Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
- Aprelin 14-də birinci rübün yekunlarını müzakirə edərkən mən bir çox tapşırıqlar verdim. Təbii ki, bu tapşırıqların hamısı yerinə yetirilməlidir və siz tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mənə müntəzəm olaraq məlumat verməlisiniz. Bu gün əlavə tapşırıqlar veriləcək, çünki pandemiya davam edir. Baxmayaraq ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə görməliyik. Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.
Hər kəs bilməlidir ki, bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyubdur. Bu günə qədər dünyada 140 mindən çox insan həyatını itirib və bu xəstəlik sərhədlər tanımır. Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son üç-dörd günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır. Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni, daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur.
Bunun başlıca səbəbi görülmüş tədbirlərdir. Mən bunu bir daha demək istəyirəm, əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı. Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün həmişə nümunə olub. Amma demək olar ki, böyük imkanlara malik ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir, xəstəlik o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq idi, yoluxma zəncirini qırmaq idi. Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir. Çünki bir daha demək istəyirəm ki, son üç-dörd gün ərzində müsbət dinamika var. Ancaq biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq, görək ki, bu dinamika nə qədər çəkəcək, bu, davamlıdır, yoxsa yox və hansı əlavə tədbirlər görülməlidir. Çünki dünya böyük çağırışla üzləşib və biz görürük ki, bir çox hallarda ölkələr bu bəla ilə təkbaşına mübarizə aparır.
Azərbaycan, əlbəttə, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atmışdır. Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk.
Bildiyiniz kimi, Azərbaycanın hazırda sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünya miqyasında ilk təşkilat idi ki, Zirvə görüşünü videokonfrans şəklində keçirib. Bu Zirvə görüşü bir daha bizim həmrəyliyimizi, birliyimizi göstərmişdir. Göstərmişdir ki, biz ağır günlərdə bir-birimizin yanındayıq.
Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Bu, onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Biz isə bundan sonra da bu bəla ilə mübarizədə fəal olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik və elə etməliyik ki, bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.
Karantin rejiminə gəldikdə, bildiyiniz kimi, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.
Bunu nəzərə alaraq, biz əlbəttə ki, insanların sosial müdafiəsini daha da gücləndirməliyik. Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, - mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik.
Ancaq nəzərə alsaq ki, karantin rejimi uzadılacaq və karantin rejimindən çıxış da gərək bəri-başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm ki, biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik və bu rejimi eyni qaydada - mərhələli yollarla yumşaltmalıyıq. Bu, hansı formada olacaq? Gərək bu məsələ üzərində hökumət və o cümlədən nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.
Əlbəttə, məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlərimiz insanlara kömək göstərmək üçün əllərindən gələni edirlər. Bildiyiniz kimi, bizim səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi, ilk növbədə, onunla bağlıdır ki, biz xəstəliyin yayılma sürətini nəzarət altında saxlaya bildik. Əgər bu, nəzarətdən çıxsaydı, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməzdi. Bu gün inkişaf etmiş bəzi ölkələrin, - indi oradakı vəziyyət televiziya və internet resurslarında göstərilir, - insanları ümumiyyətlə müalicə etmək imkanı yoxdur. Bəzi xəstələr dəhlizlərdə yerləşdirilir, yerə uzadılır, uzanıblar yerlərdə və sadəcə olaraq, xəstəxana binasında qalırlar. Ən inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir. Nəyə görə? Sadəcə olaraq, səhiyyə sistemi buna davam gətirə bilmir, xəstəxanalarda yer yoxdur, bəzi hallarda lazım olan avadanlıq çatışmır. Əgər bu ölkələrin səhiyyə sistemi normal fəaliyyət göstərsəydi, o insanların böyük əksəriyyətinin həyatını xilas etmək olardı.
Bizim səhiyyə sistemimiz son illərdə böyük inkişaf yolu keçibdir və bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tikilibdir. O cümlədən 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin vaxtilə mənim təşəbbüsümlə tikilmiş Tədris-Terapevtik və Cərrahiyyə klinikalarında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alır. O cümlədən bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır. Yəni, mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilibdir. Mənim göstərişimlə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Hesab edirəm ki, bu xəstəxanalar işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək.
