11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Teymur Nadiroğlu: "Azərbaycan üçün Çin bazarının önəmi daha da artacaq" Müsahibə

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çin Xalq Respublikası ilə iqtisadi əlaqələr getdikcə inkişaf edir. Bu inkişafa daha da təkan vermək məqsədilə 2018-ci ildə Çində ölkəmizin Ticarət Nümayəndəliyinin rəsmi ofisi açılıb. Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iki ölkə arasındakı iqtisadi əlaqələrin vəziyyəti ilə bağlı "vergiler.az" portalına müsahibə verib.

- Teymur müəllim, son illər Azərbaycanla Çin arasındakı əlaqələr daha çox hansı istiqamətlər üzrə inkişaf edib?

- 2022-ci il Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər baxımından rəmzi əhəmiyyət kəsb edir, çünki biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 ildə mühüm nailiyyətlər əldə olunub və Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimad, hörmət və dostluq prinsiplərinə əsaslanaraq durmadan inkişaf edib. Bu dövr ərzində Azərbaycan-Çin iqtisadi əməkdaşlığı bir çox sahələrdə uğur əldə edib və ikitərəfli ticarət əhəmiyyətli dərəcədə artıb. 2021-ci ilin gömrük statistikasına əsasən, Çin Azərbaycanın ən böyük dördüncü ticarət tərəfdaşı və üçüncü idxal mənbəyi ölkəsidir.

Şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və dostluğu ikitərəfli əməkdaşlığın inkişafında böyük önəm daşıyır. Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub, ikitərəfli əlaqələrin gələcək inkişafı üçün yeni hədəflər müəyyənləşdirib. Bu səfər zamanı iki ölkə arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb və Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən birinə çevrilib. Memorandum imzalandıqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb.

2021-ci ilin gömrük statistikasına əsasən, Çin Azərbaycanın ən böyük
dördüncü ticarət tərəfdaşı və üçüncü idxal mənbəyi ölkəsidir.

İqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsi üzrə əməkdaşlıqdır. Avropa ilə Asiya arasında yerləşən ölkə kimi Azərbaycan Avrasiya regionunun nəqliyyat və logistika sektoruna əhəmiyyətli töhfə verir. Ölkəmiz "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsində praktiki işlər görür. Bu baxımdan, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli nəqliyyat qovşağına çevrilməsini mümkün edib. Bu dəhliz qısa müddət ərzində Çin və Avropanı birləşdirən önəmli marşruta çevrilib. Xatırlatmaq istərdim ki, cəmi bir neçə gün əvvəl – sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində iki dövlət başçısının növbəti görüşü baş tutub. Si Cinpin Azərbaycan ilə Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti "Orta dəhliz", "Bir kəmər, bir yol" layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayaraq, Azərbaycanın Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynadığını və ölkəmizin nəqliyyat-logistika imkanlarının beynəlxalq yükdaşımalarında böyük əhəmiyyətə malik olduğunu bildirib.

- Çin Xalq Respublikasında Azərbaycanın Ticarət Nümayəndəliyinin fəaliyyətə başlaması iqtisadi əlaqələrin genişlənməsinə hansı töhfəni verə bilib?

- Ticarət Nümayəndəsi Aparatının (TN Aparatı) fəaliyyət dairəsi kifayət qədər genişdir. 2018-ci ilin fevralında Pekin şəhərində fəaliyyətə başladıqdan sonra iqtisadi-ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əlaqələrin inkişafı istiqamətində aktiv şəkildə səylər göstəririk. TN Aparatının əsas fəaliyyət istiqamətləri Çindən ölkəmizə investisiyaların cəlbi, qeyri-neft məhsullarımızın bu ölkəyə ixracının artırılması, Azərbaycan şirkətlərinin, iş adamlarının hüquq və mənafelərinin qorunmasıdır. Biz, TN Aparatı olaraq, şirkətlər arasında əlaqələrin qurulması, inkişaf üçün möhkəm tərəfdaşlığın yaradılması, bazarların genişləndirilməsi və bütün tərəflər üçün qazanclı vəziyyət yaratmaq məqsədilə mümkün olan hər şeyi edirik. Bu məqsədlə, mütəmadi olaraq, Çində keçirilən beynəlxalq tədbir və sərgilərdə ölkəmizin investiya potensialı və biznes mühiti təbliğ edilir. Ticarətin təşviqi və məhsullarımızın Çinə ixracının artırılması məqsədilə tanıdılması, satış kanallarının genişləndirilməsi, yeni tərəfdaşların tapılması və bazarın araşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsi olaraq, Azərbaycanla həm ticarət, həm də investisiya sahələrində əməkdaşlığa maraq göstərən Çin şirkətlərini ölkəmizdəki tərəfdaşlarla əlaqələndiririk.

İqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri nəqliyyat-
tranzit sahəsi üzrə əməkdaşlıqdır. Avropa ilə Asiya arasında
yerləşən ölkə kimi Azərbaycan Avrasiya regionunun
nəqliyyat və logistika sektoruna əhəmiyyətli töhfə verir.

Şirkətlərimizə Çində ticarət və əqli mülkiyyət sahəsində üzləşdikləri problemlərlə bağlı məsləhətlər verilir və müvafiq kömək göstərilir. Xüsusi olaraq, Çin bazarına daxil olmuş xarici şirkətlər üçün əqli mülkiyyət sahəsində hüquqların qorunmasının önəmini qeyd etmək istərdim. Bir sıra şirkətlərimizin əmtəə nişanları yerli şirkətlər tərəfindən icazəsiz olaraq qeydiyyatdan keçirilib. Biz şirkətlərimizə məxsus bu əqli mülkiyyətin qaytarılması üçün onlara dəstək göstəririk. Bazara daxil olmamışdan əvvəl əqli mülkiyyət hüquqlarının qeydiyyatdan keçirilməsinin önəmi haqqında şirkətlərimizə məlumat veririk.

2019-cu ildən hər il Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində (CIFTIS) ölkəmizdə investorlar üçün yaradılmış şərait, təklif edilən imtiyazlar və göstərilən xidmətlər haqqında geniş məlumat təqdim edirik. Eyni zamanda, 2021-ci ildə Çindao və Canciaciye şəhərlərində Azərbaycanın iki "Azərbaycan Ticarət Evi", Cinan və Vuhan şəhərlərində yerləşən "G-Hub" ticarət mərkəzlərində isə iki "Azərbaycan Ticarət Bölməsi" fəaliyyətə başlayıb. Ötən il TN Aparatı Çində dövlət qurumları, ticarət palataları, biznes assosiasiyaları və şirkətlərlə 100-dən çox görüş keçirib.

Çinli istehlakçılar Azərbaycanın qida və içki məhsullarını bəyənirlər

- Böyük alıcı kütləsi olan Çin bazarında “Made in Azerbaijan” brendi altında təqdim edilən hansı məhsullar istehlakçı rəğbətini qazana bilibmi?

- Təbii olaraq, Azərbaycan Çində daha çox neft ölkəsi kimi tanınır. Bu stereotipi qırmaq və ölkəmizin qeyri-neft sektoruna aid məhsullarını burada tanıtmaq böyük əmək tələb edir. Nəzərə almaq lazımdır ki, Çin istehlakçılarının məhsul seçimi ilə bağlı özünəməxsus yanaşması var. Onlar idxal olunmuş məhsulu istehsalçı ölkə ilə əlaqələndirməyi sevirlər. Hər bir məhsulun arxasında həmin ölkənin bir ənənəsi və ya formalaşmış bir hekayəsi durur. Çinli istehlakçılar Azərbaycanın qida və içki məhsullarını bəyənirlər. Bu məhsullar arasında şərab, nar şirəsi, brendi, araq, nar şərabı, mineral su, kompot, çay, zeytun yağı, turşu və mürəbbə kimi məhsulları qeyd etmək olar. TN Aparatının səyləri nəticəsində son illər ölkəmizdən Çinə ixrac edilən emal olunmuş kənd təsərüfatı məhsullarının çeşidliyi artırılıb və bu məhsullarımız ölkənin bir sıra şəhərlərində yerləşən market şəbəkələrində satışdadır.

Çin bazarında bəzi məhsullarımız haqqında hətta kiçik hekayələr də formalaşıb. Bazar araşdırmalarımız və Çinin müxtəlif şəhərlərində yerləşən "Azərbaycan Ticarət Evləri"ndən əldə etdiyimiz rəylər göstərir ki, nar şirəsinin təşviq olunması nəticəsində çinli istehlakçılar Azərbaycanı "narlar ölkəsi" kimi tanımağa başlayıblar. Sosial şəbəkələrdə, müxtəlif axtarış və onlayn satış platformalarında "nar şirəsi" sözü axtarıldığı zaman ilk öncə ölkəmizin nar şirələri haqqında məlumatlar çıxır. Halbuki bazarda həm yerli istehsal olan, həm də bir sıra xarici ölkələrin istehsal etdiyi nar şirələri kifayət qədərdir. Çinin şərab bazarında dünyanın bir çox ölkəsi rəqabət aparır, lakin "xalça şərabı" dedikdə məhz Azərbaycan şərabı nəzərdə tutulur. Buna səbəb odur ki, bəzi şərablarımızın üzərində Azərbaycan xalçalarının təsviri var. Biz bu özəllikdən istifadə edərək şərab məhsullarımızı təbliğ etdik. Üzərində kenquru təsviri olan şərabın Avstraliya şərabı olduğu rahat başa düşüldüyü kimi, şərab şüşəsinin də üzərində xalça təsviri görərkən istehlakçılar onun Azərbaycana aid olduğunu bilirlər.

