4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kirayə mənzillər kimə və hansı şərtlərlə veriləcək?

İpoteka və Kredit Zəmanət Fondu dekabrdan başlayaraq kirayə mənzil mexanizmini işə salacağını elan edib. Vətəndaşlar dekabrın ikinci yarısından elektron qaydada həmin mənzilləri kirayəyə götürmək üçün müraciət edə biləcəklər. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona aylıq ödənişlər etməlidirlər. Həmin vəsait evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl və ya ödənişi davam etdirib 25 il ərzində mənzilə sahib ola biləcək.

Mövzu ilə bağlı vacib məqamlara aydınlıq gətirən iqtisadçı Vüqar Bayramov bildirib ki, müraciət edən şəxs elektron və ya "Asan imza" ilə elektron kabinet yaratmalı, özü ilə bağlı məlumatları oraya daxil etməlidir: "Bu prosesi keçən və müsbət cavab alan vətəndaş şəxsiyyət vəsiqəsinin surətini və onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, onların şəxsiyyət vəsiqələrinin surətlərini və gəlirlərini təsdiq edən sənədləri fonda təqdim etməlidir".

Qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmayan, amma fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar da ev almaq üçün müraciət edə biləcək. Bu zaman onlar sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini və vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidirlər. Fond müraciətə müsbət cavab verdikdən sonra sonuncu mərhələ müqavilənin bağlanmasıdır.

Bəs kirayə mənzilə kimlər sahib ola bilər?

V.Bayramov mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması, vaxtı keçmiş öhdəliklərinin (bank kreditləri və digər məcburi ödənişlər üzrə) və məhkumluğunun olmamasının əsas şərtlər qoyulduğunu qeyd edib. Onun sözlərinə görə, ailəli olmayan vətəndaşlarımız da kirayə mənzillər üçün müraciət edə bilərlər. Ekspert əlavə edib ki, aşağıdakı hallarda mənzillər kirayəçidən geri alına bilər:

  • aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə;

  • kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə;

  • yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür);

  • kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.

V.Bayramov kirayə mənzillərin daha çox Bakının mərkəz ətrafı rayonlarında – "Qara Qarayev", "Neftçilər", "Əhmədli" metro stansiyalarının ətrafında daha çox mənzil təklif olunacağını bildirib. Onun sözlərinə görə, mənzilin xərci müqavilə müddətindəki ayların sayına bölünərək aylıq ödəniş məbləği müəyyənləşəcək. Məsələn, mənzilin xərci 120 min manat və müqavilə müddəti 25 ildirsə, aylıq ödəniş 120.000 manat / ( 25 il X 12 ay) = 400 manat kimi müəyyənləşəcək.

Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir. Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər. Kirayə mənzillər üçün ilkin ödənişin nəzərdə tutulmayıb. Amma kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini, yəni 1 illik kirayə haqqı qabaqcadan ödəməlidir. Qaydalara görə, kirayəçi mənzili başqasına ötürə bilməz. Vətəndaş yalnız fondun yazılı razılığı ilə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə, fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyəverəndən başqa şəxsə keçdikdə kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunur.

Kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətləri onun vərəsələrinə keçir. Fond öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Mənzillər tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır. Fondun satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və "Elektron ipoteka və kredit zəmanət"sistemində yerləşdiriləcək.

Sığorta hadisəsi baş verdikdə sığorta ödənişi kirayəçinin ödədiyi vəsait ilə ödənilməmiş qalıq məbləğinin nisbətinə uyğun olaraq fond ilə kirayəçi arasında bölüşdürüləcək. Kirayəçi kirayə müqaviləsi bağlandıqdan 3 il sonra alış qiymətinin qalıq hissəsini birdəfəyə ödəmək istədikdə fond tərəfindən qalıq məbləğin müəyyən hissəsi güzəşt edilir. Güzəştlər barədə məlumat müqavilədə əks olunacaq. Onu da qeyd edək ki, digər şəhər və rayonlarda qeydiyyatda olan vətəndaşlar da Bakıda kirayə ev üçün müraciət edə bilərlər.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması