5 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xəzər dənizi hövzəsində unikal imkanlara malik zavod REPORTAJ

Azərbaycanda ağır sənayenin ən əsas istiqamətlərindən biri olan gəmiqayırma sənayesinin inkişaf etdirilməsi ölkəmizin müstəqillik illərinə təsadüf edir. Sovet dövründə ölkədə bir necə gəmi təmiri zavodu fəaliyyət göstərsə də, birbaşa gəmirqayırma ilə məşğul olan müəssisə olmayıb. Azərbaycanda belə bir müəssisənin təməli 2010-cu ildə qoyulub. 3 ilə istismara verilən Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başladıqdan 2 il sonra - 2015-ci ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti statusunu əldə edib.

12 gəmi inşa edilib, 170-dən çox gəmi təmir olunub, 30-dan çox gəmi yenilənib

Bakı Gəmiqayırma Zavodunun Layihə idarəetmə şöbəsinin meneceri Fuad Mədətov zavodun ən müasir tələblərə cavab verdiyini söyləyir. Onun sözlərinə görə, zavod Xəzəryanı dövlətlər arasında gəmiqayırma üzrə ən böyük potensiala malik müəssisədir. Zavodun potensialı müxtəlif təyinatlı gəmilərin inşasına və təmirinə, yenilənməsinə və ümumiyyətlə, dəniz mühəndisliyi üzrə layihələrin həyata keçirilməsinə imkan verir. Zavodun illik istehsal gücü 25 min ton metal emalına bərabərdir. Bu günə qədər zavodda 12 ədəd müxtəlif təyinatlı gəmiqayırma layihəsi uğurla yerinə yetirilərək təhvil verilib. Bundan başqa, 170-dən çox gəmi təmiri, 30-dan çox yenilənmə layihələri reallaşdırılıb. Hazırda zavodda “Zəngilan” neft daşıyan tankerinin ərsəyə gətirilməsi üçün işlər görülür. Bu gəminin tikinti işləri tamamlanmaq üzrədir, layihə üzrə artıq sınaq işlərinə başlanılır. Layihənin cari ilin sonunda təhvil verilməsi planlaşdırılır.

Yeri gəlmişkən qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin inşa etdiyi "Zəngilan” tankeri bu il mayın 16-da suya salınıb. Gəminin konsepsiyası Ukraynanın Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birlikdə hazırlanıb. "Volqa-Don MAX" layihəsi olan bu gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş, ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Yeni nəsil "Zəngilan" tankerinin xarici sularda istismarı nəzərdə tutulur. Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi "Bakı Gəmiqayırma Zavodu"nda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir.

İlin sonuna kimi daha bir bərə gəmisi və 1 tankerin tikintisinə başlanılacaq

F.Mədətovun sözlərinə görə, bu ilin sonuna kimi bir bərə gəmisi və 1 tanker gəmisinin layihələrinin tikinti fazalarına başlamaq planlaşdırılır: “Qürurla deyə bilərik ki, Bakı Gəmiqayırma Zavodu Azərbaycanın ağır sənayesinin ayrılmaz hissəsinə çevrilib və dövlətimizin gücünü təmsil edir. İnşa etdiyimiz bərə gəmiləri Xəzəryanı dövlətlər arasında yükdaşıma mübadiləsi üçün böyük imkanlar yaradır. İnşa etdiyimiz “Xankəndi” gəmisi sualtı tikinti işləri aparır. Bu gəminin “Şahdəniz-2” layihəsinin icrasında çox böyük əhəmiyyəti olub. Qürur duyuruq ki, bu gəmi Bakıqayırma Zavodunda inşa edilib və uğurla təhvil verilib. İndiyədək beynəlxalq səviyyədə bir necə gəmi təmiri layihəsi də gercəkləşdirilib. Qazaxıstanla, Türkmənistanla layihələr həyata keçirilib. Geosiyasi vəziyyətə uyğun olaraq, bir çox xarici dövlətlərdən bizə layihələrin icrası ilə bağlı müraciətlər edilir. Hazırda bu layihələr üzərində çalışılır”.

