14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd qonaq evləri - ölkə turizminin inkişafında yeni səhifə MƏQALƏ

  • Layihə regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir;

  • İlkin olaraq tərəfdaşlar tərəfindən müraciətlər təhlil olunur, onların turizm marşrutu üzərində yerləşməsi, zəruri infrastrukturun qurulması və evin cari şəraiti əsas götürülür;

  • Hər bir evin təxminən 8000 manat dəyərində inventarla təmin edilməsi nəzərdə tutulur;

  • Layihənin iştirakçısı olmaq üçün müvafiq kənd evi son üç il ərzində bu istiqamətdə fəaliyyət göstərməlidir.

Uzun illərdir ki, dünyada, xüsusilə Avropa ölkələrində turistlərə maraqlı səyahət anları yaşadan, yerli həyat tərzini öyrənməyə, mədəni təcrübələri bölüşməyə imkan verən kənd turizmindən yararlanmağa böyük önəm verilir. Turizmin bu istiqamətinin getdikcə populyarlaşması səyahətçilər üçün öz xidmətlərini əlverişli qiymətlərlə təklif edən kənd qonaq evlərinin yaradılması məsələsini də aktuallaşdırır.

Kənd turizmi üçün böyük potensial imkanları olan Azərbaycanda da artıq üçüncü ildir ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində kənd qonaq evləri yaradılır. 2021-ci ildən icrasına başlanılan layihə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində ilkin olaraq İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılıb, müvafiq avadanlıqlarla təmin edilib. Regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin ikinci mərhələsi üzrə müxtəlif rayonlardan olan 220-dən çox kənd sakini qeydiyyatdan keçib və onların arasından müvafiq meyarlara uyğun olanlar seçilib, lazımi avadanlıqlarla təmin edilib. Layihə iştirakçıları biznes və turizmlə bağlı, o cümlədən biznes-planın tərtib olunması, müvafiq menecment və müştəri məmnuniyyəti, satış, qonaqqarşılama üsulları, təmizlik və gigiyenanın təşkili, təhlükəsizlik qaydaları, qidalanma, sosial medianın idarə edilməsi mövzularında təlimlərə cəlb olunublar. Eyni zamanda, həmin şəxslərə biznesin idarə edilməsi və turizm üzrə məsləhət, biznesin inkişafı ilə bağlı mentorluq xidmətləri göstərilib.

Qərb rayonlarında da bu tipli evlər yaradılacaq

Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, yerli və əcnəbi turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri rayon sakinlərinin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, bölgələrdə sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində seçimlər 2 mərhələdə aparılır. İlkin olaraq tərəfdaşlar tərəfindən müraciətlər təhlil olunur, onların turizm marşrutu üzərində yerləşməsi, zəruri infrastrukturun qurulması və evin cari şəraiti əsas götürülür. Növbəti mərhələdə vətəndaşların qanunvericiliyə uyğun qaydada əmək və məşğulluq altsistemində statusu yoxlanılır. Şəxsin layihəyə cəlbi üçün əsas şərtlərdən biri onun işsiz olmasıdır. Seçim zamanı hər iki mərhələdən uğurla keçən vətəndaşlar layihədə iştirak hüququ əldə edirlər, həmin şəxslərə turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün təlimlər təşkil edilir, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir-bərpa işləri aparılır. Növbəti mərhələdə sahibkarlıq obyektləri aqroturizm zərfi üzrə müvafiq avadanlıqlarla təchiz edilir.

Qeyd edək ki, bu layihə çərçivəsində müxtəlif rayonlar üzrə ümumilikdə 65 vətəndaş üçün kənd qonaq evi yaradılıb. Seçilmiş ərazilərin hansı prinsiplə müəyyən edildiyinə gəldikdə, Agentlikdən bildirilib ki, ərazilər ilkin olaraq turizm potensialının daha yüksək olması prinsipi ilə növbəlilik əsasında seçilir. Artıq Dağlıq Şirvan, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz regionlarında layihənin icrası təmin olunub, növbəti mərhələdə isə qərb rayonlarında həyata keçirilməsi nəzərdə tutulub.

Hər ev təxminən 8000 manat dəyərində inventarla təmin edilir

Azərbaycan Turizm Bürosunun Destinasiya menecment təşkilatları və regional layihələrin idarəolunması departamentinin direktoru Hüseyn Məmmədovun sözlərinə görə, kənd qonaq evlərinin yaradılması turizm sektoru üçün önəmli istiqamətlərdən biridir: “İstər Avropada, istərsə də Asiya ölkələrində kənd evləri ilə bağlı yaradılmış müxtəlif platformalar turistlər tərəfindən böyük məmnuniyyətlə qarşılanır. Bunun səbəblərindən biri də kənd qonaq evlərinin qiymətlərinin hotellərin qiymətlərindən daha münasib olmasıdir. Digər tərəfdən, xüsusən əcnəbi turistlər səfər etdikləri bölgənin adət-ənənələri ilə yaxından tanış olmaq, bu prosesin içində yer almaq istəyirlər. Kənd qonaq evləri də buna münbit şərait yaradır. Belə evlərdə qalmaq turistlərə kənd sakinləri ilə həmsöhbət olmağa, onlara məxsus mətbəx nümunələrinin dadına baxmağa, mədəniyyətləri, tarixi, adət-ənənələri ilə yaxından tanış olmağa imkan verir”.

