13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarşılıqlı asılı şəxslər və əlaqəli tərəflər anlayışlarının müqayisəli hüquqi-mühasibat təhlili - I HİSSƏ MƏQALƏ

Mövzunu “vergiler.az”a maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov şərh edir.

Müasir biznes münasibətlərində eyni iqtisadi hadisə iki müxtəlif hüquqi və peşəkar sistem tərəfindən qiymətləndirilə bilər. Vergi hüququ həmin münasibətə vergi tutma məqsədilə baxır. Maliyyə hesabatı standartları isə həmin münasibətin maliyyə hesabatının istifadəçilərinə düzgün təqdim edilməsinə diqqət yetirir. Bu fərqin ən maraqlı nümunələrindən biri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 18-ci maddəsi ilə maliyyə hesabatlarının beynəlxalq stardartlarında (MHBS) yer alan IAS 24 standartı (Əlaqəli tərəflər haqqında açıqlamalar -Related Party Disclosures) arasındakı paralellikdir.

İlk baxışdan hər iki norma eyni suala cavab verir: “İki şəxs və ya müəssisə arasında elə xüsusi münasibət varmı ki, onların bir-biri ilə apardığı əməliyyatlar adi, müstəqil tərəflər arasında aparılan əməliyyat kimi qiymətləndirilməsin və bu münasibət ayrıca nəzərə alınsın?”

Lakin cavabların hüquqi məqsədi fərqlidir. Vergi Məcəlləsinin 18-ci maddəsi vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı şəxsləri müəyyən edir. IAS 24 isə maliyyə hesabatı hazırlayan müəssisənin əlaqəli tərəflərini müəyyən edir və belə münasibətlər, əməliyyatlar, qalıqlar və öhdəliklər barədə açıqlama tələb edir. IAS 24-ün rəsmi məqsədi məhz əlaqəli tərəflərin mövcudluğunun və onlarla əməliyyatların müəssisənin maliyyə vəziyyətinə və mənfəət/zərərinə təsir göstərə bilməsi barədə maliyyə hesabatı istifadəçilərinə məlumat verməkdir.

Bu səbəbdən, Məcəllənin 18-ci maddəsi ilə IAS 24 arasında funksional və konseptual paralellik var, lakin onların hüquqi nəticəsi eyni deyil.

1. Vergi Məcəlləsinin 18-ci maddəsinin mahiyyəti: vergi məqsədli “qarşılıqlı asılılıq”

Vergi Məcəlləsinin 18.1-ci maddəsində qarşılıqlı surətdə asılı şəxslərin vergi məqsədləri üçün aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər kimi müəyyən edilir.

Məcəllənin 18.2-ci maddəsi isə konkret halları sadalayır. Əsas hallardan biri budur:

- bir şəxs digər şəxsin əmlakında və ya nizamnamə kapitalında birbaşa və ya dolayı iştirak edir və iştirak payı və ya səs hüququ azı 20 faizdir.

Digər mühüm hal isə xidmət vəziyyətinə görə tabeçilik və ya bir şəxsin digər şəxsin birbaşa və ya dolayı nəzarətində olmasıdır. Üçüncü şəxsin birbaşa/dolayı nəzarəti və üçüncü şəxsə birgə nəzarət də ayrıca hallardır.

Buradan mühüm nəticə çıxır: Vergi Məcəlləsinin 18-ci maddəsi sadəcə “kim kimə yaxındır?” sualını vermir. O, müəyyən hüquqi-iqtisadi əlaqələrin vergi məqsədləri üçün xüsusi münasibət yaratdığını müəyyən edir. Bu təsnifatın sonrakı vergi normaları üçün əhəmiyyəti yarana bilər.

Məsələn, Vergi Məcəlləsinin 14-cü maddəsi ilə bazar qiymətləri mexanizmi qarşılıqlı asılı şəxslər arasındakı əməliyyatlar üçün xüsusi əhəmiyyət daşıyır. Dövlət Vergi Xidmətinin izahlarında da qarşılıqlı asılı şəxslər arasında təsərrüfat əqdlərində vergilərin bazar qiymətləri nəzərə alınmaqla hesablanmasının mümkünlüyü qeyd edilir.

2. IAS 24-ün mahiyyəti: maliyyə hesabatı istifadəçisini məlumatlandırmaq

IAS 24-ün yanaşması başqa istiqamətdədir.

Standartın məqsədi maliyyə hesabatlarında müəssisənin maliyyə vəziyyətinin və mənfəət/zərərinin əlaqəli tərəflərin mövcudluğu, onlarla aparılmış əməliyyatlar, qalıqlar və öhdəliklər nəticəsində təsirlənə bilməsi barədə istifadəçilərə lazımi məlumatı verməkdir.

IAS 24-ün 9-cu paraqrafı “related party” (əlaqəli şəxslər) anlayışının geniş tərifini verir. Fiziki şəxs və ya onun yaxın ailə üzvü müəssisə ilə əlaqəli tərəf hesab edilə bilər, əgər həmin şəxs:

- müəssisəyə nəzarət edirsə;
- müəssisəyə birgə nəzarət edirsə;
- müəssisə üzərində əhəmiyyətli təsirə malikdirsə;
- və ya müəssisənin əsas rəhbər heyətinin üzvüdürsə.

