“Shell” şirkətlər nəyə xidmət edir? MƏQALƏ
- Bu şirkətlər birgünlük şirkətlər, kağız üzərində şirkət, saxta şirkət adları ilə də tanınır;
- Bu şirkətlərin fəaliyyəti biznes strukturları üçün əhəmiyyətli tərəfdaş olan banklar tərəfindən son dərəcə şübhəli hesab edilir;
- “Shell” şirkətlərinin bir çoxu vergiləri minimallaşdırmağa və tamamilə ödəməməyə çalışırlar.
Sahibkarlıq mühitinin getdikcə təkmilləşməsi, biznes mühitində tətbiq edilən alətlər şirkətlərə öz fəaliyyət istiqamətlərini şaxələndirməyə və gəlirlərini artırmağa imkan verir. Bir çox şirkətlər yaranmış fürsətlərdən istifadə edərək bazarda mövqelərini daha da möhkəmləndirmək istiqamətində addımlar atırlar. Lakin, çox təəssüf ki, bəzi hallarda qanunsuz yollarla şirkət yaradaraq gəlir əldə etməyə çalışanlar da olur. Son illərdə "shell" şirkətlərinin yaranması da bu istiqamətdə diqqəti çəkən məqamlardandır.
"Shell" şirkətləri nədir?
“Shell” ingilis sözüdür və tərcümədə qabıq deməkdir. Bu şirkətlərin energetika sahəsində fəaliyyət göstərən məşhur “Shell” şirkəti ilə heç bir əlaqəsi yoxdur. "Shell" şirkətləri son on ildə məşhurlaşıb. Son illər onların fəaliyyəti genişlənib və bəzi hallarda biznes dünyası üçün üçün təhdidə çevrilib. Bu şirkətlər birgünlük şirkətlər, kağız üzərində şirkət, saxta şirkət adları ilə də tanınır. Bəzi mənbələrə görə, "shell" şirkətləri anlayışı birjadan gəlib. Bu, birjada ticarət aparan, sonra isə listinqdən çıxmasa da fəaliyyətini dayandıran şirkətlərin adı idi. Müasir dövrdə belə şirkətlər hələ də standartlaşdırılmayıb. Bu şirkətlərin fəaliyyəti ölkələrə görə fərqlidir. "Shell" şirkətləri heç bir iqtisadi və əhəmiyyətli fəaliyyəti olmayan, qeydiyyat yeri qeyri-müəyyən olan və vergi orqanlarına hesabat verməyən şirkətlərdir. Bu 3 meyar Latviyada müəyyən edilib və bu kateqoriyaya düşmüş on minlərlə şirkət banklarla əməkdaşlıqdan məhrum edilib. Başqa ölkələrdə də buna bənzər müxtəlif tədbirlər həyata keçirilir.
"Shell" şirkətləri üçün xarakterik cəhətlər
"Shell" şirkətlərinin, bir qayda olaraq, real iqtisadi fəaliyyəti olmur. Şirkətlərin real iqtisadi fəaliyyəti təkcə mənfəət əldə etməklə deyil, həm də müəyyən xərclərin hesablanması, öhdəliklərin icrası və müəyyən gündəlik iş prosesi ilə səciyyələnir. Məsələn, əgər bir şirkət məsləhətləşmələr üçün illik ödənişlər alırsa, lakin əslində bu məsləhətləşmələri aparmırsa, belə bir şirkətin fəaliyyəti barədə sual yaranır. Bir şirkətin digər iki şirkət arasında “vasitəçi” olması da müəmmalı məqamlardan hesab edilir. Məsələn, şirkət bir ölkədə qazanc əldə edir, onu digər ölkəyə köçürür və ikiqat vergitutma müqaviləsi sayəsində birinci ölkədə vergi ödəmir. Sonra isə dərhal vergilərdən tamamilə qurtularaq vergidən azad zonalara pul köçürmə prosesini həyata keçirir. Bu vəziyyətdə “shell” şirkətinin vəzifəsi, sadəcə, pulu qəbul etmək və göndərməkdir. Burada real iqtisadi fəaliyyət yoxdur. Şirkətlərin aktivlərinin olmaması da “shell” şirkətlərini səciyyələndirən amillərdən ola bilər.
Ünvansız şirkətlər
Bir şirkət, sadəcə olaraq, poçt ünvanı ilə qeydiyyatdan keçirilməklə uzun illər ərzində ofşorda mövcud ola bilər və bütün dünyada biznes fəaliyyətini həyata keçirə bilər. Belə hallarda onlarla və yüz minlərlə şirkət eyni ünvanda yerləşir və yalnız poçt qutusunun nömrəsi fərqlənir. Lakin bu şirkətlərin fəaliyyəti biznes strukturları üçün əhəmiyyətli tərəfdaş olan banklar tərəfindən son dərəcə şübhəli hesab edilir. Banklar biznes qurumlarından təkcə hesabdan çıxarış və ya biznes plan deyil, həm də qeydiyyatda olduğu yerdə həqiqətən mövcud olduğunu sübut etməyi tələb edir. Şirkətin real olaraq mövcud olduğunu göstərən elementlərə real ofisinin, əməkdaşlarının, direktorunun, saytının, əlaqə məlumatlarının, hesabatlılığının və s. göstəricilərinin olması daxildir. Bunlar ona görə vacibdir ki, şirkət real fəaliyyətini sübut edə bilmədikdə hesab aça bilmir və ya zamanla açılmış hesabların bağlanması ehtimalı ortaya çıxır. Real xarici şirkətlərin xərclərini artıran səbəblərdən biri sənədləşmə işlərinin tələblərə uyğun səviyyədə təşkilidir.
Vergidən yayınmaq üçün cəhdlər...
Bir çox “shell” şirkətlər vergidən yayınmağa kömək etməklə tanınırlar. Son 10 ildə dünya ölkələri üzrə vergi dərəcələrində müəyyən artımlar var. Sahibkarlıq subyektlərinin vergi öhdəliklərini düzgün yerinə yetirmələri üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. O cümlədən “shell” şirkətlərinin müəyyənləşdirilməsi üçün tədbirlər də təkmilləşdirilir.
Birgünlük şirkətlər haqqında Latviyada qəbul edilmiş qanuna görə, onları səciyyələndirən meyarlardan biri şirkətin hesabat tələbinin olmadığı yerdə qeydiyyatdan keçməsidir. Yəni dövlət orqanları şirkətin nə qədər qazanc əldə etdiyini və vergi ödəyib-ödəməməli olduğunu bilmir. Ümümiyyətlə, dünya ölkələrində şirkətlərin hesabatlılığının təmin edilməsiylə bağlı ciddi tələblər mövcuddur. Buna baxmayaraq, sahibkarlar bu məsələyə bəzən ciddi yanaşmırlar. Hesabatlılığı olmayan istənilən şirkət üçün bu amil çətinlik yaradır. Məsələn, Latviyada belə şirkətlərin bank əməliyyatları məhdudlaşdırılır. Və ya bank əməliyyatı üçün şirkətdən son 3,5,7 ilin hesabatı tələb edilir. Əvvəllər bank tərəfindən şirkətdən hesabatlılıq tələb edilməsə belə, yeni qaydalara görə, bu məsələ tələb kimi qoyulub. Bank, həmçinin, müəyyən müddət ərzində yoxlanılmış hesablar üzrə də sənədləri tələb edə bilər.
Şirkətin hesabatlılığı ilk növbədə vergilərin ödənilməsi ilə səciyyələnir. “Shell” şirkətlərinin bir çoxu vergiləri minimallaşdırmağa və tamamilə ödəməməyə çalışırlar. Banklar, vergidən yayınanlar üçün hesabatlılıq və sərt cəzalar vergilərin mənfəətin əldə edildiyi yerdə ödənilməsinə, həmçinin, vergilərdən tamamilə azad olmaq üçün müxtəlif ikitərəfli müqavilələrdən istifadə olunmamasına xidmət edir. Bəzi xarici təcrübələrdə bank şirkətin vergidən yayınmasından şübhələnirsə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verə, hətta vəziyyət aydınlaşana qədər hesabı dondura bilər.
Digər vacib məqam belə şirkətlərin əsl sahibinin kim olmasıdır. “Shell” şirkətləri tez-tez həm direktor, həm də səhmdar rolunda namizədlərdən istifadə edirlər. Bu, müəyyən qanunvericiliklərdə qadağan olunmuş prosedur deyil, lakin tənzimləyici orqanlar həmişə həqiqi benefisiar haqqında məlumat almaq hüququna malikdirlər. Həqiqi benefisiarın müəyyən edilməsi qeyri-mümkün olan zaman yenidən suallar yaranır. Dünya ölkələrinin təcrübəsində benefisiarların reyestrinin tərtib edilməsi tələbləri genişlənir. Bəzi hallarda bu reyestr Böyük Britaniyada olduğu kimi ictimaiyyətə açıqdır, bəzi ölkələrdə isə yalnız xüsusi sorğular əsasında hüquq-mühafizə orqanlarına təqdim olunur.
Ölkəmizdə vergi cinayətləri ilə mübarizə
Azərbaycanda da qanunsuz biznes fəaliyyəti ilə mübarizə üçün müxtəlif metodlar tətbiq edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkəmizdə vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması, vergi hüquqpozmalarının yaranma səbəblərinin aradan qaldırılması yolunda yeni innovativ tədbirlər həyata keçirir. Belə ki, "shell" şirkətlərin yaranması ilə bağlı səbəblərin təhlil olunaraq risklərin müəyyən edilməsi, bununla bağlı hüquqi şəxslərin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, vergidən yayınma cinayətlərini törədən vergi ödəyicilərinin faktiki rəhbərlərinin (benefisiarların) aşkarlanması, vergi cinayətləri ilə mübarizə sahəsində risk və təhdidlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidməti bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmlərinin təmin edilməsi və beynəlxalq təcrübə üzrə məlumat mübadiləsinin aparılmasını da həyata keçirir. Bu tədbirlər biznes mühitində leqal fəaliyyətin, məsuliyyətli yanaşmanın və öhdəliklərin icrasına xidmət edir.
Gülay NƏBİYEVA