F.Mədətov qeyd edib ki, gəmilərin böyük avadanlıqları dünya miqyaslı şirkətlər tərəfindən istehsal edilir, ona görə də gəmi inşaatı üçün xarici dövlətlərin təchizat şirkətləri ilə əməkdaşlıq edilir.
Menecerin bildirdiyinə görə, gəmilər istismara verilməzdən qabaq onlar sınaqdan keçirilir, hər bir avadanlığın, sistemin işə salınması üçün sınaq işləri aparılır: “Bu zaman xarici şirkətlərin nümayəndələri avadanlıqlarını bizimlə bərabər sınaqdan keçirərək onu təhvilə hazırlayırlar. Ağır sənaye sayıldığından bu sahə üzrə çalışan işçilərin kvalifikasiyası yüksək olmalıdir. Gəmi sənayesinin ayrı standartları var. Hər bir gəmi sistemi təsnifat cəmiyyətləri tərəfindən sertifikatlaşdırılır. Ona görə də burada keyfiyyət standartları çox yüksək olmalıdır. Biz gəmi üçün lazımı sertifikatların alınmasında hər zaman iştirak edirik. Bu da öz növbəsində keyfiyyəti təsdiqlətmək üçün bir vasitədir”.

8 gəmini eyni anda təmir etmək mümkündür

Bakı Gəmiqayırma Zavodunun Layihə istehsalat meneceri Hasib Talıbov deyir ki, zavod 72 hektar sahədən ibarətdir. Onun 50 hektarında istehsalat işləri aparılır. İstehsalat işləri ilk olaraq, polad lövhələrdən gəmi gövdə konstruksiyalarının hazırlanması ilə başlayır. Polad lövhələr anbar tərəfindən qəbul olunur, ilk astarlama - qoruyucu boya çəkildikdən sonra işlər gövdə sahəsinə ötürülür. Gövdə sahəsində gəmi gövdəsinin yastı panelləri və digər mürəkkəb konstruksiyaları yığılaraq blok halına gətirilir. Gəmi gövdə blokları gövdə sahəsindən çıxarılaraq boyama kamerasına aparılır. Orada boyandıqdan sonra sahədə gövdə blokları bir-biri ilə birləşdirilir. Bu birləşdirilmə zamanı digər quraşdırılma işləri də davam etdirilir. Zavodda gövdə sahəsindən başqa, digər emal sahələri də var. Bu emal sahələri boru emal sahəsi, mexaniki işlər üzrə sahə və elektrik sahəsindən ibarətdir. Boru emal sahəsində qəbul olunan boru materiallarından müxtəlif formalı gəmi sistemlərinə aid borular emal olunur və daşınaraq gəmi blokları daxilində quraşdırılma işləri aparılır. Elektrik sahəsi elektrik quraşdırılma işləri ilə məşğul olur. Bura kabellərin çəkilməsi, elektrik avadanlıqlarının quraşdırılması və sınaqdan keçirilməsi aiddir.

Mexaniki sahələr üzrə işləyən mütəxəssislər isə mexaniki avadanlıqların quraşdırılması və sınaqdan keçirilməsi ilə məşğul olurlar.

Zavodun digər istiqamətlərindən biri gəmi təmiridir. Zavodda gəmi təmiri üçün açıq sahə var. Gəmilər ehtiyac olduğu zaman üzən tərsanə vasitəsilə sudan açıq quru sahəyə çıxarılır və orada təmir olunur. Quru sahədə təxminən 8 gəmini eyni anda təmir etmək mümkündür.

Bakı Gəmiqayırma Zavodunun istehsal gücü ümumi olaraq, 25 min ton metal konstruksiyadır. Bu, o deməkdir ki, zavodun bir il ərzində 4 ədəd tanker istehsal etmə gücü var.

Sualtı inşaat işlərinin aparılması üçün xüsusi gəmi inşa edilib

H.Talıbovun sözlərinə görə, Bakı Gəmiqayırma Zavodunun ən mürəkkəb layihələrindən biri “Xankəndi” sualtı tikinti gəmisinin inşası olub: “Bakı Gəmiqayırma Zavodu Xəzər dənizi hövzəsində sualtı inşaat işlərinin aparılması üçün xüsusi gəmi inşa edən, unikal imkanları olan yeganə zavoddur. Xüsusi texniki imkanlara malik olan “Xankəndi” gəmisi suyun altında inşaat işlərinin aparılmasına şərait yaradır. Bu gəmi hazırda neft sənayesinə öz töhfəsini verməkdədir.

