Sahibkarlığın inkişafını təmin edən mexanizmlər MƏQALƏ
Ölkəmizin inkişafı istiqamətində müəyyənləşdirilmiş sosial-iqtisadi hədəflər yüksək səmərə ilə fəaliyyət göstərən, dünya miqyasında rəqabətə qadir olan iqtisadi sistemin formalaşmasını şərtləndirir. Sahibkarlıq mühitinin təkmilləşdirilməsi, biznes subyektlərinin aktivliyinin təmin edilməsi və sərbəst rəqabətə əsaslanan bazar münasibətlərinin bərqərar olması bu cəhətdən mühüm təşəbbüslərdir. Biznesin təşviqi istiqamətində intensiv təşəbbüslər iqtisadi artımı təsvir edən göstəricilərdə də öz əksini tapır. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. ÜDM istehsalının 40,3%-i sənaye, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i tikinti, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 20%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1%-ni təşkil edib.
Dayanıqlı iqtisadi sistemin təməli möhkəmləndirilir
Azərbaycanda yetkin bazar münasibətlərinin formalaşması şəraitində işgüzar mühitin təkmilləşdirilməsi, yerli və xarici investorlar üçün əlverişli biznes şərtlərinin yaradılması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və diversifikasiyası əsas prioritetləri təşkil edir. Biznes mühitinin, rəqabət qanunvericiliyi və iqtisadi alətlərin daha da təkmilləşdirilməsi istiqamətində investorların hüquqlarının qorunması mexanizmləri yenilənir. Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədi ilə həyata keçirilən təşviqedici tədbirlər nəticəsində sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldilir. Ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlərin davamı olaraq, müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilir.
Biznesin təşviqi istiqamətində intensiv təşəbbüslər iqtisadi artımı təsvir edən
göstəricilərdə də öz əksini tapır. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard
181,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub və
bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur
Biznes mühitində vergi siyasəti mühüm rola malikdir. Vergi Məcəlləsində mütəmadi olaraq bu sahədə hədəflərə çatmağı sürətləndirən dəyişikliklər edilir. Nəticədə ölkəmizdə iqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə vergi dərəcələrinin optimallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılması istiqamətlərində irəliləyişlər müşahidə edilir.
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması davam edir
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi vergi qanunvericliyində edilən dəyişikliklərin əsas istiqamətlərindən biridir. 2024-cü ildən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı Prezident tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb. Dəyişikliyin məqsədi müəssisələrin sosial-korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramının daha effektiv həyata keçirilməsidir. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılıb. Regional turizmin gəlirləri əsas etibarilə mövsümi fəaliyyət üzrə formalaşır və qeyri-mövsüm vaxtı bu sektor üzrə gəlirlərin səviyyəsi kəskin azalmış olur. Yerləşmə vasitələrinin aktivlərinin dəyəri kifayət qədər böyük həcmdə olur, bununla belə, əmlak vergisi sabit vergi xərci olmaqla mövsümi fəaliyyət göstərən biznes üzərində əhəmiyyətli vergi yükü yaratmış olur. Qeyd olunanlar nəzərə alınaraq, regional turizmin inkişaf etdirilməsi, turizm subyektlərinin sabit vergi xərclərinin azaldılması və həmin subyektlərə vergi təşviqlərinin verilməsi məqsədilə qanunvericiliyə sözügedən dəyişiklik edilib.
Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədi ilə
həyata keçirilən təşviqedici tədbirlər nəticəsində sahibkarlıq subyektlərinin
dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldilir
Daha bir dəyişikliklə yük avtomobillərinin təmirinə çəkilən xərclərlə bağlı təmir xərci normaları qalıq dəyərinin 5 faizindən 8 faizinə qaldırılıb. İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış icarə müqaviləsinin müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılacaq.
Göründüyü kimi, ölkəmizdə sahibkarlığın inkişafını təmin edən mexanizmlər daim yenilənir və təkmilləşdirilir. Məqsədyönlü siyasətə söykənən tədbirlər və ardıcıl aparılan mütərəqqi islahatlar Azərbaycanı iqtisadi cəhətdən daha qüdrətli və beynəlxalq miqyasda dayanıqlı mövqelərə malik dövlətə çevirir.
Gülay NƏBİYEVA