14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Süni intellektlə böyüyən yerli texnologiya layihələri MƏQALƏ

Azərbaycanın yerli startap ekosistemində innovativ həlləri ilə diqqət çəkən layihələrin əsas hərəkətverici qüvvəsi süni intellektdir. Onların inkişafı, ekosistemdə formalaşması, xarici bazarlara çıxışı istiqamətində dəstək tədbirləri də prosesin mühüm halqasını təşkil edir. Məsələn, indiyədək 302 sahibkar “Startap” şəhadətnaməsi əldə edərək 3 il müddətinə mənfəət və gəlir vergisindən azad olunub ki, onlar bu güzəşt sayəsində qənaət edilən vəsaiti birbaşa məhsulun təkmilləşdirilməsinə və qlobal bazarlara çıxışa yönəltmək şansı əldə ediblər.

“vergiler.az” ənənəvi olaraq bu dəstəkdən yararlanan uğurlu layihələrin bir neçəsinin rəhbərləri ilə söhbət aparıb. Bu dəfə həmin startapların innovativ həlləri və gələcək planları barədə məlumatları təqdim edirik.

İşə qəbulda vaxt itkisini azaldan süni intellekt həlli

İşə qəbul prosesini çevik və səmərəli etmək məqsədilə yaradılmış “Cvai.az” - süni intellekt əsaslı həlldir. Platforma namizədlərə konkret vakansiyanın linkini daxil edərək həmin elana tam uyğunlaşdırılmış, ATS (Applicant Tracking System) standartlarına cavab verən peşəkar CV və müsahibə materialları əldə etmək imkanı verir.

Startapın təsisçisi Mehrac Abdurahmanlı deyir ki, sistem işaxtaranlara tələblərə dəqiq cavab verən CV və müsahibə suallarını dəqiqələr içində hazırlamağa, beləliklə də uğur şansını artırmağa kömək edir. İşəgötürənlər və HR mütəxəssisləri isə istədiyi namizədi daha tez tapır, seçim prosesində vaxt itkisi minimuma enir.

Təsisçinin sözlərinə görə, qısa müddətdə “Cvai.az” yüzlərlə aktiv istifadəçi toplayıb, yüzlərlə vakansiya üçün CV hazırlanıb. Platformaya inteqrasiya olunmuş müsahibəyə hazırlıq modulu isə istifadəçilərə vakansiyaya uyğun potensial sualları və cavab istiqamətlərini təqdim edir. Bununla yanaşı, ingilis, rus və digər dillərdə işləyən versiyalar üzərində iş gedir.

İlkin mərhələdə Türkiyə və MDB ölkələrinin bazarına çıxmaq, daha sonra Qərbi Avropa və Yaxın Şərqə genişlənmək hədəflənir. Qlobal HR-Tech və işə qəbul platformaları ilə API inteqrasiyası da müzakirəsi davam edən layihələrdəndir.

Yaxın dövrdə “Cvai.az”da yer alan müsahibə modulu daha da təkmilləşdiriləcək, canlı səsli və ya yazılı interaktiv formatda işləyən “AI Interview Simulation” istifadəyə veriləcək. İşəgötürənlər üçün isə B2B analitika paneli və namizədlərin vakansiya tələblərinə uyğunluğunu avtomatik qiymətləndirən smart-filtrasiya alətləri hazırlanır.

M.Abdurahmanlı vurğulayır ki, “Startap” şəhadətnaməsi layihənin hüquqi və institusional nüfuzunu artırır, investorlar və B2B tərəfdaşlar qarşısında etibarı gücləndirir. Vergi güzəştləri hesabına yaranan qənaət birbaşa məhsulun inkişafına və marketinqə yönəldiləcək. Bu vəsaitlə alqoritmlərin dəqiqliyini artırmaq və server təhlükəsizliyini gücləndirmək üçün texniki infrastruktura investisiya qoyulacaq. Eyni zamanda xarici bazarlara çıxış üçün brendinq və tanıtma fəaliyyəti maliyyələşdiriləcək, süni intellekt və proqramlaşdırma sahəsində təcrübəli mütəxəssisləri komandaya cəlb etmək daha da asan olacaq.

İdman və sağlamlıq xidmətləri vahid abunəlikdə

“FitNest” idman və sağlamlıq xidmətlərini vahid platformada birləşdirən mobil tətbiqdir. Platforma istifadəçilərə müxtəlif fitnes mərkəzlərini, idman zallarını, hovuzları, pilates və yoqa studiyalarını, eləcə də digər sağlamlıq məkanlarını kəşf etmək, müqayisələndirmək və vahid abunəlik vasitəsilə xidmətlərdən yararlanmaq imkanı verir. Bununla yanaşı, tərəfdaş bizneslər üçün yeni müştərilərə çatmaq və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək üçün imkanlar yaranır.

Startapın təsisçiləri Seymur Rzayev, Arif Məlikzadə və Nurlan Səfərov bildiriblər ki, “FitNest” artıq bazara çıxıb və 150-dən çox idman və sağlamlıq məkanını platformada birləşdirib. Tətbiqdən real istifadəçilər yararlanır, komanda isə yerli şirkət və brendlərlə əməkdaşlıq edərək tərəfdaş şəbəkəsini genişləndirir.

