12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərin vergi mükəlləfiyyəti

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicisinin, o cümlədən də bu fəaliyyətlə məşğul olan fiziki şəxsin vəzifələrinə aiddir. Malların təqdim edilməsi və alışı ilə bağlı əməliyyatların rəsmiləşdirilməsi məsələlərini EKVİTA şirkətinin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov şərh edir.

Qaimə-faktura mexanizmi əməliyyat tərəflərinin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət aləti olmaqla bərabər, alışlar üzrə məsrəfərin gəlirdən çıxılan xərc kimi tanınmasına da əsas verir. Deməli, sahibkarlıq fəaliyyəti çərçivəsində məsrəflərin gəlirdən çıxılan xərc kimi tanınması üçün həmin alış əməliyyatlarını təsdiq edən sənədlərin alınması mütləq şərtdir. Vergi qanunvericiliyi həmin sənədləri aşağıdakı kimi müəyyən edir:

  • vergi uçotunda olan şəxslərdən alınmış mallar üzrə elektron qaimə-faktura;

  • vergi uçotunda olmayan (olması nəzərdə tutulmayan) şəxslərdən alınmış mallar üzrə malların alış aktı.

Bu sənədlərin tətbiqi ilə bağlı reqlamentlər Vergi Məcəlləsinin müvafiq olaraq 71-1 və 71-2-ci maddələri ilə tənzimlənir. Lakin təcrübədə bu normaların tətbiqi ilə əlaqədar bir sıra suallar yaranır.

Mövzuya aydınlıq gətirməzdən əvvəl, qısa bir təhlil aparmaqda, habelə fiziki şəxslərin vergi münasibətlərində iştirakı ilə bağlı bəzi təməl bilgiləri xatırlamaq yerinə düşər. Burada əsas üç faktın müəyyənləşdirilməsinə əsaslanmaq vacibdir:

  • fiziki şəxsin vergi uçotunda olub-olmaması;

  • fiziki şəxsin statusu;

  • fiziki şəxs tərəfindən təqdimetmə ilə bağlı əməliyyatların rəsmiləşdirilməsi.

Bir məsələni nəzərə almaq lazımdır ki, fiziki şəxs vergi münasibətlərində əsasən, üç statusda çıxış edir – sahibkarlıq fəaliyyəti ilə bağlı fərdi sahibkar (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs) kimi, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq qeyri-sahibkar fiziki şəxs kimi və muzdlu işçi kimi.

Qanunvericilik fiziki şəxsin vergi statuslarını əsasən onun əldə etdiyi (və ya edəcəyi) gəlirin xarakterinə və bəzi hallarda fəaliyyət növünə görə müəyyən edir ki, bu məsələlər Vergi Məcəlləsinin fiziki şəxslərin gəlir vergisi ilə əlaqədar müddəalar təsbit olunmuş VIII fəsli ilə tənzimlənir. Vergi Məcəlləsinin 97-99-cu maddələrində gəlir anlayışı və gəlirlərin ümumi və detallı təsnifatı konkret olaraq müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 98-ci maddəsi ilə tənzimlənən muzdlu işlə əlaqədar fəaliyyət digərlərinə münasibətdə spesifik fəaliyyət kimi fərqləndirildiyindən, təhlil olunan mövzunun məqsədləri üçün yalnız Vergi Məcəlləsinin 99-cu maddəsi ilə tənzimlənən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlər üzrə fiziki şəxsin vergi mükəlləfiyyətinin xüsusiyyətlərini nəzərdən keçirək.

Fərdi sahibkar statusunda çıxış etdiyi zaman qanunvericilik fiziki şəxsdən mütləq qaydada vergi uçotuna alınmasını tələb edir. İkinci statusda isə bəzi hallar istisana olunmaqla vergi uçotuna alınmaq tələb olunmur. Həmin müstəsna hallara misal olaraq fiziki şəxsin əldə etdiyi gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının mümkünsüzlüyünü – ödənişi edən şəxsin də vergi uçotunda olmadığını (vergi uçotuna alınmasının məcburi olmadığını), xüsusi notarius və vəkillik fəaliyyəti ilə məşğul olduğunu göstərə bilərik.

Fiziki şəxin vergi uçotu ilə əlaqədar bir məqamı xüsusi vurğulamaq lazımdır ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün uçota alınmış fiziki şəxsə "Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə", qeyri-sahibkarlıq gəlirlərinin əldə edilməsi, habelə xüsusi notarius və vəkillik fəaliyyəti məqsədləri üçün uçota alınmış fiziki şəxsə "Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə" verilir. Bu sənədlərin forması eyni olsa da, məhz adları fiziki şəxsin statusunu fərqləndirməyə şərait yaradır. Başqa sözlə, şəxsin "Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə" əldə etməsi onun sahibkar olması demək deyildir.

Qeyd etmək lazımdır ki, xüsusi notarius və vəkillik fəaliyyəti öz iqtisadi mahiyyətinə görə sahibkarlıq fəaliyyəti olsa da, qanunvericilik bu fəaliyyətdən əldə olunan gəlirləri qeyri-sahibkarlıq gəlirlərinə aid etdiyi üçün həmin fəaliyyət də qeyri-sahibkarlıq fəaliyyəti kimi qəbul olunur. Bu fakt bizə fiziki şəxsin vergi statusunu və habelə mükəlləfiyyətini məhz onun gəlirlərinin xarakterinə görə müəyyənləşdirməyə əsas verir.

