Transfer qiyməti anlayışının yenilənməsi vergi nəzarətinin gücləndirilməsinə imkan yaradır
Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri transfer qiyməti anlayışının yenilənməsi və transfer qiymətinin tətbiq dairəsinin genişləndirilməsidir
Vergilər Nazirliyinin İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət departamentinin baş direktoru Zaur Fətizadə bildirib ki, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların aparılması və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, transfer qiymətləri anlayışı müvafiq sahədə qəbul olunmuş beynəlxalq standartlara uyğunlaşdırılıb, transfer qiymətlərinin tətbiq dairəsinə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentlə qarşılıqlı surətdə asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxslər arasında aparılan əməliyyatlar da daxil edilib.
Z.Fətizadə qeyd edib ki, transfer qiymətlərinin tətbiq dairəsi də dəqiqləşdirilib və transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq olan nəzarət edilən əməliyyatlara dair müvafiq arayışın təqdim olunması mənfəət (gəlir) vergisi bəyannaməsi ilə birlikdə nəzərdə tutulub: "Əsas qanunvericilik bazasına dəyişikliklərlə yanaşı, transfer qiymətlərinin inzibatçılığı sahəsində də müəyyən addımlar atılmaqdadır. Belə ki, kameral və səyyar vergi nəzarəti tədbirləri həyata keçirən vergi orqanı əməkdaşlarının transfer qiymətləri ilə bağlı araşdırmalarının səmərəliliyinin artırılması, müvafiq sahədə beynəlxalq standartlara uyğun vergi nəzarətinin təmin olunması, müəyyən edilmiş indikatorlar üzrə risk-təhlil sisteminin yaradılması və Vergi Məcəlləsinin 14-1-ci maddəsinin icrasının effektivliyini artırmaq məqsədilə "Transfer qiymətlərinə nəzarət üzrə Metodiki Göstəriş" hazırlanıb və vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilib. Bu sənəd əsasında transfer qiymətləri məqsədləri üçün avtomatlaşdırılmış risk-təhlil sisteminin yaradılması nəzərdə tutulur. Burada məqsəd riskli vergi ödəyicilərinin müəyyən edilməsi və transfer qiymətləri üzrə yoxlamaların yalnız seçim əsasında aparılmasıdır".
Əsas qanunvericilik bazasına dəyişikliklərlə yanaşı, transfer qiymətlərinin
inzibatçılığı sahəsində də müəyyən addımlar atılmaqdadır
Bildirilib ki, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" layihəsinə 2018-ci ilin yanvar ayından başlanılıb: "Əlverişli biznes və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, transfer qiymətləri sahəsində qanunvericiliyin və inzibatçılığın beynəlxalq standartlara uyğunlaşdırılması, milli vergi sisteminin və Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından layihə önəmli hesab edilir.
Artıq bir ili tamamlanmış layihə çərçivəsində 3 istiqamət üzrə işlər görülməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Transfer qiymətlərinə dair təlimatına, Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi fəaliyyətlərinə, Avropa İttifaqının müvafiq təlimatlarına və beynəlxalq təcrübəyə əsaslanan qanunvericiliyin hazırlanması, "Qiymətlərin əvvəlcədən razılaşdırılması sisteminin yaradılması və transfer qiymətləri üzrə risk-təhlil sisteminə əsasən yoxlamaların təşkili layihənin əsas istiqamətləridir. Layihə çərçivəsində transfer qiymətləri ilə bağlı vergi orqanı əməkdaşları üçün Azərbaycanda və Avropanın bir sıra ölkələrində təlimlər təşkil olunub və bu işlər hazırda da davam etdirilir. Bundan başqa, "Ölkələr üzrə hesabatlılıq", "Qarşılıqlı razılaşdırma prosedurları" və digər aiddiyyəti məsələlər üzrə qanunvericiliyə və inzibatçılığa təkliflər paketləri hazırlanır".
İqtisadçı ekspert Rəşad Əliyev mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, burada transfer qiyməti anlayışının genişləndirilməsi ilə yanaşı, transfer qiymətinin tətbiq edildiyi əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsi də böyük maraq doğurur: "Məsələn, əgər əvvəllər transfer qiymətləri 500 min manatdan yuxarı olan əməliyyatlara tətbiq edilirdisə, artıq bu hədd aradan qaldırılıb. Transfer qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir və bu tətbiq heç bir məbləğ həddi ilə məhdudlaşdırılmayacaq. Yəni burada bir sıra "qeyri-şəffaf" vergi ödəyiciləri üçün əvvəlki 500 minlik hədd daxilində sui-istifadələr üçün manevr imkanları məhdudlaşdırılıb. Eyni zamanda, bu, şəffaf işləyən vergi ödəyiciləri tərəfindən belə əməliyyatlara diqqəti artırmağa əsas verir".
R.Əliyevin sözlərinə görə, transfer qiymətləri tətbiq edilən əməliyyatlara dair hesabatlılıq üzrə də yeniliklər var: "Vergi ödəyiciləri bundan sonra Məcəllənin 16.1.4-cü maddəsinə əsasən ancaq transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlar üzrə müvafiq arayış təqdim edəcəklər.
Vergi Məcəlləsinin 14.3-cü maddəsi üzrə verilmiş redaksiyaya əsasən, transfer qiymətləri tətbiq olunan əməliyyatlar zamanı vergilərin hesablanması məqsədləri üçün bazar dəyərində istifadə edilməyəcək. Bu isə vergiqoymada istifadə olunan dəyər bazalarının məhdudlaşdırılması deməkdir".
Fəxriyyə İKRAMQIZI