H.Talıbov əlavə edib ki, Bakı Gəmiqayırma Zavodu Xəzər dənizi hövzəsində imkanlarına görə unikal zavod sayılır: “Bu zavod Xəzər dənizi hövzəsinin digər zavodları ilə müqayisədə unikaldır, çünki bu zavodda xüsusi təyinatlı gəmilərin hazırlanması imkanları digər zavodlarla müqayisədə daha yüksəkdir”.

Xarici ölkələrin gəmilərinin də Bakı Gəmiqayırma Zavoduna gətirilərək burada təmir edildiyini açıqlayan H.Talıbov qeyd edib ki, zavodun əsas böyük qurğularından biri “28 may” adlı üzən tərsanədir. Üzən tərsanə Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa edilib və 2013-cü ildə istismara təhvil verilib. Üzən tərsanənin uzunluğu 168 metr, eni 50 metr, yükqaldırma qabiliyyəti (sudan qaldırma) 25 min tondur. Gəmiləri zavod ərazisində mövcud olan arabacıqlar vasitəsilə quru sahəyə - təmir ərazisinə çıxarmaq mümkündür. Arabacıqlar vasitəsilə üzən tərsanənin ötürmə gücü (sudan quru əraziyə ötürmə gücü) 18 min tona qədərdir.

Zavoddakı böyük qurğulardan biri də 300 tonluq krandır. Kranın hərəkət eni 80 metrə qədərdir. Müxtəlif qaldırma gücündə olmaqla, kranın 4 ədəd yükqaldırma qarmağı mövcuddur.

Azərbaycanın gəmiqayırma sənayesi üzrə layihələri beynəlxalq keyfiyyət standartlarına cavab verir

H.Talıbov əlavə edib ki, Bakı Gəmiqayırma Zavodunun layihələri gəmiqayırma sənayesi üzrə beynəlxalq keyfiyyət standartlarına cavab verir. Zavodun fəaliyyəti ABŞ Dənizçilik Bürosu tərəfindən audit olunaraq sertfikatlaşdırılıb. Zavod İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018 beynəlxalq sertifikatlarına sahibdir.

H.Talıbovun sözlərinə görə, hazırda zavodda hamısı yerli kadr olmaqla 919 nəfər işçi çalışır. Zavodun müxtəlif təyinatlı şöbələri, o cümlədən 10 istehsalat şöbəsi var. İş həcminin böyük olduğu istehsalat şöbəsi gəmi gövdə sahəsidir. Zavodda mexaniki, elektrik, boru quraşdırma, istismar texniki xidmət, havalandırma və interyer, boya və astarlama və digər şöbələr mövcuddur. Gəmi gövdə və boru quraşdırma şöbələrinin əsas heyəti qaynaqçılardan və quraşdırıcılardan ibarətdir.

Beynəlxalq dənizçilik üzrə təşkilatların tələblərinə və standartlarına əsasən, gəmiqayırmada qaynaq prosesi üçün xüsusi tələblər müəyyən edilib. Bu tələblərə əsasən, qaynaqçılar sertifikasiya edilməli, onların gördüyü iş sonda sınaqlardan keçirilməlidir. Eyni zamanda tikilmiş konstruksiya buraxmazlıq sınaqlarından keçirilərək təsdiq olunmalıdır.

Gəmiqayırma sənayesində olan qaynaqçıların xüsusi sertifikatı olmalıdır. Bu sertifikat mülki sənayedə olan qaynaqçı sertifikatlarından fərqlidir. Gəmiqayırma sənayesində qaynaqçının gördüyü iş beynəlxalq dəniz təsnifat təşkilatlarının texniki nümayəndələri tərəfindən yoxlanılaraq təsdiqini tapmalı və sonra həmin qaynaqçıya sertifikat təqdim olunmalıdır. Bu sertifikatı aldıqdan sonra şəxs artıq gəmiqayırma sənayesində qaynaqçı kimi fəaliyyət göstərə bilər. Amma bununla yanaşı, digər peşələr üçün də sertifikasiya həyata keçirilir: “Ötən müddətdə zavodun mühəndisləri böyük təcrübə qazanıb. Müəyyən mühəndislər xaricdə proqramlarda uğurla iştirak ediblər və hazırda zavodda çalışmaqda davam edir, öz təcrübələrini digər mühəndislər və texniki işçilərlə paylaşırlar”.

İlhamə İSABALAYEVA

VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək