25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Bir pəncərə" üzrə qeydiyyatın tətbiqindən 15 il ötür VİDEO

Kommersiya qurumlarının «bir pəncərə» prinsipi üzrə qeydiyyatı sisteminin tətbiqindən 15 il ötür. Prezident İlham Əliyevin 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə 2008-ci il yanvarın 1-dən biznes subyektlərinin “bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatına start verilib. 2007-ci il dekabrın 29-da dövlət başçısının iştirakı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi üzrə vahid dövlət qeydiyyatı sisteminin təqdimatı keçirilib. Bu, Azərbaycanda biznesin qeydiyyatı sahəsində aparılmış islahatların ilk addımı, eyni zamanda ölkəmizdə “bir pəncərə” sisteminin ilk tətbiqi hesab olunur.

Əvvəllər Azərbaycanda hüquqi şəxsin qeydiyyatı bir neçə orqan tərəfindən həyata keçirilirdisə, “bir pəncərə”nin tətbiqi ilə vahid qeydiyyat orqanı kimi Dövlət Vergi Xidməti müəyyən edilib. Bu prinsipə əsasən, biznesin qeydiyyatı prosedurlarının sayı 13-dən 5-ə, sərf edilən müddət isə 53 gündən 7 günə endirildi, sırf qeydiyyatın aparılmasına sərf olunan müddət isə 3 günədək azaldılıb. Bu, müddətin 20 dəfə, prosedur qaydalarının 3-5 dəfə, təqdim edilən kağız formatlı sənədlərin isə dəfələrlə azalması demək idi.

“Bir pəncərə”nin davamı olaraq, biznesin qeydiyyatı sahəsində növbəti islahat “E-qeydiyyat”ın tətbiqi idi ki, bununla da, biznesə başlama prosedurları əhəmiyyətli dərəcədə asanlaşıb. 2011-ci ilin iyulundan fərdi sahibkarların, 2012-ci ilin fevral ayından isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron üsulla aparılmaqdadır.

İslahatların davamı olaraq, 2019-cu ildən biznesin qeydiyyatında yeni üsul – “fin kod+mobil nömrə” tətbiq edilir. Nəticədə, hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir, bununla da həmin sənədlərin kağız daşıyıcılarında təqdim edilməsinə zərurət yaranmır. Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.

Hazırda kommersiya qurumlarının dövlət qeydiyyatı Bakı şəhəri üzrə Milli Gəlirlər Baş İdarəsinin (MGBİ) Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində, regionlar üzrə isə ərazi vergi baş idarələri və idarələrində aparılır. Xarici investisiyalı hüquqi şəxslər yalnız MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində və Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində qeydiyyata alınır.

Bu sahədə sistemin optimallaşdırılması və təkmilləşdirilməsi üzrə işlər bu gün də davam etdirilir. Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə qəbul edilmiş Yol Xəritəsi çərçivəsində biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və mütərəqqi təcrübələrin tətbiqi nəzərdə tutulur. Yaxın gələcəkdə hüquqi şəxslərin ilkin qeydiyyatı ilə yanaşı, məlumatlarda baş verən dəyişikliklərin elektron qaydada həlli, qeydiyyat zamanı üztanıma üsulundan istifadə imkanları da araşdırılır.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?