21 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vladimer Papava: “Bakı-Tbilisi-Qars kimi beynəlxalq layihələr regionda sabitliyə mühüm töhfə verir” MÜSAHİBƏ

Avqustun 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb. Sazişlə bağlı “vergiler.az”ın suallarını gürcüstanlı alim, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş rektoru, sabiq iqtisadiyyat naziri, iqtisad elmləri doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Vladimer Papava cavablandırıb.

- Cənab Papava, sizcə, sazişin imzalanması hansı zərurətdən yarandı və bunun region iqtisadiyyatı üçün əsas faydası nə olacaq?

- Son hadisələr, daha dəqiq desək, Ukrayna ətrafında vəziyyət və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda alternativ nəqliyyat marşrutlarından istifadə ilə bağlı müzakirələr aktivləşib. Bu məsələ həm Mərkəzi Asiya ölkələrinin, həm də Çinin ciddi maraq dairəsindədir. Ona görə də təkcə boru kəmərlərindən deyil, Bakı-Tbilisi-Qars dəmir yolundan da daha intensiv istifadə getdikcə aktuallaşır.

Hazırkı mərhələdə gömrük prosedurlarının unifikasiyası və sadələşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməli idi, çünki bu marşrut bir neçə dövlətin ərazisindən keçdiyi üçün müvafiq əlaqələndirmə tədbirləri zəruri idi. Yüklərin daşınması üçün saziş böyük əhəmiyyət kəsb edir və bu, əlavə maraqlı şirkətlərin də nəqliyyat dəhlizindən istifadəyə cəlb olunmasına kömək edəcək.

Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi vasitəsilə yükdaşımanın həcmi
xeyli artacaq ki, bu da təkcə region ölkələrinə deyil, həm də daşımalara
maraq göstərən digər Qərb və Şərq ölkələrinə faydalı olacaq.

- Bakı-Tbilisi-Qars marşrutunun potensialını və onun beynəlxalq daşıma sistemindəki rolunu necə qiymətləndirirsiniz?

- Bu gün Rusiya Federasiyasının ərazisindən keçən və Şərqi Qərblə birləşdirən, Çindən başlayaraq Avropaya gedən nəqliyyat dəhlizləri bağlanıb. Bakı-Tbilisi-Qars isə həm Şərq, həm də Qərb ölkələri üçün vacib reallıqdır. Avropa ilə Asiyanı birləşdirən bu marşrut Gürcüstanın tranzit ölkə kimi potensialının artmasına kömək edir, regionda nəqliyyat və ticarət mərkəzinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, regionun davamlı inkişafına müsbət təsir göstərmək üçün dəmir yolunun mümkün qədər yüklənməsinə ehtiyac var. Bu layihədə nə qədər çox ölkə iştirak etsə, onun həm Gürcüstanın, həm də bütövlükdə regionun təhlükəsizliyinə, eləcə də Şərqlə Qərb arasında tranzit dəhlizi kimi əhəmiyyətinin artmasına bir o qədər müsbət təsiri olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu yüklərin daşınması üçün tələb olunan vaxtın azaldılmasında və buna görə də ölkə ərazisindən əlavə yük axınının təmin edilməsində müstəsna rol oynamalıdır.

Bu cür layihələr, ilk növbədə, resursların və hazır məhsulların tədarükünü asanlaşdıracaq ki, bu da iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək. Bakı-Tbilisi-Qars kimi beynəlxalq layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir və regionda sabitliyə mühüm töhfə verir. Bu dəmir yolu xəttindən təkcə Türkiyə, Gürcüstan və Azərbaycan deyil, eyni zamanda Türkmənistan, Çin, Qazaxıstan və Özbəkistan da istifadə edir.

Qloballaşmanın hazırkı və xüsusən növbəti mərhələsində yeni iqtisadi əlaqələr
qurub inkişaf etdirmək günümüzün ən aktual məsələləri sırasındadır.

- Yaxın bir neçə il ərzində qeyd olunan marşrut üzrə yükdaşımaların həcminin artması ilə bağlı proqnozlarınız necədir?

- Hazırda elə bir dövrdə yaşayırıq ki, proqnoz vermək çox çətindir. Ancaq bir şeyə əmin ola bilərik - Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi vasitəsilə yükdaşımanın həcmi xeyli artacaq ki, bu da təkcə region ölkələrinə deyil, həm də daşımalara maraq göstərən digər Qərb və Şərq ölkələrinə faydalı olacaq. Düşünürəm ki, bu marşrut üzrə yükdaşıma ilə yanaşı, sərnişindaşıma məsələsi də gündəmdə olacaq.
Sirr deyil ki, Qazaxıstan Azərbaycan və Gürcüstan ərazisindən əlavə neftin nəqlində maraqlıdır və artıq bu istiqamətdə ilk addımlar atılır. Bir müddət əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Mərkəzi Asiya ölkələrinə səfəri zamanı aparılan danışıqlar onu deməyə əsas verir ki, məhz bu istiqamətdə işləmək, həmin dövlətlərlə əməkdaşlığı intensivləşdirmək çox vacibdir.

- Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin hazırkı səviyyəsi barədə nə deyə bilərsiniz?

- Hələ ötən əsrin 90-cı illərində dövlətlərimiz arasında “Qafqaz tandemi” adlanan birlik yaranıb. Bir vaxtlar mənim təklif etdiyim həmin termin əməkdaşlığımızın səviyyəsini xarakterizə edir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi xarakterli möhkəm bünövrədir və illər keçdikcə daha da möhkəmlənəcək. Ümid edirəm ki, yaxın gələcəkdə ölkələrimiz digər iqtisadi layihələrin reallaşmasında da fəal əməkdaşlıq edəcəklər. Heç kəsə sirr deyil ki, qloballaşmanın hazırkı və xüsusən növbəti mərhələsində yeni iqtisadi əlaqələr qurub inkişaf etdirmək günümüzün ən aktual məsələləri sırasındadır.

Tamilla MƏMMƏDOVA

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?