Xalça demişkən, Çində dünyanın bir sıra ölkələrinin xalçaları satışdadır. Lakin Pekinin ən elit ticarət mərkəzlərindən biri olan "SKP Mall"da məhz Azərbaycan xalçaları satılır. Buna nail olmaq üçün uzun və gərgin danışıqlar aparmışıq. Ümumiyyətlə, xalçaçılığımızın təşviqi istiqamətində mütəmadi olaraq işlər görülür, mövcud materiallar Çin dilinə tərcümə edilərək sərgilərdə və görüşlərdə potensial müştərilərə təqdim olunur.

Çinli istehlakçılar Azərbaycanın qida və içki məhsullarını bəyənirlər. Bu məhsullar
arasında şərab, nar şirəsi, brendi, araq, nar şərabı, mineral su, kompot,
çay, zeytun yağı, turşu və mürəbbə kimi məhsulları qeyd etmək olar.

Artıq bir neçə ildir ki, Çində Azərbaycan şərabçılığının təbliği istiqamətində bu sahədə kifayət qədər nüfuza sahib olan Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutu ilə də əməkdaşlıq edirik. 2019-cu ilin 1 mart tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə bu qurum arasında imzalanmış müqaviləyə əsasən, Çində Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzi yaradılıb. Bu müddət ərzində Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun nümayəndələri Azərbaycana səfər edərək, şərabçılıq mədəniyyətimizlə yaxından tanış olublar və şərabçılıq sənayesinin inkişafı ilə bağlı istehsalçılarımıza dəyərli məsləhətlər veriblər. Çin bazarının tələblərinə uyğunlaşmaq məqsədilə bu institut tərəfindən şərab ixracatçılarımız üçün onlayn təlimlər keçirilib. Hazırda Təşviqat Mərkəzi Azərbaycan şərabçılığının və şərablarının Çin bazarında aktiv şəkildə təşviqi ilə məşğuldur. Mərkəz tərəfindən Azərbaycan şərabçılığı haqqında Çin dilində veb-sayt və "Wechat" sosial şəbəkəsində rəsmi səhifə yaradılıb. Burada şərabçılığımız və şərablarımız haqqında mütəmadi olaraq xəbərlər və məqalələr paylaşılır.

Doğrudur, Çində pandemiya səbəbindən şəhərlərin qapanması ümumi şərab idxalına böyük zərbə vurub və bu da öz növbəsində Azərbaycan şərabının da Çinə idxalına təsirsiz ötüşməyib. Lakin bütün çətinliklərə baxmayaraq, biz bu istiqamətdə işlərimizi davam etdiririk.

İş adamlarımız Çin bazarına daxil olmağa uzunmüddətli sərmayə kimi baxmalıdırlar

- Çinə məhsul ixrac etmək istəyən iş adamlarına hansı tövsiyələr verə bilərsiniz?

- Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkədir. Son illər ərzində ölkə iqtisadiyyatında stabil olaraq artım tempi müşahidə edilir. Koronavirus pandemiyasının yayılması ilə bu artım tempi bir qədər aşağı düşsə də, hazırda ölkə iqtisadiyyatı tədricən bərpa olunmaqdadır. 2022-ci ilin birinci yarısında ÜDM-də 2,5%-lik artım qeydə alınıb. Çin istehlak bazarı dünyada ən sürətlə böyüyən bazardır. Son illər ərzində ölkədə insanların həyat səviyyəsinin yaxşılaşması ilə bazarın alıcılıq qabiliyyəti də artır. Çin istehlak bazarı nəhəng olsa da, bura daxil olmaq və bazarda uğur əldə etmək elə də asan məsələ deyil. Çünki bu bazarda dünyanın əksər ölkələrinin yüksək keyfiyyətli məhsulları satılır və bu baxımdan, kəskin rəqabət mövcuddur. Belə bir ciddi rəqabətin mövcud olduğu bazarda şərtləri, təbii olaraq, alıcı diqtə edir. Rəqabətə tab gətirmək və bu bazarda müəyyən qədər pay əldə etmək üçün biz çinli istehlakçılara qiymət-keyfiyyət nisbəti yüksək olan məhsullar təklif etməliyik. Eyni zamanda, Çin bazarına öz məhsulları ilə daxil olmaq istəyən şirkətlərimiz bu məsələyə uzunmüddətli perspektivdən yanaşmalı və məhsullarını bazarın tələblərinə uyğunlaşdırmağa hazır olmalıdır. Yəni biz Çin bazarının mütəmadi olaraq dəyişkən tələblərinə uyğunlaşmalıyıq. Mən onlarla misal gətirə bilərəm ki, dünyada tanınmış nəhəng şirkətlər Çin bazarına yerli istəkləri nəzərə almadan daxil olub və bunun nəticəsi olaraq, heç bir uğur əldə edə bilməyiblər. Bu məqamı mən niyə xüsusi olaraq vurğuladım? Çünki bəzən şirkətlərimizdə elə bir fikir yaranır ki, Çin dünyanın ikinci böyük iqtisadiyyatıdır, geniş alıcı kütləsinə malikdir və bu səbəbdən istədiyiniz məhsulu istədiyiniz formada Çində sata bilərsiniz. Amma reallıq tamam fərqlidir. Çinə mal ixrac etmək istəyən iş adamlarımız məhz bu incəlikləri nəzərə almalı, Çin bazarına daxil olmağa uzunmüddətli bir sərmayə kimi baxmalıdırlar. Sadə dillə desək, "məhsulu ixrac etdim və bununla da işim bitdi" - tam yanlış bir fikirdir. İş adamlarımız bazarı mütəmadi olaraq araşdırmalı, ona uyğunlaşmağı bacarmalı və bazarın tələblərinə riayət etməlidirlər. Yalnız bu halda Çində böyük uğur əldə oluna bilər. Bu çətin prosesdə şirkətlərimizə dəstək ola biləcək qurumlarımız mövcuddur. Biz də, TN Aparatı olaraq, bu məsələdə ixracatçılarımıza hər cür dəstək verməyə hazırıq.

- Azərbaycanın Çinlə ticarət dövriyyəsinin həcmi nə qədərdir və bu dövriyyənin artırılması ilə bağlı hansı hədəflər mövcuddur?

- Azərbaycan Çinin Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır, Çin isə Azərbaycanın ən böyük dördüncü ticarət tərəfdaşı və üçüncü idxal mənbəsi ölkəsidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ildə iki ölkə arasında olan ticarət dövriyyəsi koronavirus pandemiyasından təsirlənərək 1,78 milyard ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 3,6%-lik azalmadır. Bununla yanaşı, qeyd olunmalıdır ki, cari ildə iki ölkə arasında ticarət dövriyyəsində artım dinamikası müşahidə edilir. Bu ilin ilk yarısında ticarət dövriyyəsinin həcmi 35,3%-lik artımla 974 milyon ABŞ dolları təşkil edib. Dövriyyənin artırılması ilə bağlı əsas hədəf kimi yaxın perspektivdə Azərbaycandan Çinə qeyri-neft məhsullarının ixrac payının artırılmasını qeyd etmək olar.

Mən onlarla misal gətirə bilərəm ki, dünyada tanınmış nəhəng şirkətlər
Çin bazarına yerli istəkləri nəzərə almadan daxil olub və bunun
nəticəsi olaraq, heç bir uğur əldə edə bilməyiblər. Bu məqamı mən niyə
xüsusi olaraq vurğuladım? Çünki bəzən şirkətlərimizdə
elə bir fikir yaranır ki, Çin dünyanın ikinci böyük iqtisadiyyatıdır,
geniş alıcı kütləsinə malikdir və bu səbəbdən istədiyiniz məhsulu istədiyiniz
formada Çində sata bilərsiniz. Amma reallıq tamam fərqlidir.
Çinə mal ixrac etmək istəyən iş adamlarımız məhz bu incəlikləri nəzərə almalı,
Çin bazarına daxil olmağa uzunmüddətli bir sərmayə kimi baxmalıdırlar.

- Çində Azərbaycanın neçə ticarət evi, şərav evi və ticarət bölməsi fəaliyyət göstərir? Bu sayın artırılması, Azərbaycan məhsullarının Çin bazarında tanıdılması və satışının genişləndirilməsi məqsədilə hansısa planlar varmı?