Hazırda startapın əsas hədəflərindən biri regional bazarlara çıxmaq və “FitNest”i regionun aparıcı fitnes və “wellness” platformalarından birinə çevirməkdir. Təsisçilər ilkin mərhələdə Qafqaz və Mərkəzi Asiya ölkələrinə, daha sonra isə Türkiyə, Yaxın Şərq və digər perspektivli bazarlara daxil olmağı planlaşdırırlar. Bu məqsədlə platformanın yeni bazarlara uyğunlaşdırılması, yerli tərəfdaşlarla əməkdaşlığın qurulması və daha çox fitnes və “wellness” məkanının sistemə cəlb edilməsi nəzərdə tutulur.

Komanda, həmçinin, tətbiqin funksionallığını genişləndirmək üzərində çalışır. Yaxın zamanda “Fitcoin” adlı bonus sistemi, abunəliyin müvəqqəti dayandırılmasına imkan verən “Dondurma” funksiyası, promo-kod və referal mexanizmləri, eləcə də süni intellekt əsaslı məşq proqramlarının istifadəyə verilməsi planlaşdırılır. Növbəti mərhələdə istifadəçilərin məqsədlərinə uyğun fərdiləşdirilmiş tövsiyələrin, loyallıq və oyunlaşdırma (gamifikasiya) elementlərinin tətbiqi də hədəflənir.

Bununla yanaşı, “FitNest” korporativ həllərin inkişafı və beynəlxalq şirkətlərlə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini genişləndirməyi düşünür. Təsisçilərin planları arasında “FitNest” brendi altında fərqli funksiyalara malik ağıllı saatın — “FitNest Smart Watch”un bazara çıxarılması da var.

Startapın təsisçiləri bildirirlər ki, “Startap” şəhadətnaməsinin əldə edilməsi layihənin innovativ mövqeyini gücləndirməklə yanaşı, onun inkişafını sürətləndirməyə kömək edəcək. Sənədin təqdim etdiyi vergi güzəştləri hesabına qənaət olunacaq vəsaitin əsasən mobil tətbiqin və texnoloji infrastrukturun təkmilləşdirilməsinə, süni intellekt əsaslı funksiyaların hazırlanmasına, istifadəçi təcrübəsi və təhlükəsizliyin təkmilləşdirilməsinə yönəldilməsi planlaşdırılır. Vəsaitin bir hissəsi isə marketinqə, tərəfdaş şəbəkəsinin genişləndirilməsinə və yeni bazarlara çıxışa sərf olunacaq. Təsisçilərin fikrincə, şəhadətnamə investor və tərəfdaşlarla əməkdaşlıq zamanı layihəyə olan etimadın artmasına mühüm töhfə verə bilər.

Qeyd edək ki, “FitNest” “Microsoft for Startups” ekosistemi çərçivəsində ümumilikdə 400 min ABŞ dolları dəyərində “Microsoft Azure Credits” əldə etmiş yerli startapdır.

Moda brendləri üçün yeni e-ticarət həlli

“Modbender” moda markalarının rəqəmsal satış təcrübəsini təkmilləşdirmək üçün yaradılmış SaaS platformasıdır. Layihənin müəllifi Furkan Rahmanov və texniki işlər üzrə mütəxəssisi Xanlar Əzizov qeyd ediblər ki, platforma stilist və dizayn komandalarının hazırladığı geyim kombinasiyalarını onlayn mağazaların məhsul səhifələrinə interaktiv formada yerləşdirməyə imkan verir. Beləliklə, brendlər məhsullarını hazır obrazlar şəklində təqdim edir, alıcılar isə eyni görünüşə daxil olan geyim və aksesuarları asanlıqla kəşf edərək birlikdə sifariş edə bilirlər.

“Modbender”in “Shopify App Store”da yayımlanması onun beynəlxalq bazara çıxışını təmin edib. İlkin mərhələdə əsas diqqət məhsulun tam funksional vəziyyətə gətirilməsinə yönəldilib. “Silk & Cashmere” ilə əməkdaşlıq çərçivəsində real istifadə təcrübəsindən əldə olunan rəylər nəzərə alınaraq, platforma təkmilləşdirilib.

Komanda gələcəkdə “Shopify” ilə yanaşı, Türkiyə və Avropada istifadə olunan “İkas”, ABŞ bazarında fəaliyyət göstərən “VoveCommerce” və digər qlobal e-ticarət sistemləri ilə inteqrasiyanı nəzərdə tutur. Bu addım müxtəlif ölkələrdəki moda şirkətlərinə çıxış imkanlarını artıracaq.

Müəyyən sayda brendin platformaya cəlb edilməsindən sonra əlavə inteqrasiyaların həyata keçirilməsi və “Frilans stilist” xidmətinin yaradılması planlaşdırılır. Sonuncu yenilik öz stilisti olmayan və ya bu sahədə kənar dəstəyə ehtiyac duyan mağazalar üçün nəzərdə tutulur. Daha sonrakı mərhələdə süni intellekt texnologiyaları vasitəsilə vizual funksiyaların inkişaf etdirilməsi də hədəflənir.

“Startap” şəhadətnaməsinin alınması layihənin innovativ istiqamətdə inkişafı üçün mühüm imkan yaradır. Komanda hesab edir ki, bu status resursların daha səmərəli idarə olunmasına və beynəlxalq genişlənmə strategiyasının reallaşdırılmasına dəstək verəcək. Vergi güzəştləri nəticəsində qənaət ediləcək vəsaitin texniki təkmilləşdirmələrə, yeni funksiyaların hazırlanmasına, xarici bazarlarda marketinq və satış fəaliyyətlərinə sərf olunması planlaşdırılır.

Faiq KƏRİMOĞLU

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?