6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəsmi məşğulluğun təşviqi əmək bazarının iqtisadi inkişafa töhfəsidir MƏQALƏ

Son zamanlar qeyri-formal məşğulluqla mübarizə qlobal əmək bazarında ən aktual müzakirə mövzularından biridir. Bu isə səbəbsiz deyil. Belə ki, qeyri-formal məşğulluq şəraitində iqtisadi idarəetmə sisteminin səmərəliliyi aşağı düşür və gəlirlər imtiyazlı qrupların xeyrinə yenidən bölüşdürülür. Sahibkarlar işçilərin əməkhaqqının faktiki səviyyəsini, işçilərlə əmək münasibətlərinin mövcudluğunu gizlətməklə onları sosial risklərlə üz-üzə qoyurlar.

Beynəlxalq müstəvidə qeyri-formal məşğulluq

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, təqribən 2 milyard işçi qeyri-formal sektorda işləyir. Bu göstərici qlobal bir fenomen olsa da, ölkələrə görə dəyişir. Qeyri-formal məşğulluğun 93%-i inkişaf etməkdə olan ölkələrdə müşahidə edilir. Latın Amerikası və Sub-Sahara Afrikası qeyri-rəsmi məşğulluğun yüksək səviyyəsinə malik, Avropa və Şərqi Asiya isə bu göstəricinin ən aşağı səviyyədə olduğu regionlardır. Afrika ölkələri üzrə orta göstərici 85,8%, Asiya və Sakit okean ölkələri üzrə orta göstərici 68,2%, ərəb ölkələri üzrə orta göstərici 68,6%, Cənubi və Şimali Amerika ölkələri üzrə orta göstərici 40%, Avropa ölkələri üzrə orta göstərici isə 25,1%-dir.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə,
təqribən 2 milyard işçi qeyri-formal sektorda işləyir

Qeyri-rəsmi məşğulluğun yayılmasının əsas səbəblərindən biri fiskal xərclərdən azad olmaq cəhdləri hesab olunur. Bu zaman sahibkarlar dövlətin tənzimləmə mexanizmlərindən yayına bilirlər. Beynəlxalq Əmək Təşkilatının statistik məlumatlarına əsasən, əmək bazarının iştirakçılarının 85%-i qeyri-rəsmi fəaliyyəti istəyərək deyil, formal sektorda uyğun imkanların olmaması səbəbindən seçir.
Məşğulluq iqtisadi inkişafa mühüm təsir edir. Birincisi, qeyri-formal əmək bazarı geniş olan ölkələr öz potensiallarından aşağı iqtisadi artım nümayiş etdirirlər. Onların məhsuldarlığı və maliyyəyə çıxış imkanları məhduddur. Məsələn, COVID-19 pandemiyası zamanı sahibkarlara ayrılan maliyyə yardımını yalnız rəsmi fəaliyyət göstərən və uçotda olan sahibkarlar əldə edə bildilər.

İkincisi, qeyri-rəsmi işçilər rəsmi iş yerlərində çalışan həmkarları ilə müqayisədə daha az əməkhaqqı alırlar. Onların sosial müdafiəsi, kredit almaq imkanları yoxdur və işçilərin inkişafı üçün təqaüd proqramlarında iştirakdan məhrumdurlar.

Üçüncüsü, qeyri-rəsmi məşğulluq gender bərabərsizliyi ilə də müşayiət edilir. Qlobal müstəvidə əmək bazarında olan qadınların 58%-i qeyri-formal sektorda çalışır. Sub-Sahara Afrikasında, regionun qeyri-kənd təsərrüfatı sektorunda qadınların qeyri-rəsmi məşğulluqda orta payı 83%-dir.

