24 May 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xidmətin göstərildiyi yerin müəyyənləşdirilməsi

ƏDV məqsədləri üçün görülən işlərin, göstərilən xidmətlərin yerindən asılı olaraq vergitutmanın ayrı-ayrı halları tətbiq edilir. Bəzən elə əməliyyat olur ki, o, faktiki olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirilir, lakin Vergi Məcəlləsinə görə, həmin əməliyyat Azərbaycan Respublikasında həyata keçirilmiş sayılır və vergiyə cəlb edilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunur ki, əgər xidmətlər Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, o zaman bu əməliyyatlar ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Məsələn, tutaq ki, ƏDV qeydiyyatında olan Azərbaycan Respublikasının rezidenti "A" MMC hər hansı hüquqi məsələlərlə bağlı Türkiyə Respublikasının rezidenti olan bir şirkətdən İstanbul şəhərində hüquq xidməti alır.

Xidmətlər faktiki olaraq respublika xaricində göstərilsə də xidmətlərin alıcısı olan "A" MMC Azərbaycan Respublikasında qeydiyyatda olduğu üçün bu əməliyyat respublika daxilində həyata keçirilmiş əməliyyat kimi vergi tutulan əməliyyatlara daxil edilir. Bu halda, Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, qeyri-rezidentin göstərdiyi xidmətə görə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Başqa bir misal: Marketinq, reklam xidmətləri fəaliyyəti ilə məşğul olan "A" MMC Türkiyə Respublikasının rezidenti olan bir müəssisə ilə müqavilə bağlayır və şirkətə istər ölkə daxilində, istərsə də ölkə xaricində həmin şirkətin məhsulları üçün reklam və marketinq xidmətləri göstərir. Bu halda, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, bu əməliyyat xidmətlərin ixracı sayılır və "0" dərəcə ilə ƏDV-yə cəlb edilir.

Daşınan əmlakla bağlı xidmətlərin göstərilməsinə dair başqa bir misal: Fərz edək ki, xüsusi təyinatlı nəqliyyat vasitələrinin təmiri üzrə ixtisaslaşmış Azərbaycan Respublikasının rezidenti olan "A" MMC Rusiya Federasiyasından sifariş qəbul edir. Cəmiyyət nəqliyyat vasitələrinin təmiri ilə bağlı xidmətlərini, faktiki olaraq, Moskva şəhərində göstərir. O, göstərdiyi xidmətin dəyərini 15.000 ABŞ dolları müəyyən edir və ödənişlə bağlı lazımi sənədləşməni müştəriyə göndərir. Vergi Məcəlləsinin 168.1.2-ci maddəsinə əsasən, göstərilən xidmətlər daşınan əmlakla bağlı olduqda xidmətlərin faktiki göstərildiyi yer əsas götürülür. Bizim misalda bu xidmət Məcəllənin 168.1.2-ci maddəsinə uyğun olaraq respublika xaricində göstərildiyinə görə, bu əməliyyat ƏDV məqsədləri üçün vergitutma obyekti deyildir. Belə olan halda, həmin əməliyyatdan əldə edilən gəlir yalnız mənfəət vergisinə cəlb olunacaq.

Fəxriyyə İKRAMQIZI