- 2018-ci ildən başlayaraq, TN Aparatı çinli tərəfdaşları ilə birgə Şanxay, Çindao, Lyənyünqan, Lucou, Urumçi, Harbin, Cinan, Vuhan və Canciacie kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi açıb. Tezliklə Pekin və Çendu şəhərlərində daha iki ticarət evinin açılması planlaşdırılır. Əslində, Çendu şəhərindəki ticarət evi açılış üçün tam hazır vəziyyətdə olsa da, şəhərdə koronavirus pandemiyasının yeni dalğasının yayılması səbəbindən açılış mərasimi təxirə salınıb. Bununla yanaşı, cari ilin yanvar ayından etibarən Çinin ən böyük e-ticarət platformalarından olan JD.com-da onlayn "Azərbaycan Ticarət Evi" fəaliyyətə başlayıb və burada sərhədlərarası e-ticarət prinsipi əsasında ölkəmizin qida və içki məhsullarının satışı həyata keçirilir. Çində ticarət evlərimizin açılması ümumi ixracda ölkəmizdən qeyri-neft məhsullarının ixrac payının artırılması baxımından önəm kəsb edir. Koronavirus pandemiyası başladıqdan bəri iki ölkənin şirkətləri qarşılıqlı səfərlər edə bilmirlər və yeni tərəfdaşdar tapmaqda çətinliklərlə üzləşirlər. Çünki, adətən, alıcı yeni məhsul almaqdan əvvəl həmin məhsulu görmək istəyir. Bu baxımdan, məhsullarımızı tanıtmaq və satış kanallarımızı artırmaq üçün ticarət evləri mühüm işlər görür. Həmçinin, ixrac prosesində əməliyyat xərclərinə qənaət edilməsi baxımından da ticarət evləri vacib rol oynamaqdadır. Bu platformalar vasitəsilə satışları artırmaq üçün il ərzində müxtəlif təbliğat tədbirləri keçirilir. Məsələn, cari ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində Çindəki "Azərbaycan Ticarət Evləri"ndə xeyriyyə kampaniyası keçirilib. Belə ki, aprel ayı ərzində ticarət evlərində satılan bütün məhsulların ümumi dəyərinin 10%-i Çində fəaliyyət göstərən müvafiq xeyriyyə fondlarına ianə edilib. Bu cür tədbirlərin keçirilməsi həm ölkəmizin, həm də məhsullarımızın tanıdılması baxımından çox önəmlidir.

Onu da diqqətə çatdırmaq istərdim ki, buradakı ticarət evlərimiz əvvəlcədən danışıq aparıb razılıq əldə etdiyimiz yerli tərəfdaşlarımız tərəfindən açılır. Yəni bu ticarət evlərinə sərmayəni operator seçilən Çin şirkətləri yatırır. Əsas şərtlərimizdən biri, ilkin olaraq, Azərbaycandan bəlli bir miqdarda müxtəlif çeşiddə məhsulların idxal edilməsidir. Təbii ki, bu prosesdə TN Aparatı yaxından iştirak edir - həm azərbaycanlı ixracatçılara, həm də çinli idxalçılara bütün proses boyunca dəstək göstərir.

Sualınızın ikinci hissəsinə gəldikdə, ticarət evlərinin artırılması ilə bağlı daha bir neçə şəhərdə fəaliyyət göstərən yerli investorlarla danışıqlarımız davam edir. Pandemiya ilə bağlı vəziyyətə uyğun olaraq, bu danışıqların nəticələri müəyyənləşəcək. Planlarımız, əsasən, İqtisadiyyat Nazirliyinin müəyyənləşdirdiyi qısa və uzunmüddətli strategiyalar üzərində qurulur. Təbii ki, məhsullarımızın təşviqi üçün əhəmiyyətli olan sərgilərdə iştirakımız davam edəcək. Satış kanallarımızın genişləndirilməsi, mövcud platformalardan səmərəli istifadə etməklə Azərbaycan məhsullarının daha böyük çeşiddə və həcmdə Çin istehlakçılarına təqdim olunması üçün yeni platformalar yaratmaq istiqamətində ciddi işlər görüləcək. Bundan başqa, biz daim məhsullarımızın güclü və zəif tərəflərini, habelə Çin bazarında bizə təqdim olunan imkanları təhlil edirik. Zəif cəhətləri aradan qaldırmalıyıq və özümüzü Çin bazarının böyük potensialına daha da yaxşı hazırlamaq üçun ölkəmizin ixracatçılarına məsləhət və dəstəyimizi davam etdirəcəyik.

İlhamə İSABALAYEVA

Ardı var...

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?