Xüsusi notarius və vəkillik fəaliyyəti istisna olmaqla qalan digər hallarda fiziki şəxs tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi sahibkarlıq fəaliyyəti hesab olunduğu üçün yalnız malların təqdim edilməsi əməliyyatlarına diqqət yetirəcəyik.

Beləliklə, əvvəlcə sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxsin əsas öhdəliklərini qeyd edək. Həmin şəxslərin vergi uçotu ilə bağlı bütün prosedurlar Vergi Məcəlləsinin 33-34-cü maddələri ilə tənzimlənir. Məcəllənin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, yəni fərdi sahibkar, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etməlidir. Burada vacib bir məqam diqqətə alınmalıdır: əgər fiziki şəxs tərəfindən həyata keçirilən hər hansı əməliyyatda sahibkarlıq fəaliyyəti əlamətləri vardırsa, vergi uçotuna alınıb-alınmamasından asılı olmayaraq, həmin şəxsə fərdi sahibkar kimi baxılır və qanunvericiliklə müəyyən olunmuş bütün mükəlləfiyyətlər ona da şamil olunur.

Növbəti məsələ fiziki şəxsin fərdi sahibkar olaraq vergi öhdəliyidir. Bu, əsasən həmin şəxsin hansı fəaliyyət növü ilə məşğul olması, dövriyyəsinin həcmi, mülkiyyətində və ya istifadəsində torpağının olması, əmlak sahibi olması və s. kimi göstəricilərdən asılı olaraq müəyyən olunur.

Fiziki şəxsin fərdi sahibkar kimi vergi uçotunda olan şəxslər üzrə malların təqdim edilməsi əməliyyatlarının necə rəsmiləşdirilməsi barədə qanunvericiliyin tələbləri isə artıq yuxarıda qeyd olunub.

Qeyri-sahibkarlıq fəaliyyəti çərçivəsində malların təqdim edilməsi bəzi istisnalar (Vergi məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlar və metallar, qiymətli daşlar və metalların məmulatları, incəsənət əsərləri, əntiq əşyalar və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlak; Vergi məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, fiziki şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri, 218.4.5-ci maddəsinə əsasən isə mülkiyyətində olan torpaq sahələri) nəzərə alınmaqla vergiyə cəlb olunmadığı üçün bu məqsədlə vergi uçotuna alınmaq və nəticə etibarilə vergitutma məqsədləri üçün hər hansı rəsmiləşdirmə tələb olunmur.

Lakin təcrübədə sahibkarlıq məqsədləri üçün mallar heç də yalnız sahibkarlıq subyekti olan vergi ödəyicilərindən alınmır. Bəzən vergi uçotunda olmayan şəxslərdən də mal alınmasına ehtiyac yaranır. Buna qanunvericilikdə hər hansı qadağa qoyulmamışdır. Problem yalnız həmin mallar üçün çəkilmiş məsrəflərin xərc kimi tanınmasındadır. Bu problemin həlli üçün 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişiklilərlə əvvəllər daha məhdud əməliyyatlarda tətbiq olunan alış aktının tətbiq sahəsi genişləndirəlmişdir.

Əslində, sənədləşmə ilə bağlı problem, demək olar ki, tam həll edilmişdir. Amma təcrübə göstərir ki, bu məsələ ilə bağlı sahibkarların bəzi çətinləlikləri qalmaqdadır. Xüsusilə aşağıdakı suallarla tez-tez müraciətlər olunur:

1. Fərdi sahibkar kimi vergi uçotuna alınmış fiziki şəxsdən alınmış mallara görə alış aktı tərtib oluna bilərmi?

Əgər fərdi sahibkardan onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan mal alınırsa, alış aktı tərtib olunmalıdır. Çünki bu əməliyyat onun fərdi sahibkar statusu ilə yox, qeyri-sahibkar fiziki şəxs statusu ilə bağlı olduğundan və həmin əməliyyat üçün vergi uçotuna alınmaq tələb olunmadığından elektron qaimə-faktura yox, alıcı vergi ödəyicisi tərəfindən alış aktı ilə rəsmiləşdirilməlidir.

2. Hansı halda fiziki şəxsdən alınmış mallara görə alış aktı tərtib olunmalıdır?

Bu sualın cavabı birinci sualın cavabında da göstərilib. Yəni sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan malların təqdim edilməsi zamanı alıcı vergi ödəyicisi tərəfindən alış aktı tərtib olunur.

3. Vergi uçotunda olmayan şəxsdən alınan mallara görə elektron qaimə-faktura tələb oluna bilərmi?

Nə qədər qəribə səslənsə də, vergi uçotuna alınmamış, heç bir vergi mükəlləfiyyəti olmayan şəxsdən alınan mallara görə elektron qaimə-faktura tələb oluna bilər. Bu o halda mümkündür ki, fiziki şəxsin həmin təqdimetmə əməliyyatı sahibkarlıq fəaliyyəti xarakteri daşısın. Bu halda, qanunvericiliyin tələbi tamamilə qətidir. Yəni həmin fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək (baxdığımız misalda həmin malları satdığı günədək) vergi mükəlləfiyyətini rəsmiləşdirilməli və bundan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyatlarını həyata keçirməlidir.

Təqdimetmə əməliyyatının sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsi isə yuxarıda da qeyd etdiyimiz kimi, vergi nəzarəti tədbirləri zamanı vergi orqanının müvafiq yanaşmasına əsaslanır. Bir daha vurğulamaq lazımdır ki, burada əsas amil əməliyyatın mütəmadiliyidir.

Hazırladı: Fəxriyyə
İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?