Qeyri-formal məşğulluğa cəlb edilən işçi qüvvəsinin rəsmi
məşğulluğa keçidi üçün ölkələrdə müxtəlif təşviqedici addımlar atılır

Qeyri-formal məşğulluqla mübarizə

Qeyri-formal məşğulluğa cəlb edilən işçi qüvvəsinin rəsmi məşğulluğa keçidi üçün ölkələrdə müxtəlif təşviqedici addımlar atılır. Məsələn, sosial sığortanın əhatə dairəsinin genişləndirilməsi, tibbi xidmətlər, pensiya təminatı və işsizlikdən sığortanın əhatəsinin genişləndirilməsi bu üsullar sırasındadır. Bura Argentina, Braziliya, Ekvador, Cənubi Afrika və Uruqvay kimi ölkələrdə ev təsərrüfatlarında çalışanların sosial və əmək hüquqlarının genişləndirilməsi, Əlcəzairdə özünüməşğulluq sahəsində olan işçilərin sosial sığorta sistemlərinə daxil edilməsi, Peruda qeydiyyat sisteminin, vergi və s. ödənişlərin sadələşdirilməsi, Türkiyədə işçilərin sosial müdafiəyə çıxışını asanlaşdırmaq üçün rəqəmsal və mobil texnologiyanın istifadəyə verilməsi, Filippində səhiyyə xidmətinə universal çıxışı təmin etmək məqsədilə işçilər üçün milli tibbi sığortanın təsbiti, Tailandda işçilər üçün pulsuz ilkin səhiyyə xidmətlərinin göstərilməsi imkanlarının yaradılması daxildir. Göründüyü kimi, sosial sığortanın əhatə dairəsinin genişləndirilməsi məhsuldarlığı artırmaq və formal iqtisadiyyata keçidi təşviq etmək üçün daha geniş tədbirlər kompleksinin bir hissəsinə çevrilib.

Qeyri-rəsmi məşğulluqla mübarizədə əsas vasitələrdən biri də vergi siyasətidir. Bu zaman vergilər, sosial sığorta xərcləri və sahibkarların vergi öhdəliklərini azaltmaqla rəsmi məşğulluğu təşviq etmək üçün tədbirlər görülür. Biznes mühitinin təkmilləşdirilməsi də bu prosesə təkan verir. Məsələn, İtaliyada 1998-ci ildən hər bir bələdiyyədə sahibkarlar üçün köməkçi masalar kimi nəzərdə tutulan “vahid məkan” yaradılıb. Ukraynada yeni biznes sahələrinin qeydiyyatı “vahid məkan” prinsipi əsasında həyata keçirilir. Portuqaliyada isə 5 ay ərzində həyata keçirilən islahatlar nəticəsində sahibkarların qeydiyyata alınma müddəti 54 gündən 8 günə qədər azaldılıb və il ərzində bu yeni sistemdən istifadə edən şirkətlərin sayı günə 12-dən 75-ə qədər artıb. Belçika təcrübəsində biznesin qeydiyyata alınması ilə əlaqədar xərclər ləğv edilib və elektron qeydiyyat sisteminə keçilib.

2019-cu ildən etibarən ölkəmizdə qeyri-formal məşğulluğun
qarşısının alınması, sığortaolunanların əmək hüquqlarının
qorunması və bu sahədə qanunvericilik aktlarının
təkmilləşdirilməsi istiqamətində işlər intensiv xarakter alıb

Azərbaycan təcrübəsi və əmək müqavilələrinin artan dinamikası

2019-cu ildən etibarən ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması, sığortaolunanların əmək hüquqlarının qorunması və bu sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində işlər intensiv xarakter alıb. Qeyri-neft sektoru və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar 8 000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi, işəgötürənlərin yükünün azaldılması məqsədilə işçinin gəlirinə nisbətdə işəgötürənin vəsaiti hesabına ödənilən sığorta haqqının 22 faizdən 15 faizə endirilməsi əmək bazarında rəsmiləşməni sürətləndirib. Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid artıb və 2023-cü il noyabr ayının 1-nə 1 mln. 790,8 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349 175 vahid artaraq 889 mindən çox olub. Bu müsbət dinamikanın davamlı olması üçün vergi orqanları tərəfindən yoxlamalar aparılır və müəyyən cərimələr tətbiq edilir. Vergi ödəyicisi tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial hüquqların təminatı və etibarlı gələcək deməkdir. Bu baxımdan dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, işçilər də əmək müqaviləsinin bağlanmasında maraqlı olmalı və bunu işəgötürəndən tələb etməlidirlər. Bu, hər kəsin rifahı, sosial məsuliyyətin icrası və hüquqların təmin edildiyi cəmiyyətə töhfədir.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?