Yəni, biz bütün hazırlıq işlərini görürük. Biz indi həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük. Sirr deyil ki, səhiyyə işçilərinin fəaliyyətinə bəzi hallarda tənqidi yanaşmalar da müşahidə olunurdu. Sanki Azərbaycanın səhiyyə sistemi bərbad vəziyyətdədir, Azərbaycanda xəstələrə lazımi müalicə göstərilmir, imkanlı xəstələr xaricə üz tuturlar. Bəli, belə hallar var, təkcə Azərbaycanda yox, bizdən qat-qat zəngin olan ölkələrdən də imkanlı adamlar Avropanın, Amerikanın aparıcı klinikalarında müalicə alırlar. Bu, dünya praktikasıdır. Ancaq bu gün biz yalnız öz imkanlarımıza arxalanırıq. Bizim səhiyyə sistemimiz ancaq Azərbaycan həkimləri tərəfindən dövlət dəstəyi ilə inkişaf edir. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatların keçirilməsi, koronavirusla bağlı müxtəlif müayinələrin aparılması, 18 laboratoriyamız - bütün bunlar bizim gücümüzü artırır. Yəni, bu gün tam əmin ola bilərik ki, bizim səhiyyə imkanlarımız və həkimlərin peşəkarlığı lazımi səviyyədədir. Göstərdikləri fədakarlığa, qəhrəmanlığa görə həkimlərə bir daha təşəkkürümü bildirirəm. Ona görə mən tam əminəm ki, karantin rejiminin uzadılması nəticəsində biz müsbət dinamikanı gücləndirə bilərik.
Bununla əlaqədar əlbəttə ki, biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki dövlətin bütün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz. Ona görə tapşırıq verirəm ki, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların imkanı olmayacaq ki, bank hesabları açsınlar. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın. Bu, bizim xahişimizdir, bu, bizim tələbimizdir.
Ona görə bu məsələ ilə bağlı indi sizin nazirlik qarşısında çox ciddi vəzifələr durur. Siz qısa müddət ərzində bu ödənişləri təmin etməlisiniz. Sual vermək istərdim Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə, indi ayın sonuna 13 gün vaxt qalıb, 600 min insana bu ödənişlər nə dərəcədə operativ şəkildə edilə bilər və gündə neçə min insana bu ödənişlər verilə bilər? Məlumat verin.
Nazir Sahib Babayev deyib:
- Möhtərəm cənab Prezident, Sizin təşəbbüsünüzlə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində işsiz şəxslərə, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə, habelə qeyd etdiyiniz kimi, aztəminatlı ailədən olan insanlara dəstək mexanizmi artıq aprelin 7-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Aprelin 9-dan biz ödənişlərə başlamışıq. İlk vaxtlar hər gün 10 min insana ödəniş köçürülürdüsə, artıq son günlər biz bu rəqəmi 20-25 minə çatdıra bilmişik. Dünən axşamadək artıq 140 min insana ödəniş edilibdir. Bugünkü plana əsasən əlavə 25 min insana ödəniş ediləcəkdir. Biz Sizin tapşırığınıza əsasən ayın sonuna qədər gündəlik rəqəmi 25-30 minə çatdırmağa çalışarıq ki, maksimum sürətlə icra olunsun, aprelin sonu, mayın əvvəllərində artıq 600 min insanın hər biri bu vəsaiti alsın. Əsas sual, eyni zamanda, vətəndaşlarımızın bu vəsaiti götürməsi ilə bağlıdır. Çünki bir gündə ödəniş həddən artıq çox olanda istənilən şəkildə vətəndaşların müraciəti və sıxlığı yarana bilər bizim bank şöbələrimizdə, poçt şöbələrimizdə. Ona görə biz onu da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə tənzimləməyə çalışdıq və əsas yük poçt şöbələrimizin üzərinə düşür. Onlar da həqiqətən bu günədək bu missiyanı çox uğurla icra edirlər. Amma biz düşünürük ki, ən geci mayın ilk həftəsində bütün ödənişlər yekunlaşacaqdır. Sizin tapşırığınıza uyğun olaraq ikinci ödənişin böyük bir hissəsi köçürmə yolu ilə həyata keçirilsə, əlbəttə ki, daha sürətlə icra ediləcəkdir.
Prezident İlham Əliyev: Yaxşı. Onda birinci ödənişi alan vətəndaşlara bir daha tövsiyə olunmalıdır ki, bank hesabları açsınlar. Bizim banklara da indi müraciət edirəm ki, onlar, - düzdür, bu, böyük iş tələb edir, - burada maksimum operativlik göstərsinlər. Çünki əgər 600 min insanın hamısı bank hesabı açarsa, - biz bunu istəyirik, tövsiyə edirik, - bu, əlbəttə ki, müəyyən problemlər yarada bilər. Ona görə bank sektoru da buna hazır olmalıdır. Beləliklə, bundan sonra artıq həmin insanlar öz maaşlarını köçürmə yolu ilə alacaqlar, şəffaf şəkildə alacaqlar və öz vətəndaşlıq borcunu yerinə yetirmiş olacaqlar. Çünki bu, ən düzgün yoldur. Bu məsələ ilə, yəni, görüləcək əlavə işlərlə bağlı sizin başqa sözünüz var?
Nazir Sahil Babayev: Möhtərəm cənab Prezident, işsiz və qeyri-formal məşğul insanlar, xüsusi karantin rejimində iş yerini itirmiş insanlar ilə bağlı bir sıra digər proqramlar da var - Sizin təşəbbüsünüzlə elan edilən haqqı ödənilən ictimai iş yerləri proqramı. Bu proqramın əhəmiyyətli dərəcə artırılmasını tapşırmışdınız və əlavə 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Bu proqramın da icrasına artıq başlanıbdır. Məruzə edirəm ki, bu günədək 5 min işsiz şəxs artıq bu işlərə cəlb edilibdir, onlarla əmək müqavilələri yekun imzalanma mərhələsindədir. Biz bunu da 10 gün ərzində tam şəkildə icra etməyə çalışacağıq. Cənab Prezident, digər bir proqram özünüməşğulluq proqramıdır. Sizin tapşırıqlarınıza uyğun olaraq özünüməşğulluq proqramına həm Dünya Bankı cəlb edilibdir, həm də Azərbaycan bankları artıq fəal şəkildə qoşulubdur. Bu il biz 12 min ailə üçün mikro-təsərrüfatın yaradılmasını planlaşdırırıq. İşsizlərlə bağlı bu qədər, cənab Prezident.
Prezident İlham Əliyev: Çox yaxşı. Ödənişli ictimai iş yerlərinin açılması ilə bağlı əvvəlki illərin təcrübəsinə əsaslanaraq, biz ilin əvvəlində 37 min iş yerinin açılmasını nəzərdə tuturduq. Onu da bildirməliyəm ki, artıq bu proqram 3-4 ildir həyata keçirilir. Artıq bəzi insanlar, hansılar ki, ilkin mərhələdə bu işlərə cəlb edilmişdilər, sonra daha da yüksək maaş imkanına malik başqa iş yerlərinə keçdilər. Ona görə biz bu proqramı təqribən 30-40 min ətrafında nəzərdə tuturduq. Ancaq pandemiyaya görə və işsizliyin qaçılmaz artımını nəzərə alaraq mən göstəriş vermişdim ki, biz ilkin mərhələdə bu rəqəmi 50 minə çatdıraq. Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır. Bu sahəyə də çox ciddi nəzarət olmalıdır. Bu məsələ ilə bağlı biz sizinlə əvvəllər də danışmışıq. İndi mexanizm daha şəffafdır. Çünki əfsuslar olsun ki, ilkin mərhələdə burada nəzarət sıfır səviyyəsində idi və bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək, aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də mənimsəyirdilər. Bu, vicdansızlığın zirvəsidir. Məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib. Onlar özlərini, öz əcdadlarını biabır ediblər, öz yaxınlarına, dövlətə böyük ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud da iş qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Nəzərə alsaq ki, biz minimum əməkhaqqını 250 manata qaldırdıq, ancaq onu da mənimsəyib, kartları özündə saxlayıb, kartlardan pul çəkib varlanırdılar. Bu, həm cinayətdir, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz. Ona görə bütün aidiyyəti orqanlar bundan sonra bu məsələyə çox böyük diqqət verməlidirlər. Mən vətəndaşlardan da xahiş edirəm, kimin ki, adı bəlkə indi də yazdırılır və əməkhaqqı almır, onlar da bu məlumatı bizə versinlər. Beləliklə, biz 90 min işsizi ictimai işlərlə təmin edəcəyik.
Özünüməşğulluq proqramına gəldikdə, biz keçən dəfə də bu məsələ ilə bağlı danışmışıq. Hesab edirəm ki, 12 min insanı bu il bu proqrama cəlb etməyimiz çox yaxşı rəqəmdir. Bizim təşəbbüsümüzlə həm Dünya Bankı bu proqrama qoşulub, həm də Azərbaycan bankları ilk dəfədir ki, bu proqrama qoşulur. Ümid edirəm, Azərbaycan bankları gələn il bu kateqoriyadan olan daha çox sayda insana kömək göstərəcəklər.
Bir də mən sizə tapşırmışdım ki, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Son müddət ərzində bu sahədə vəziyyət və artım dinamikası necədir?
Nazir Sahil Babayev deyib:
-Möhtərəm cənab Prezident, artıq 80 min ailə, 330 mindən çox fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunubdur. Aprelin 1-i ilə müqayisədə artım 10 min ailədir və ya 36 min şəxsdir. Bu dinamika da Sizin tapşırığınıza uyğun olaraq mütəmadi şəkildə artırılacaq. Ünvanlı yardım bizim aztəminatlı ailələrimizə önəmli bir dəstək mexanizmi kimi yenə də Sizin təşəbbüsünüzlə icra ediləcəkdir.
Prezident İlham Əliyev: Çox yaxşı. Eyni zamanda, ayın 14-də keçirilmiş müşavirədə mən bildirdim ki, şəhid ailələrinə nəzərdə tutulmuş evlərin təmin edilməsi həyata keçirilsin. Siz də bu məsələ ilə bağlı məlumat verdiniz. Əlbəttə ki, indi karantin rejiminə görə kütləvi tədbirlər keçirilə bilməz. Ancaq bilməliyik ki, biz ilin sonuna qədər müəyyən edilmiş rəqəmə çatmalıyıq, 1500 şəhid ailəsi bu yardımdan faydalanacaq. Belə olan halda növbədə daha nə qədər ailə qalacaq? Bu barədə məlumat verin.
Nazir Sahil Babayev: Möhtərəm cənab Prezident, 2014-cü ildə proqramın ilkin icrasına başlanan zaman, yəni, 2014-cü il yanvarın 1-nə qədər növbədə olan şəxslərdən artıq bu ilin sonuna cəmi 1500 nəfər qalacaqdır.
Prezident İlham Əliyev: Yəni, bu il 1500 ailə təmin olunandan sonra hələ də 1500 qalacaq. Yəqin ki, biz 1-2 ilə bu məsələni də həll edə bilərik. Beləliklə, bu kateqoriyadan olan bütün insanlara dövlət tərəfindən mənzillərin verilməsi proqramı başa çata bilər.
Eyni zamanda, DOST mərkəzlərinin tikintisi ilə bağlı maraqlanmaq istərdim. Düzdür, indiki şəraitdə bu mərkəzlər fəaliyyət göstərmir. Ancaq bizim proqramımızda bu il bir neçə mərkəzin tikintisi nəzərdə tutulurdu. Karantin rejimi başa çatandan sonra bu mərkəzlər mütləq fəaliyyətə başlamalıdır. Bu sahədə hansı işlər görülüb? Çünki mən iki mərkəzin açılışında iştirak etmişəm. Ondan əlavə, neçə mərkəzin tikintisi nəzərdə tutulub bu il və hazırdırmı, yoxsa yox?
Nazir Sahil Babayev: Möhtərəm cənab Prezident, bu il əlavə 7 mərkəzin tikilməsi üzərində iş aparılır. Onların dördünün bu il açılması nəzərdə tutulurdu və biri artıq hazırdır. Bu, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı DOST mərkəzidir. Biz onu açılış üçün tam şəkildə hazırlamışıq, xüsusi karantin rejimi bitən kimi fəaliyyətə başlayacaq. Həmin mərkəzimiz gündəlik əsasda təqribən 700 insan qəbul edə biləcək və ən həssas kateqoriyadan olan insanlarımıza dəstək verəcək. Digər mərkəzlərimiz Sumqayıt şəhərində, Abşeron, Bərdə, Quba və Şəki rayonlarında planlaşdırılır. Onların da hər birinin üzərində müvafiq işlər aparılır. İnşallah, bu mərkəzlərin tikintisi sürətli şəkildə yekunlaşdırıldıqca Sizə məruzə ediləcək.
Prezident İlham Əliyev: Yaxşı. İndi biz iqtisadi sahə ilə bağlı, əlbəttə, öz addımlarımızı elə atmalıyıq ki, hazırkı çətin şəraitdə iqtisadi fəallığı müəyyən mənada qoruyub saxlayaq. Hər kəs yaxşı bilir ki, demək olar bütün ölkələr indi pandemiya ilə əlaqədar öz sərhədlərini bağlayıblar, ancaq ticarət və yük daşımaları sahəsində işlər davam edir. Düzdür, indi ticarət obyektləri bağlı olduğu üçün burada tənəzzül var. Yükdaşımalarda isə vəziyyət nisbətən normaldır. Əlbəttə ki, iqtisadi sahədə apardığımız siyasət və iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə bizə əlavə imkanlar yaradır. Bu ilin 3 ayının yekunları haqqında biz üç gün bundan əvvəl danışdıq, təkrar etmək istəmirəm. Hələ ki, müsbət dinamika var. Ancaq istisna olunmur ki, aprel, may, iyun aylarında tənəzzül müşahidə ediləcək. Çünki biz iki ayın yekunlarını üç ayın yekunları ilə müqayisə edəndə görürük ki, həm ümumi daxili məhsulda azalma var, eyni zamanda, qeyri-neft sektorunda tənəzzül var. Baxmayaraq, hələ ki, biz artımı görürük, ancaq növbəti aylarda necə olacaq, əlbəttə, bu da karantin rejiminin nə vaxta qədər davam etməsinə bağlıdır. Ancaq eyni zamanda, nəzərə alın ki, karantin rejimi hələ müəyyən qədər davam edəcək. Karantin rejimi çərçivəsində biz hansı əlavə addımları atmalıyıq ki, iqtisadi fəallığı, heç olmasa müəyyən dərəcədə qoruyaq və karantin rejimi başa çatandan sonra vaxt itirmədən iqtisadi fəallığı artıraq. Ona görə mən deyəndə ki, biz karantin rejimindən mərhələli yollarla çıxmalıyıq, bu, eyni zamanda, bizim iqtisadi sahəyə də aiddir. Çünki bu sahədə də sizdə artıq prioritetlər olmalıdır. Hətta mən bir daha demək istəyirəm, istisna edilmir ki, aprelin 20-dən sonra uzadılacaq karantin rejimi çərçivəsində belə biz müəyyən sahələri aça bilərik. Çünki biz indi dünya praktikasına da baxırıq, artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür. Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmərik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin rejiminə daha hazırlıqlı olaq. Hesab edirəm ki, bayaq qeyd etdiyim məsələlər öz müsbət həllini taparsa, qeyri-formal məşğulluq karantin rejimindən sonra təbii olaraq düşəcək. Çünki bu müddət ərzində on minlərlə əmək müqaviləsi bağlanmışdır və bu gün qeyri-formal sahədə işləyənlər artıq görəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Əlbəttə, qeyd etdiyim kimi, indiki şərait bundan sonra iqtisadi sahədə qanunları pozmaq istəyənlərin üzərinə çox böyük mənəvi yük qoyacaqdır. Çünki bir daha demək istəyirəm ki, indiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır. Ona görə siz sahibkarlarla müntəzəm əlaqə saxlayın, o cümlədən maarifləndirmə, onların vicdanla fəaliyyət göstərməsi ilə əlaqədar mütləq təmasları davam etdirin. Bir daha onlara göstərilməlidir ki, dövlət nə qədər böyük yükü öz üzərinə götürüb. Mən indi Azərbaycanı heç kimlə müqayisə eləmək istəmirəm, amma baxın görün, bu pandemiyadan zərər çəkmiş sahələrdə işləyənlərin əməkhaqqı dövlət tərəfindən ödənilir, 300 min adamdır, az deyil. Mikrosahibkarların da sayı 300 minə yaxındır, onlara da dövlət tərəfindən vəsait ödənilir. İndi vergi güzəştləri, vergi tətilləri ilə bağlı mən göstəriş vermişəm və istəyirəm ki, siz bu məsələ ilə bağlı məlumat verəsiniz, hansı tədbirlər hazırlanıb və bu paket Milli Məclisə nə vaxt təqdim ediləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib :
- Təşəkkür edirəm, möhtərəm cənab Prezident. İlk növbədə, onu vurğulamaq istərdim ki, Sizin iki tapşırığınıza uyğun olaraq biz bütün işləri planlaşdırıb həyata keçiririk. Birincisi, ilk növbədə, mövcud olan iqtisadi strukturu və məşğulluğu qorumaqdır. İkincisi, yeni şəraitdə fəaliyyəti təmin etməkdir.