Azərbaycanda hotellər, hostellər və digər yerləşdirmə vasitələrinin sayının yetərli olmadığını və regionlara üz tutan turistlərin buna görə müəyyən problemlərlə üzləşdiyini deyən H.Məmmədov Dövlət Turizm Agentliyinin qeyd edilən səbəbdən son 3 ildə kənd qonaq evlərinin yaradılması prosesinə start verdiyini bildirir. Onun sözlərinə görə, regionlarda olan turizm informasiya mərkəzləri vasitəsilə kənd evlərinin sahibləri üçün təlimlər həyata keçirirlər: “Biz onlara infrastruktur dəstəyi verməklə yanaşı, eyni zamanda, cari təmir işlərinə kömək göstərir, inventarlarla təmin edirik. Hər bir evin təxminən 8000 manat dəyərində inventarla təmin edilməsi nəzərdə tutulur ki, buraya da zəruri ehtiyaclar - çarpayı, divan, mətbəx mebelləri, tozsoran və s. aiddir”.

Departament direktoru bildirir ki, kənd evlərinin göstərdiyi xidmətlər ev sahibinin təklifindən və ya qonağın istəyindən asılı olaraq dəyişir. Adətən, qonaq evlərinin 70 faizindən çoxunda turistlərə səhər, günorta və axşam yeməyi təklif olunur. Bundan əlavə, kənd evinin sahibi hansısa bir təsərrüfat növü ilə məşğuldursa, - ola bilər ki, bu, heyvandarlıq, yaxud əkinçilik, bağçılıq olsun, - həmin məhsulları turistlərə təklif edir. Xüsusilə cənub və şimal-qərb destinasiyasında arıçılıq çox məşhurdur. Orada turistlərə bal, arı südü və s. təklif edilir”. H.Məmmədov əlavə edir ki, yay mövsümü ərzində və payızın əvvəllərində turistlər regionlara daha çox üz tutduğu üçün həmin dövrlərdə qonaq evlərində doluluq faizi yüksək olur: “Bizim sıx əməkdaşlıq etdiyimiz təxminən üç yüzə yaxın kənd qonaq evi var. Ortalama 20 gün doluluq nəzərə alınarsa, bu, mövsüm dövründə təxminən 6000 turistin kənd evlərindən istifadə etməsi deməkdir”.

Turist məmnunluğunun təmin edilməsi əsas hədəflərdəndir

Müsahibimiz qeyd edir ki, layihənin iştirakçısı olmaq üçün müvafiq kənd evi son üç il ərzində bu istiqamətdə fəaliyyət göstərməli, yəni turist qəbul etməlidir: “Həmin şəxslərin müəyyən təcrübəsi olmalıdır ki, daha sonra biz onu təlimlər vasitəsilə inkişaf etdirək. Təbii ki, təlim paketi bir çox mövzuları özündə cəmləşdirir ki, onlardan biri və ən önəmlisi turist məmnunluğudur. Bununla bağlı həm praktiki, həm də nəzəri təlimlər həyata keçiririk. Qarşıdakı illər ərzində də bu təlimləri davam etdirəcəyik”.

Mövsüm dövründə turistlər arasında kənd qonaq evlərinin fəaliyyəti ilə bağlı sorğu keçirməklə onların qarşılaşdıqları müəyyən problemlərin həlli istiqamətində də müxtəlif işlər görülür. Layihə iştirakçıları ilə imzalanmış müqavilənin bəndlərindən biri turizm informasiya mərkəzlərinin həmin evlərdə mütəmadi monitorinqlər aparması ilə bağlıdır. Monitorinqlərin məqsədi turist məmnuniyyətinin hansı səviyyədə təmin edilməsinə, ev sahibinin öz fəaliyyətindən kənara çıxıb-çıxmamasına nəzarət olunması, hər hansı problem yarandığı təqdirdə, məsələnin hüquqi müstəvidə həllini tapmasına nail olmaqdır.

Beynəlxalq təşkilatlar layihəyə böyük maraq göstərirlər

Qeyd olunan layihənin uğurla icra edildiyini vurğulayan həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlar bu istiqamətdə görülən işlərə hansı formada töhfə verə biləcəkləri ilə maraqlanırlar: “Çalışırıq ki, kəndlərdə məşğulluğun inkişaf etdirilməsi üçün bu layihəni bir təşviq aləti kimi həmin beynəlxalq təşkilatlara təqdim edək, onlar da maarifləndirmə, inventarların təqdim olunması, infrastruktur işlərinin təkmilləşdirilməsi kimi müxtəlif dəstək tədbirləri həyata keçirsinlər. Bir çox qeyri-hökumət təşkilatları da bununla bağlı bizə müraciətlər etdiyi üçün, öz növbəmizdə, əlimizdə olan vahid məlumat bazasını onlarla bölüşürük”.

Departament rəhbəri deyir ki, maraqlı tendensiyalardan biri də son iki il ərzində Azərbaycanda konsept yerləşmə vasitələrinin (üçbucaq formalı kənd evləri, konteyner evlər) sayının getdikcə artmasıdır: “Daha çox İsmayıllı, Qəbələ və Zaqatala rayonlarında cəmləşən belə yerləşmə vasitələrinə cənub zonasında da böyük maraq müşahidə olunur. Bu maraqlı yanaşma, təbii ki, kənd turizminin daha da inkişafına öz töhfəsini verəcək”.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?