2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların ixrac imkanları genişlənir MƏQALƏ

Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası”na uyğun olaraq bu ilin aprel ayından “daxildə emal” xüsusi gömrük prosedurunun istifadə şərtləri asanlaşdırılıb. Yeni dəyişikliyə əsasən, xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün xammal və materiallar bu prosedur altında yerləşdirilir, gömrük rüsumu və vergilər ödənilmədən ölkəyə gətirilir və istehsal olunan yeni məhsul qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edilərək ixrac olunur. Nəticədə istehsal olunan məhsulun ixrac bazarlarında rəqabət qabiliyyəti artır.

Ölkədə iş yerlərinin sayı çoxalacaq, məşğulluq artacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədovun sözlərinə görə, malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi ölkədə iş yerlərinin çoxalmasına, məşğulluğun artmasına töhfə verəcək. O bildirib ki, xüsusi gömrük proseduruna aid malların gömrük rüsumları və ƏDV alınmadan ölkəyə idxal edilməsindən KOB müəssisələri yararlanacaqlar: “Dünya miqyasında bu təcrübədən böyük fayda əldə edilir. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, ölkədə istehsal edilən mallar xaricə satılsın. Bu, ölkəyə həm valyuta cəlbi, həm vergi, həm də məşğulluğun təmini baxımından çox müsbət təsir göstərir”.

Qeyri-neft məhsullarının ixrac potensialı artacaq

Sahibkar Ruslan Yolçuyev hesab edir ki, “daxildə emal” xüsusi gömrük prosedurunun tətbiqi ölkəmizin qeyri-neft məhsullarının ixrac imkanlarını artıracaq. ”Yeniliyin əsas əhəmiyyəti ondan ibarətdir ki, sahibkarlıq subyektləri ölkə xaricindən hansısa xammalı gətirib onu 2 il ərzində emal prosesindən keçirərək təkrar ixrac edə bilərlər. Gömrük qanunvericiliyinə və Nazirlər Kabinetinin qərarlarına əsasən, bu zaman sahibkarlar idxal və gömrük rüsumlarından azad olurlar”.

R.Yolçuyev qeyd edib ki, yeni qayda Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkarlıq subyektlərinə ölkə xaricindən xammal gətirməyə, onu emal edəndən sonra yenidən ixrac etməyə şərait yaradır. Bu isə qeyri-neft məhsullarının ixrac potensialıının artmasına ciddi təsir göstərəcək.

Sahibkar “daxildə emal” gömrük prosedurunun tətbiqi zamanı yerli istehsalın qorunmasının nəzərə alındığını vurğulayaraq deyib ki, bu prosedur ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinə maneə yaratmayacaq: “Məsələn, idxal edilən süddən ölkədə qaymaq istehsal olunursa və bu, bazarın rəqabət qabiliyyətini pozursa, bu halda həmin fəaliyyətə icazə verilmir”.

Proses bitdikdən sonra artıq qalan mal vergiyə cəlb edərək sərbəst dövriyyəyə buraxılır

“Daxildə emal” xüsusi gömrük prosedurundan faydalanan “A+Co” ASC-nin Gömrük əlaqələri şöbəsinin müdiri Rəşad Zeynalov bildirib ki, mallar bu prosedur altında yerləşdirilən zaman sahibkarın üzərinə düşən əsas öhdəlik prosesi qanunvericiliyin tələblərinə uyğun tamamlamaqdır: “İstehsal zamanı müəyyən prosedurlar həyata keçirilir, qablaşdırmalar edilir, malın görünüşündə mütləq şəkildə dəyişikliklər baş verir. Bundan başqa, mal ölkəyə idxal olan zamanı onun bir kodu olur, ixrac zamanı isə bu kod dəyişdirilir.

Bununla bağlı biz gömrük orqanlarına malların ixraca hazır olduğunu rəsmi şəkildə bildiririk, mallara baxış keçirilir və proses başa çatdırılır. Bu proses sahibkarlara ixrac imkanlarını artırmaq imkanı verir, xarici tərəfdaşlar yerli müəssisələrin daha çevik fəaliyyət göstərdiyini görürlər. Məsələn, bizim şirkət energetik içkilərin emalı ilə bağlı “daxildə emal” gömrük prosedurunu iki dəfə həyata keçirib. Tərəfdaşlarımızdan biri Qazaxıstan, digəri Hindistan şirkəti olub. Biz hər iki proseduru başa çatdırdıq və tərəfdaş şirkətlərimiz bundan çox razı qaldı. Malları “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirdikdə gömrük orqanı qarşısında bu prosesin qanunvericiliyə tam uyğun aparılacağına dair öhdəlik götürürük. Proses bitdikdə gömrük orqanlarına hesabat verir, artıq qalan malı vergiyə cəlb edərək sərbəst dövriyyəyə buraxırıq”.

R.Zeynalov qeyd edib ki, əvvəl prosedur çərçivəsində müqavilə imzaladıqları tərəfdaşlarına öz mallarını emaldan sonra geri göndərirdilər. Dəyişiklikdən sonra isə o malları tərəfdaşın müqavilə çərçivəsində göstərdiyi digər ünvanlara da ixrac edə biləcəklər: “Son zamanlarda ölkəmizin ixrac potensialının artırılması istiqamətində irəliləyiş var, bütün dövlət qurumları çalışırlar ki, istehsal müəssisələrimiz daha çox ixracyönümlü olsunlar. Bu, ölkəyə əlavə sərmayənin cəlb olunmasına, yerli şirkətlərimizin beynəlxalq arenada daha çox təcrübə qazanmasına imkan yaradır”.

“Sahibkar artıq alğı-satqı müqaviləsi əsasında xammalı özününküləşdirə də bilər”

“Azertexnolayn” MMC-nin Logistika şöbəsinin gömrük məsələləri üzrə baş mütəxəssisi Vüqar Alməmmədov deyib ki, bundan əvvəl məhsul “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilən zaman emal prosedurunun yerinə yetirilməsi üçün maliyyə vəsaitləri mütləq şəkildə xarici ölkələrdən daxil olmalı, müəyyən hasilat normaları yerinə yetirilməli idi. Bundan fərqli olaraq indi sahibkar xammalı alğı-satqı müqaviləsi əsasında özününküləşdirə, eləcə də alıb istehsal edəndən sonra ixrac edə bilər:

“Əvvəllər alğı-satqı müqaviləsi yox idi, prosesin həyata keçirilməsi üçün yalnız emal müqaviləsi bağlanılırdı. Bunu da qeyd edim ki, MDB ölkələrindən alınan xammal idxal rüsumundan azad idi. Eyni xammal digər ölkələrdən - Avropadan, Türkiyədən alındıqda isə 5-15 faiz həcmində idxal rüsumuna cəlb olunurdu. Amma indi Avropadan, Türkiyədən və digər ölkələrdən gətirilən xammal “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirildikdə məhsul həm idxal rüsumundan və ƏDV-dən azad edilir, həm də ixrac zamanı heç bir rüsum ödənilmir. Bu, böyük üstünlükdür”.

İlhamə İSABALAYEVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