Operativ məlumat olaraq diqqətinizə məruzə etmək istərdim ki, pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesi uğurla gedir, proses onlayn keçirilir. İzahedici videoçarxlar, “Qaynar xətt” fəaliyyət göstərir. Bu günə olan rəqəmlər bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.
İkinci tapşırığınıza uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb. O, aşağıdakı hissələrdən ibarətdir və bütün dövlət qurumları ilə razılaşdırılıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər.
İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi.
Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə artıq Siz qeyd etdiyiniz kimi, yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb.
Prezident İlham Əliyev: Sahibkarlarla bu məsələ ilə bağlı müzakirələr aparılıb?
Nazir Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, Sizin Sərəncamınıza uyğun olaraq yaradılmış işçi qruplarında sahibkarlıq subyektləri, Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və bütün aidiyyəti dövlət orqanlarının iştirakı ilə müzakirələr aparılıb və sahibkarların rəyi nəzərə alınıb.
Prezident İlham Əliyev: Yəni, sahibkarların bu təkliflər paketinə münasibəti nədən ibarətdir, bu, onları qane edir, yoxsa bundan daha böyük güzəştlər istəyirlər? Bu barədə məlumat verin.
Nazir Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, vergi güzəştlərinə gəldikdə, bu, geniş və əhatəli vergi güzəşti paketidir. Məlum olduğu kimi, bu, yeganə dəstək mexanizmi deyil. Nümunə kimi, bu gün Maliyyə Sabitliyi Şurasında müzakirəsi gözlənilən məsələ ondan ibarətdir ki, bütün digər biznes fəaliyyətinə də pandemiyanın təsirsiz ötüşməməsini nəzərə alaraq, misal üçün, bank kreditləri olan və bank kreditlərinə də requlyativ tədbirlərin yumşaldılması. Bu, sahibkar üçün nə deməkdir? Bu, o deməkdir ki, banklara imkan verir ki, onların cari kredit ödənişlərini yumşaldır, restrukturizasiya edir, dövr verir, müddət verir. Bu iş Mərkəzi Bankın, Banklar Assosiasiyasının təşəbbüsü ilə işçi qrup çərçivəsində, aidiyyəti digər işçi qrup çərçivəsində İqtisadiyyat Nazirliyində sahibkarların iştirakı ilə həyata keçirilir. Bu qərarın da qısa müddətdə Sizin diqqətinizə təqdim edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev: Yaxşı. Verdiyim tapşırıqları operativ, şəffaf şəkildə yerinə yetirmək lazımdır. Əminəm ki, bu tədbirlərin görülməsi nəticəsində biz həm əhalinin sosial müdafiəsini gücləndirəcəyik, eyni zamanda, sahibkarlara əlavə dəstək verəcəyik və ən önəmlisi, insanların həyatını, sağlamlığını qoruyacağıq.
Əminəm ki, Azərbaycan xalqı karantinin uzadılmasını düzgün başa düşəcək. Bir daha demək istəyirəm ki, bu, hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik. Sağ olun.