarici ticarət dövriyyəmizdə, həm də ixracımızda özünü göstərir. 2021-ci ilin statistikasına əsasən, Azərbaycan ilə Aİ arasında xarici ticarət dövriyyəsinin həcmi 15,2 milyard ABŞ dolları olub ki, bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 44,8 faizini təşkil edir. Aİ ilə ticarət dövriyyəmizdə əhəmiyyətli müsbət saldo var: 2021-ci ildə Azərbaycandan Aİ-yə ixracın dəyəri 13 milyard dollar, idxalın dəyəri isə 2 milyard dollar olub. İxrac Azərbaycanın ümumi ixracının 58,8 faizini təşkil edib. İxracımızın 98 faizi xam neftin payına düşüb. Son zamanlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artdığını nəzərə alsaq, Aİ ilə ticarət dövriyyəmiz növbəti illərdə də yüksək səviyyədə olacaq.

2021-ci ilin statistikasına əsasən, Azərbaycan ilə Aİ arasında
xarici ticarət dövriyyəsinin həcmi 15,2 milyard ABŞ dolları olub ki,
bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 44,8 faizini təşkil edir

- Azərbaycandan Mərkəzi Avropa ölkələrinə ixracın strukturunda hansı məhsullar daha çoxdur?

- 2021-ci ildə Azərbaycanın Mərkəzi Avropa ölkələri ilə ümumi ticarət dövriyyəsi 3,23 milyard dollar olub ki, burada da saldo müsbətdir: 2,09 milyard dollar ixracın, 1,14 milyard isə idxalın payına düşür. İxracımızın 1,8 milyard dollarını, yəni 86 faizini xam neft təşkil edib. Lakin qeyri-neft məhsullarının ixracı da ildən-ilə artmaqdadır. İxrac edilən əsas qeyri-neft məhsullarımıza qızıl, gümüş, mis filizi, fındıq, alüminium ərintiləri, alüminium plitələr və zolaqlar, ferrosilisium ərintiləri, metanol, bentonit gili və polietilen məhsulları aiddir. Bu məhsulların 2021-ci ildə qeyri-neft ixracında payı 80 faiz təşkil edib. Burada qızıl əhəmiyyətli paya malikdir, ondan sonra isə fındıq ixracı gəlir. Bu məhsulların coğrafi diversifikasiyası da fərqlidir, yəni fərqli ölkələrə fərqli məhsullar ixrac edilir. Geniş coğrafi diversifikasiyası olan və nəzərəçarpan həcmdə ixraca gedən məhsullar siyahısında fındıq öndədir. Azərbaycanın beş Avropa ölkəsinə ixrac etdyi fındığın dəyiri 20 milyon dollardan artıqdır.

- Mərkəzi Avropa ölkələrindən Azərbaycana daha çox hansı məhsullar idxal olunur?

- Yerüstü nəqliyyat vasitələri, minik avtomobilləri, mexanizmlər, elektrotexniki avadanlıqlar, əczaçılıq məhsulları, ətriyyat və kosmetik vasitələr, optik, tibbi, ölçü cihazları, müxtəlif qida məhsulları ümumi idxalın 70-75 faizini təşkil edir.

Geniş coğrafi diversifikasiyası olan və nəzərəçarpan həcmdə ixraca
gedən məhsullar siyahısında fındıq öndədir. Azərbaycanın beş Avropa
ölkəsinə ixrac etdyi fındığın dəyiri 20 milyon dollardan artıqdır

- Ticarət Nümayəndəliyi Mərkəzi Avropa ölkələri üzrə iqtisadi əməkdaşlığın inkişafında, qeyri-neft ixracının artırılmasında nə kimi rol oynayır?

- Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə Ticarət nümayəndəsinin aparatı dövlət başçısının 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi haqqında" fərmanına əsasən təsis edilib və 2017-ci ilin oktyabrında iqtisadiyyat nazirinin müvafiq əmri ilə Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib. Məqsəd Azərbaycanın qeyri-neft məhsullarının və xidmətlərinin Mərkəzi Avropa ölkələrinə ixracını artırmağa dəstək göstərmək, bu ölkələrdən investisiyaların cəlbini təşviq etməkdir.

