11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro sahibkarlıq üçün güzəştlər

Ölkədə vergi islahatlarının əsas istiqamətlərindən biri mikro və kiçik biznesin inkişafına təkan verməkdir. Sadələşdirilmiş verginin həddinin vahid 2 faiz səviyyəsində (indiyə qədər bu vergi Bakıda 4 faiz təşkil edirdi) müəyyənləşdirilməsi də buna yönəldilib.

Kiçik biznes üçün əlverişli şərait yaradan güzəştli vergitutmanın tətbiqi kontekstində sahibkarlar tərəfindən sui-istifadəyə yol verilməməsi üçün sadələşdirilmiş verginin ödəyicisi statusuna malik olanların dairəsi daraldılıb.

Millət vəkili Azər Badamov bildirib ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Bu sahədə son 10 ildə sahibkarlıq subyektlərinə dövlət büdcəsindən 2,2 milyard manat güzəştli kredit verilib, yeni istehsal sahələrinin inkişafı üçün müasir infrastruktur formalaşdırılıb: "Vergi Məcəlləsinin 190-dan çox maddəsində edilmiş dəyişikliklər sahibkarların şəffaf və müasir tələblərə uyğun fəaliyyət göstərilməsinə şərait yaradır.

Dəyişikliklərin əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafına dövlət dəstəyini artırmaq, kiçik və orta sahibkarlığın inkişafına optimal mühit formalaşdırmaqdır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsul istehsalının 70-80 faizi kiçik və orta sahibkarlığın payına düşür. Ona görə də ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və inkişaf dinamikasını qorumaq üçün kiçik və orta sahibkarlığın inkişafı əsas məsələdir".

Millət vəkilinin sözlərinə görə, Vergi Məcəlləsində dəyişikliklərin əksəriyyəti qeyri-neft sektorunun inkişafı məqsədilə bu sahəyə yeni güzəştlər tətbiq etməkdir: "Bütün ölkə ərazisində sadələşdirilmiş verginin 2 faizə endirilməsi sahibkarların olduğu yer üzrə qeydiyyatına şərait yaradacaqdır. Əvvəllər Bakı şəhərində sadələşdirilmiş verginin dərəcəsi 4 faiz olduğundan, sahibkarlar rayon qeydiyyatında dayanaraq vergidən yayınmağa çalışırdılar. İndiki halda vergi dərəcəsi ölkə ərazisində eyni olduğu üçün belə bir addım atmağa ehtiyac qalmır ki, bu da vergi ödəyicilərinin uçotunun şəffaflaşdırılmasına şərait yaradır".

Qeyd olunub ki, Vergi Məcəlləsində sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsi də daraldılıb. Məsələn, xəz-dəri və zərgərlik məmulatlarının satışı ilə məşğul olanlar, lisenziyalaşdırılmış sahələrdə fəaliyyət göstərənlər, 10 nəfərdən çox işçisi olan və istehsal fəaliyyəti həyata keçirən şəxslər, dövriyyəsindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisi statusunu itirir, gəlir və mənfəət vergisinin ödəyiciləri olurlar.

Dəyişikliklərin əsas məqsədi ölkədə qeyri-neft sektorunun
inkişafına dövlət dəstəyini artırmaq,
kiçik və orta sahibkarlığın inkişafına optimal mühit formalaşdırmaqdır

A.Badamov kiçik və orta sahibkar statusunun dövriyyəsinin müəyyənləşməsinə də münasibət bildirib: "Kiçik sahibkarlar statusunda olan vergi ödəyicilərinin əldə etdikləri gəlirin 75 faizi vergidən azad olunacaq və onlar yerdə qalan 25 faizin 20 faizi həcmində vergi ödəyəcəklər. Bu isə vergidən yayınma hallarını azaldacaq.

Qeyri-neft sektorunda əməkhaqqından tutulan gəlir vergisinin həcmi böyük olduğundan, sahibkarlar hesabatlarda real əməkhaqqının göstərilməsindən yayınırdılar. Yəni 2.500 manata qədər əməkhaqqı alan işçilərdən 14 faiz, bundan çox alanlardan isə 25 faiz gəlir vergisi tutulurdu. Yeni dəyişikliyə görə, dövlət 7 il ərzində əməkhaqqından tutulan gəlir vergisindən, demək olar ki, imtina edir: qeyri-neft sektorunda çalışanların əməkhaqqının 8.000 manata qədər olan hissəsi ümumiyyətlə gəlir vergisindən azad edilir, ondan yuxarı əməkhaqqı alanlar isə cəmi 14 faizlə gəlir vergisinə cəlb olunurlar.

Sosial sığorta ödənişlərinin tərkibində də müəyyən dəyişikliklər edilib. Əvvəllər sahibkar əməkhaqqı fondunun 22 faizini sosial sığortaya ödəməli olurdusa, indiki halda sosial sığortanın strukturu dəyişdirilib və ödəniş yükünün işçi ilə işəgötürən arasında ədalətli bölünməsini tələb edir. Bu da sahibkar-işçi münasibətində əməkhaqqı hesablananda sahibkarın yükünün azalmasına gətirib çıxarır. Nəticədə, sahibkar işçilərin sayını gizlətməyəcək və bu da hər bir işçinin sosial sığorta ilə təminatına və gələcəkdə hər bir işləyən üçün pensiya hüququnun yaranmasına gətirib çıxaracaq".

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?