Sosial sığorta məbləğlərinin azaldılması stimullaşdırıcı səciyyə daşıyır
Pandemiya dövründə sahibkarlara dəstək vermək, eləcə də onların inkişafını stimullaşdırmaq məqsədilə sosial qanunvericilikdə də yeniliklər edilib. Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli fərmanı ilə təsdiqlənmiş əlavə və dəyişikliklərə əsasən, 2020-ci ildə bir sıra sahibkarlıq subyektlərinin sosial öhdəlikləri azaldılıb.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev bildirib ki, sosial ödənişlərdə regionlar arasında diferensiallaşmanın tətbiqi nəzərdə tutulub: "Hazırda Azərbaycanda minimum əməkhaqqı 250 manatdır. 2019-cu ildə qəbul edilən qanunvericiliyə əsasən, tikinti və ticarət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri minimum əməkhaqının 50 faizi, digər sahələr çalışanlar isə 25 faizi məbləğində sosial sığorta haqqı ödəməli idilər. "Sosial Sığorta haqqında" Qanuna edilən son dəyişikliyə əsasən, tikinti və ticarət sahəsində çalışanların sosial ödənişləri azaldılıb. Əvvəl onlar 125 manat sosial sığorta haqqı ödəyirdilərsə, 2020-ci il ərzində bu məbləğ 62,5 manat olacaq. Regionlarda isə bu məbləğlər diferensial şəkildə müəyyən edilib. Sumqayıt və Gəncədə həmin məbləğin (62,5 manatın) 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində 70 faizi, kənd yerlərində isə 60 faizi tutulacaq.
Başqa sözlə, tikinti və ticarət sektorunda çalışan sahibkarların aylıq sosial ödənişlərinin məbləği Bakıda 62,50 manat, Sumqayıt və Gəncədə 56,25 manat, digər şəhərlərdə çalışanlar üçün 50 manat, rayon mərkəzlərində 37,50 manat, kənd yerlərində isə 31,25 manat müəyyən edilib.
Tikinti və ticarət sektoruna aid olmayan digər sahələrdə çalışanların sosial ödənişləri də azaldılıb. Əgər Bakı şəhəri üzrə onların ödənişinin məbləği əvvəllər 62,50 manat olmuşdusa, indi həmin rəqəm 37,5 manat təşkil edir. Bu rəqəm də regionlar üzrə diferensiallaşdırılıb. Sumqayıt və Gəncədə çalışan sahibkarlar həmin məbləğin (37,5 manatın) 90 faizini, digər şəhərlərdə 80 faizini, rayon inzibati ərazilərində 60 faizini, kənd yerlərində isə 50 faizini ödəməlidirlər. Məsələn, Gəncə və Sumqayıtda çalışan sahibkarların aylıq sosialödənişinin məbləği 33,75 manat, digər şəhərlərdə 30 manat, rayon inzibati ərazilərində 22,50 manat, kənd yerlərində isə18,75 manat təşkil edir.
İndiyədək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər minimum əməkhaqqının 25 faizi məbləğində sosial sığorta haqqı ödəyirdilər. 2020-ci ildə bu məbləğ azaldılıb. Məsələn, toylarda, digər tədbirlərdə aparıcı, çalğıçı, rəqqas, məzhəkəçilər və digər bu kimi fəaliyyət növləri üzrə çalışanlar minimum əməkhaqqının 5 faizi məbləğində 12,5 manat sosial sığorta haqqı ödəyəcəklər. Fərdi foto, video, audio xidmətləri göstərən şəxslər isə minimm əməkhaqqının 5 faizi məbləğində sosial ödəniş edəcəklər. Çəkməçi, pinəçi, məişət cihazlarını tımir edən şəxslər, fərdi yaşayış evlərində xidmət edən qulluqçular, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, eləcə də nəqqaşlar, dərzilər isə minimum əməkhaqqının 3 faizi məbləğində - 7,5 manat sosial sığorta haqqı ödəyəcəklər.
Qanunda kənd təsərrüfatı təyinatlı torparlara görə ödənilən sosial sığorta məbləğləri də azaldılıb. Kənd yerlərində torpaq sahəsində çalışanlar 5 hektara qədər olan sahələrə görə minimum əməkhaqqının 2 faizi məbləğində, yəni 5 manat sosial ödəniş edəcəklər. 5-10 hektar üçün 15 manat (6 faiz), 10 hektardan çox olanlar isə minimum əməkhaqqının 25 manat (10 faiz) ödəyəcəklər. Həmin məbləğlər Bakı şəhərində 2 əmsalına, Abşeronda 1,5 əmsalına vurularaq hesablanır. Digər regionlarda isə sabit qalır.
Əvvəllər sərbəst auditorlar, mühasiblər gəlirlərinin 10 faizi məbləğində sosial sığrta haqqı ödəyirdilər. Yeni dəyişikliyə əsasən, onların xərcləri çıxılandan sonra gəlirlərinin 10 faizi tutulacaq.
Fərqanə ALLAHVERDİQIZI