Ötən 5 il ərzində aparatımız tərəfindən Polşa, Almaniya, Avstriya, Çexiya, Macarıstan, İsveçrə, Xorvatiyada 30-dan çox beynəlxalq sərgi və yarmarkada, ixrac missiyalarında, biznes forumlarında “Made in Azerbaijan” brendi, ölkəmizdəki investisiya mühiti və potensial investisiya sahələri təşviq edilib, meyvə-tərəvəz məhsullarının topdansatısı, supermarketlər şəbəkəsi, spirtli içki alıcıları və idxalçıları, tekstil şirkətləri və xam pambıq alıcıları, kimya məhsulları şirkətləri, dəmir və polad idxalçıları, alüminium sənayesi şirkətləri, bentonit gili alıcıları, əczaçılıq şirkətləri, tütün idxalçıları, kənd təsərrüfatı maşın və avadanlıqları istehsalçıları, işıqlandırma, logistika şirkətləri, beynəlxalq sərgi və yarmarka təşkilatçıları, bu ölkələrin ticarət palataları, müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış assosiasiyalar kimi 200-dən çox qurumla əlaqələr qurulub. Mərkəzi Avropa ölkələrindən kənd təsərrüfatı və sənaye məhsulları ilə bağlı daxil olan sorğular Azərbaycan şirkətlərinə yönəldilib. Azərbaycandan Polşaya və digər Aİ ölkələrinə məhsul ixrac edən şirkətlər Avropa İttifaqında tətbiq olunan gömrük rüsumları, ƏDV və aksiz vergiləri, standartlar barədə məlumatlandırılıb, tələb olunan sertifikatlar, laborator müayinələr və digər lazımi sənədlərin əldə edilməsi, nəqliyyat-loqistika məsələlərində dəstək, Polşadakı tərəfdaşları ilə mübahisəli problemlərin həlli istiqamətində müvafiq işlər görülüb.

Hazırda Azərbaycanın dəmir və polad məhsullarının, bentonit gilinin,
azot gübrəsinin Mərkəzi Avropa ölkələrinə ixracı üzərində geniş iş aparılır

Qeyd etməliyəm ki, aparatımız tərəfindən Polşada bəzi “ilklərə” imza atılmasına dəstək göstərilib. COVID-19 pandemiyası dövründə – 2020-ci ilin ortalarında Polşada “Auchan Polska”nın bütün pərakəndə satış zəncirlərində Azərbaycan istehsalı olan spirtli içkilərin (şərab, konyak, pivə, nar şərabı) və digər qida məhsullarının (nar şirələri, meyvə suları və kompotlar, digər konserv məhsulları) satışına dair müddətsiz razılıq əldə olunub və bu günədək Polşadakı 70-dən çox “Auchan” hipermarketində “Made in Azerbaijan” brendi altında məhsullar satılır. 2021-ci ilin payızından etibarən Azərbaycandan Polşaya davamlı olaraq böyük həcmdə pomidor ixracının təşkilinə kömək göstərilib və bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa, Polşanın “Carrefour”, “Jabka”, “Biedronka” kimi supermarketlər şəbəkələri ilə də “Made in Azerbaijan” brendinə aid məhsulların satışına dair danışıqlar gedir.

Hazırda Azərbaycanın dəmir və polad məhsullarının, bentonit gilinin, azot gübrəsinin Mərkəzi Avropa ölkələrinə ixracı üzərində geniş iş aparılır. Ticarət nümayəndəsi aparatının dəstəyi ilə polad məhsullarının istehsalında aparıcı şirkətlərdən olan “Baku Steel Company” ilə Polşanın 4 idxalçı və distribütor şirkəti arasında cari ilin 20 oktyabrında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan-Polşa biznes forumu çərçivəsində armatur ixracı ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.

Avropa ölkələrinə ixrac potensialımızın artması üçün bəzi addımlar atılmalıdır

- Avropa ölkələri ilə Azərbaycan arasındakı investisiya əməkdaşlığı, sizcə, hansı səviyyədədir?