Müəssisələr arasında da ana müəssisə–törəmə müəssisə, eyni qrupun üzvləri, assosiasiya olunmuş müəssisə, birgə müəssisə və digər nəzarət/əhəmiyyətli təsir münasibətləri əlaqəli tərəf münasibəti yarada bilər.

Burada artıq çox maraqlı paralellik yaranır.

3. Birinci böyük paralellik: nəzarət

Vergi Məcəlləsinin 18-ci maddəsində bir şəxsin digər şəxsin birbaşa və ya dolayı nəzarətində olması qarşılıqlı asılılıq yaradan hallardan biridir. I AS 24-də də nəzarət əlaqəli tərəf anlayışının əsas sütunlarından biridir.

Məsələn: A şirkəti B şirkətinə nəzarət edir. Vergi baxımından müəyyən hallarda A və B qarşılıqlı asılı şəxslər ola bilər. Maliyyə hesabatı baxımından isə A və B arasında əlaqəli şəxslər (related party) münasibəti yaranır.

Misal 1: Əsas və törəmə şirkət

Tutaq ki, “A” şirkəti “B” şirkətinin 80%-nə sahibdir. “B” şirkəti ayrıca hüquqi şəxsdir. “B” şirkəti “A” çirkətindən mal alır. “A” “B”-yə xidmət göstərir. Vergi baxımından 20%-lik həddin keçilməsi Vergi Məcəlləsinin 18.2.1-ci maddəsi çərçivəsində qarşılıqlı asılılıq məsələsini gündəmə gətirir.

IAS 24 baxımından

“A” şirkəti və “B” şirkəti əlaqəli tərəflərdir. Əgər “A” “B” ilə satış əməliyyatı aparırsa, həmin əməliyyat əlaqəli tərəflə əməliyyat kimi maliyyə hesabatında açıqlama predmetinə çevrilə bilər. Burada eyni faktiki münasibət iki sistemdə iki fərqli məqsədə xidmət edir:

Vergi Məcəlləsinin 18-ci maddəsi → vergi hüquqi nəticəsi;

IAS 24 → maliyyə hesabatında açıqlama

4. İkinci böyük paralellik: 20 faiz və “əhəmiyyətli təsir”

Burada ən maraqlı, eyni zamanda ən çox səhv başa düşülən məqam yaranır. Vergi Məcəlləsində 20%-lik iştirak və ya səs hüququ konkret meyar kimi çıxış edir. IAS 24 isə “significant influence” - əhəmiyyətli təsir anlayışından istifadə edir. Bu iki anlayışı avtomatik olaraq eyniləşdirmək olmaz.

Misal 2: “A” fiziki şəxs “B” şirkətinin 25%-nə sahibdir. Məcəllənin tələbinə əsasən 20%-lik hədd keçildiyi üçün 18-ci maddənin tələbləri baxımından qarşılıqlı asılılıq məsələsi yaranır.

IAS 24-ün tələbi

“A”-nın “B” üzərində əhəmiyyətli təsirə malik olub-olmaması MHBS-in (IFRS) müvafiq meyarları əsasında qiymətləndirilir. Əgər əhəmiyyətli təsir varsa, IAS 24 üzrə əlaqəli şəxslər (related party) münasibəti yarana bilər.

Amma burada mühüm metodoloji nəticə var:

Vergi Məcəlləsinin 18-ci maddəsindəki “20%” rəqəmini IAS 24-dəki “significant influence” anlayışının sadə ekvivalenti kimi qəbul etmək olmaz.

5. Üçüncü paralellik: əsas rəhbər heyət

IAS 24-ün ən mühüm xüsusiyyətlərindən biri odur ki, əlaqəli tərəf münasibəti yalnız mülkiyyət və kapital əlaqəsi ilə məhdudlaşmır. Müəssisənin əsas rəhbər heyətinin (key management personnel) üzvü olması da əlaqəli şəxslər münasibətinə səbəb ola bilər. Bu, Vergi Məcəlləsinin 18-ci maddəsi ilə müqayisədə çox maraqlı fərq yaradır.

Misal 3: “A” fiziki şəxsi “X” şirkətinin direktorudur. Onun şirkətdə heç bir payı yoxdur.

IAS 24-ün yanaşması

“A” müəyyən şərtlər daxilində “X” şirkətinin əsas rəhbər heyətinin üzvü olduğuna görə şirkərlə əlaqəli tərəf (related party) münasibətində ola bilər. Hətta IAS 24 yalnız “A”-nın özü ilə deyil, müəyyən hallarda onun yaxın ailə üzvləri ilə bağlı münasibətləri də əhatə edir.

Vergi Məcəlləsinə gəlincə, burada sadəcə “A” direktor olduğu üçün onunla “X” şirkəti avtomatik olaraq “qarşılıqlı asılıdır” demək düzgün olmaz. Məcəllənin 18-ci maddəsinin konkret meyarları ayrıca yoxlanmalıdır. Bu fərq çox vacibdir.

VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir?