9 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi cinayətləri ilə mübarizə sahəsində "çəkindirmə" metodları MƏQALƏ

Dayanıqlı iqtisadiyyatın təşviqi və davamlı inkişafın təmin olunması bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə müəyyən edilmiş hədəflərə çatmaq üçün biznesin inkişafını şərtləndirən digər amillərlə yanaşı, onun şəffaflığının təmin olunması, biznes mühitində qanuni fəaliyyətin təşkili, dövlət-biznes tərəfdaşlığının qurulması da xüsusi əhəmiyyətə malikdir.

Dünya ölkələrində biznes mühitində vergidən yayınmanın qarşısının alınması, yayınma halları ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər sınaqdan keçirilir və mübarizə metodlarının daha səmərəli formalarının tətbiq dairəsi genişlənir. Vergidən yayınmanı minimallaşdırmaq üçün beynəlxalq təcrübədə istifadə edilən alətlərdən biri də vergi cinayətləri ilə mübarizə sahəsində "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqidir. Bu sahədə tədbirlərin səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) da diqqət mərkəzindədir. Artıq OECD "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" adlı metodologiya xarakterli sənəd qəbul edib. Sənǝd vergi cinayətləri ilə mübarizə sisteminin təkmilləşdirilməsi üçün hüquqi çərçivədə uğurlu təcrübələrin müəyyənləşdirilməsini, müvafiq sahədə proseslərin izlənilməsini, dəstək mexanizmləri üçün təlim ehtiyaclarının ödənilməsini nəzərdə tutur.

Vergidən yayınmanı minimallaşdırmaq üçün beynəlxalq təcrübədə
istifadə edilən alətlərdən biri də vergi cinayətləri ilə mübarizə
sahəsində "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqidir.

Dünya təcrübəsində nəzarət mexanizmləri

"Naming and shaming" metodu vergidən yayınan və vergi borcu olan vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanması və onları ictimai qınaqla cəzalandıraraq qanunlara tabe olmalarını təmin etməyə çalışmaqdır. Bu metod şəffaflığın təmin edilməsi və vergi ödəyicilərini öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün nəzərdə tutulub. Mexanizmin tətbiqi vergi borclarını azaltmağı da hədəfləyir. Bu sistem müxtəlif ölkələrdə regiondakı əhalinin psixologiyası, vergi mədəniyyəti və vergi sisteminin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir, başqa sözlə, ölkələrə görə dəyişə bilir.

"Naming and shaming" metodu ayrı-ayrı ölkələrdə fərqli forma daşıyır. 2012-ci ildən etibarən "naming and shaming" metodu Sloveniyada tətbiq edilir. Bu ölkədə borclu vergi ödəyicilərinə xəbərdarlıq edilir və onlar bilirlər ki, 3-4 ay ərzində vergi öhdəliklərini yerinə yetirməsələr, adları ictimaiyyətə açıqlanacaq. "Naming and shaming" metoduna görə vergi orqanları hər ayın 10-15-i aralığında 5000 avrodan çox borcu olan və 90 gün ərzində borcunu ödəməyən vergi ödəyicilərini müəyyən edir və siyahısını öz rəsmi internet saytında dərc edir. Burada vergi ödəyicisinin adı, ünvanı və ID nömrəsi, şirkətlərə münasibətdə isə şirkətin sahibinin adı, ünvanı və şirkətdə 25%-dən çox payı olan səhmdarların adı dərc edilir. 2013-cü ildə Sloveniyada bu sistemin tətbiqi çərçivəsində 4476 şirkət və 5091 fiziki şəxsin adı ictimaiyyətə açıqlanıb.

ABŞ ştatlarında qanunu pozan vergi ödəyicilərinin onlayn siyahısı dərc edilir. Kaliforniyada bu siyahı mütəmadi olaraq dərc edilir və Kaliforniyanın Vergi Administrasiyasının saytında qanunu pozan vergi ödəyicilərinin yenilənən siyahısı yerləşdirilir.

Brazliliyada da oxşar təcrübə tətbiq edilir. Braziliyanın Maliyyə Nazirliyi hər ayın 10-da rəsmi saytda vergidən yayınan 500 nəfərin adlarını açıqlayır. Burada vergi ödəyicisinin adı, qeydiyyat nömrəsi, ID nömrəsi və bu siyahıya daxil edilməsinin səbəbi göstərilir. Bu məlumat vergi ödəyicisi borcunu ödədikdə və ya məhkəmə qərarı ilə silinə bilər.

"Naming and shaming" metodu vergidən yayınan və vergi borcu olan
vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanması və onları ictimai
qınaqla cəzalandıraraq qanunlara tabe olmalarını təmin etməyə çalışmaqdır

İrlandiyada isə "naming and shaming" metodu rüblük olaraq vergi adminstrasiyasının saytında vergi cinayətkarlarının adları açıqlanmaqla tətbiq edilir. Vergi qanunvericiliyini pozanların siyahısı, cəzalar, həbs və ya cərimələr, həmçinin vergi işləri ilə bağlı barəsində məhkəmə iddiası olan vergi ödəyiciləri haqqında ətraflı məlumat verilir. Bu ölkədə 1 milyon avrodan çox olan vergi məbləğini yayındıran şəxslərin siyahısı tərtib edilir. Siyahıda vergi ödəyicisinin adı, ünvanı, peşəsi, cəzası və ya cəriməsi, habelə vergi ödəyicisinin yol verdiyi qanun pozuntusunun təsviri göstərilir.

Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası vergi qanunvericiliyini pozan vergi ödəyicilərinin adlarını dərc edir. Qanunvericilik quruma 25000 funt sterlinqdən çox vergini bilərəkdən ödəməyən şəxs haqqında məlumat dərc etməyə icazə verir. Burada vergi ödəyicisinin adı, ticarət nişanı, ünvanı, ödəmədən yayındırılmış verginin məbləği və cərimələr barədə məlumat yerləşdirilir və bu, 12 ay ərzində saytda qalır.

Çində bu mexanizm bir qədər fərqli tətbiq edilir. Bu ölkədə qanunu pozan vergi ödəyicilərinin adlarının açıqlanması ilə yanaşı, həmin şəxslərin hava nəqliyyatından istifadə etmək, qatar biletləri almaq və dəbdəbəli otellərdə gecələmək hüquqları da məhdudlaşdırılır.

Hindistanın cənubunda yerləşən Banqalor şəhərində təbil ifa edənlər qanunu pozan vergi ödəyicilərinin evləri qarşısında təbil ifa edərək onları ifşa edirlər. Hindistanın Bihar əyalətində isə vergi borcunu ödəmədiyi üçün ifşaedici mahnılar oxuyan nümayəndələr mağaza sahiblərinin yanına göndərilir. Həmin nümayəndələrə bu xidmət üçün yığılmış verginin 4 faizi ödənilir.

Hindistanın cənubunda yerləşən Banqalor şəhərində təbil ifa edənlər qanunu
pozan vergi ödəyicilərinin evləri qarşısında təbil ifa edərək onları ifşa edirlər

Xorvatiyada bir qayda olaraq qanunu pozan vergi ödəyicilərini öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün onların onlayn siyahısı dərc edilir. 2017-ci ildə Xorvatiya Vergi Administrasiyası adı siyahıda olan vergi ödəyicilərindən 564 milyon HRK (pul vahidi) vergi yığa bilmişdi.

Avstraliya üçün isə bu sistem bir növ ənənəvidir. Belə ki, 1911-12-ci illərdən 1984-85-ci illərə kimi ölkədə bu mexanizm tətbiq edilib. 2017-ci ildə Avstraliyada "naming and shaming" metodununun yenidən tətbiqinə başlanılıb. Avstraliya Vergi İdarəsi vergi borcu olan kiçik biznes təmsilçilərinin siyahısını kredit agentliklərinə göndərir.

Cənubi Afrika Respublikasının Gəlirlər Departamenti qanunu pozan və vergi bəyannaməsini təqdim etməyən vergi ödəyicilərinin adlarını açıqlayır. Argentina da qanunu pozan vergi ödəyicilərinin adlarını dərc edir. Cənubi Koreya da vergi ödəməkdən yayınanların adlarını gizli saxlamır. 2016-cı ildə dərc edilmiş siyahıda 6 mindən çox şirkət və 15 min fiziki şəxsin 10,4 milyard dollar vergi ödəmədiyi göstərilib.

Cənubi Afrika Respublikasının Gəlirlər Departamenti qanunu pozan və
vergi bəyannaməsini təqdim etməyən vergi ödəyicilərinin adlarını açıqlayır

Azərbaycanda vergi cinayətləri ilə mübarizənin effektivliyi artırılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi nəzarətinin müxtəlif formaları tətbiq edilir və ölkəmizdə bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq üçün proses daim təkmilləşdirilir. Qurum tərəfindən OECD-nin "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" sənədinin milli təcrübədə tətbiqi imkanları araşdırılıb və vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından ("naming and shaming") istifadə edilməsinə və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatların açıqlanmasına başlanılıb.

Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması və gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi vergi ödəyicilərinin vəzifəsidir. Bu öhdəliyin düzgün yerinə yetirilməsi isə bütün cəmiyyətin rifahı və iqtisadi artım deməkdir.

Gülay NƏBİYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?