- Xarici investisiyaların ölkəmizə cəlb edilməsi müxtəlif kanallar vasitəsilə təşviq edilir. Bu işdə AZPROMO, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və ticarət nümayəndələri, diplomatik nümayəndəliklər, müxtəlif ölkələrlə birgə yaradılan ticarət palataları, assosiasiyalar əməkdaşlıq edir. Böyük xarici korporasiyalar, transmilli şirkətlər, investisiya holdinqləri özləri müxtəlif təşəbbüslərlə, təkliflərlə çıxış edə bilir və ya yerli şirkətlərimiz öz istehsallarını genişləndirmək məqsədilə xarici investorlarla, müəssisələrlə əməkdaşlıq edirlər. Statistikaya gəlincə, Azərbaycanda xarici investisiyaların qoyuluşunda Mərkəzi Avropa ölkələrindən Almaniya, İsveçrə və Avstriya daha aktivdir. 2017-2021-ci illərdə Mərkəzi Avropa ölkələri tərəfindən Azərbaycana qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcmi 643 milyon dollar təşkil edib ki, bunun da 96 faizi Mərkəzi Avropa ölkələrinin payına düşür. Həmin ölkələr Azərbaycanın dağ-mədən, hasilat, enerji, emal sənayesi sektorlarında aktiv investorlardır. Məsələn, son belə müqavilələrdən biri Azərbaycan Sənaye Korporasiyasına məxsus “Azəralüminium” MMC və Almaniyanın “Achenbach” şirkəti arasında Gəncədə birgə alüminium müəssisəsinin yaradılması ilə bağlı imzalanıb. Layihənin ümumi dəyəri 450 milyon dollardan çoxdur. Buna təkan verən amil isə son illər Azərbaycandan bir çox ölkələrə, eləcə də Avropa ölkələrinə alüminium məhsullarının ixracının artmasıdır.

Azərbaycanda xarici investisiyaların qoyuluşunda Mərkəzi
Avropa ölkələrindən Almaniya, İsveçrə və Avstriya daha aktivdir

Biz Polşa, Almaniya, Avstriya, Xorvatiya, İsveçrə, Çexiya, Macarıstanın ticarət palataları, assosiasiyaları, investisiya bankları ilə əlaqələr qurmaqla bu ölkələrdə keçirilən təşviqat tədbirlərində Azərbaycanda xarici investisiyalara açıq olan sahələr, azad iqtisadi zonalar, sənaye parkları və sənaye məhəllələri, bu zonalarda tətbiq edilən maliyyə və inzibati güzəştlər, investisiya təşviqi sənədi, işğaldan azad edilmiş ərazilərdəki layihələr barədə mütəmadi məlumatlar veririk.

Azərbaycana investisiya yatırımı ilə bağlı bizə Polşa şirkətləri tərəfindən müəyyən müraciətlər edilib. Onlar daha çox maliyyə sektoru, işıqlandırma, kənd təsərrüfatı maşın və avadanlıqlarının istehsalı kimi sahələrə investisiya qoyuluşunda, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərində iştirakda maraqlıdırlar. Son belə müraciətlərdən biri Polşada, eləcə də Avropada işıqlandırma sektorunda aparıcı şirkətlərdən olan “LUG S.A.” tərəfindən olub. Şirkət Azərbaycanda şəhərlərin, sənaye obyektlərinin, dövlət müəssisələrinin işıqlandırılmasına, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələrdə iştiraka, birgə müəssisələrin yaradılmasına maraq göstərir, xüsusən də “ağıllı kənd”, “ağıllı şəhər” layihələrində “ağıllı işıqlandırma” təklifləri ilə çıxış edib. Bu məqsədlə bu il oktyabrın 20-də Bakıda keçirilmiş Azərbaycan-Polşa biznes forumu çərçivəsində şirkət nümayəndələri Bakıya səfər edib, AZPROMO-da, Ələt Azad İqtisadi Zonasında, İqtisadi Zonaların İnkişafı Agentliyində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində görüşlər keçirib, təqdimatlar ediblər.

İlhamə İSABALAYEVA

Ardı var...

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?