8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qanunsuz sahibkarlıq

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrinin dispozisiyasına əsasən, qanunsuz sahibkarlıq dedikdə aşağıdakı formada göstərilən fəaliyyətlər nəzərdə tutulur:

  • Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan göstərilən fəaliyyət;

  • Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan göstərilən fəaliyyət;

  • Lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə göstərilən fəaliyyət;

  • Xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi.

Mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi uçotuna alınmaq üçün ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları isə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu ilə siyahısı müəyyən edilən fəaliyyətlər üzrə sahibkarlıq fəaliyyəti göstərəcək şəxslər vergi uçotuna (dövlət qeydiyyatına) alındıqdan sonra lisenziya vermək səlahiyyətinə malik olan müvafiq dövlət orqanına müraciət etməklə həmin fəaliyyəti həyata keçirmək hüququ verən sənədi əldə etdikdən sonra sahibkarlıq fəaliyyətinə başlaya bilərlər.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı isə Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-IIQ nömrəli "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanunu ilə müəyyən edilmiş hər hansı əşyanın istifadəsi üçün icazə vermək səlahiyyətinə malik olan inzibati orqana müraciət etməklə müvafiq rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə və s.) əldə edilməlidir.

Qanunvericiliyin göstərilən tələblərinin yerinə yetirilməməsi şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilər.

İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə görə, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulur. Əgər qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində şəxsin vurduğu ziyan (əldə etdiyi gəlir) iyirmi min manatdan artıqdırsa, həmin əməl cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 192-ci maddəsinə görə isə yuxarıda göstərilən əməllərin vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurmaqla (xeyli miqdarda gəlir əldə etməklə) törədilməsi – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə, altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzalarını nəzərdə tutur. Eyni əməllər külli miqdarda (yüz min manatdan yuxarı, beş yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla (gəlir əldə etməklə), həmçinin mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı) ziyan vurmaqla (gəlir əldə etməklə) törədildikdə isə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vergi Məcəlləsinin 66-cı maddəsində göstərilir ki, qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Yəni həmin gəlirə uyğun olaraq hesablanan vergilər dövlət büdcəsinə ödənilməlidir.

Onu da qeyd edək ki, qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ilk dəfə törədilən əməl inzibati xəta tərkiblidirsə, vurulmuş ziyan ödədikdə və ya əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə, şəxs inzibati məsuliyyətdən azad olunur.

Həmin əməl cinayət tərkibi yaradırsa, vurulmuş ziyanı ödəmiş və ya əldə edilmiş gəliri tam məbləğdə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?