Elektron kabinet: rahat və təhlükəsiz ünsiyyət
Ölkəmizdə COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı çağırışlar elektron ünsiyyət alətlərindən istifadənin əhatə dairəsini genişləndirib. Hazırkı sosial izolyasiya şəraitində əksər sahələrdə məsafədən idarəetmə tətbiq olunur. Bunların arasında müxtəlif dövlət qurumları tərəfindən təklif edilən elektron xidmətlər, xüsusi olaraq da Vergilər Nazirliyinin təqdim etdiyi elektron kabinet xidməti xüsusi əhəmiyyət kəsb edir.
Elektron kabinetin iş prinsipi
Elektron kabinet vergi ödəyicisinin Vergilər Nazirliyinin informasiya sistemində yaradılmış fərdi elektron səhifəsidir və ödəyici ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edir.
Vergi ödəyicisi vergi orqanının verdiyi kod-parol və ya gücləndirilmiş elektron imza ilə bu səhifəyə daxil olaraq ona ünvanlanmış akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədləri oxuyur.
Bəzən vergi ödəyiciləri elektron kabinetdən istifadəni mürəkkəb hesab etdiklərinə görə bu xidmətə tərəddüdlə yanaşırlar. Buna görə də onlara özlərinin vərdiş etdikləri elektron qutudan istifadənin əsas prinsiplərini izah etmək lazım gəlir. Bundan sonra vergi ödəyicilərinin böyük əksəriyyəti elektron kabineti artıq özlərinə tanış olan və hər kəsin istifadə etdiyi məktublaşma servisləri qədər sadə olan elektron qutu ilə müqayisə edərək yeni sistemin sadəliyini başa düşürlər.
Elektron kabinetin üstünlükləri nədir?
Vergi ödəyiciləri elektron kabinet vasitəsilə vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. Bu, vaxt itkisini aradan qaldırır və ödəyiciyə sənədlərini istənilən məkandan operativ formada təqdim etmək imkanı yaradır. Bundan başqa, vergi ödəyicisi istənilən yerdə öz səhifəsinə daxil olaraq elektron kabinetdə uçot məlumatlarına, özünə məxsus sənəd və məlumatlara, habelə büdcə qarşısındakı öhdəliklərinə baxmaq və s. imkanlar qazanır. Elektron kabinet vətəndaşın rahatlığını təmin etməklə yanaşı, həm də sosial izolyasiya tədbirləri zamanı sahibkarlar üçün vergi orqanları ilə əlaqələri təmin edən təhlükəsiz vasitədir.
Yardımlar elektron kabinetdən veriləcək
Bu günlərdə İqtisadiyyat Nazirliyi pandemiyadan zərər çəkən sahələrə yardımların ayrılması ilə bağlı mexanizmləri açıqladı. Bildirildi ki, pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyi göstəriləcək. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi qısa müddət ərzində işəgötürənlərin bank hesablarına köçürüləcək. Eyni zamanda, dövlətin maliyyə dəstəyi göstərəcəyi fərdi sahibkarlar da İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edəcək və dövlət büdcəsindən ayrılan vəsaitlər onların bank hesablarına köçürüləcək.
Bu dəstək proqramları barədə məlumatlar qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS vasitəsilə göndəriləcək. Bununla yanaşı, vergi ödəyicilərinin müraciətləri də elektron kabinet vasitəsilə qəbul ediləcək. Vergi ödəyicisi İnternet Vergi İdarəsindəki şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "Əmək ödənişləri üzrə müraciət" altbölməsinə, fərdi sahibkarlar isə "Fərdi sahibkarlara ödənişlər üzrə müraciət" altbölməsinə daxil olaraq buradakı müvafiq altbölmədəki müraciət formasını elektron qaydada doldurmalıdır.
Beləliklə, sahibkarlar yardımları elektron kabinet vasiətsilə əldə edəcəklər. Bundan əlavə, sahibkarların dövlət tərəfindən həyata keçirilən digər yardım alətləri ilə də elektron kabinet üzərindən tanış olmaq və müraciət etmək imkanı var.
Göründüyü kimi, elektron kabinetdən istifadə vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsi üçün vaxt və resurs itkilərinin qarşısını almaqla yanaşı, vergi ödəyiciləri üçün nəzərdə tutulmuş bir çox üstünlüklərdən yararlanmağa da imkan yaradır.