3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şərik biznes-dividend

Birgə biznes - daha çox mənfəət əldə etmək məqsədi ilə tərəfdaşların bilik, təcrübə və maliyyə resrslarının birləşdirilməsi yolu ilə məhsul, iş və xidmətlər istehsal etmək üçün şərikli fəaliyyətdir.  Şərikli biznesdə vergi öhdəlikləri ilə bağlı maraq doğuran məsələlərə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev aydınlıq gətirib.

Şərikli biznesdə vergi öhdəlikləri başlıca olaraq iki hissəyə ayrılır:

  • birincisi, hüquqi şəxs yaratmadan birgə fəaliyyətin obyektindən və hüquqi şəxs (müəssisə, şirkət və s.) təsis etməklə yaranmış qurumun fəaliyyətindən yaranan vergi öhdəlikləri;

  • ikincisi, şərikli biznesin iştirakçıları olan ortaqların əldə etdikləri gəlirdən yaranan vergi ödəmələri.

Birgə biznesin formalarından və təşkilatın quruluşlarından asılı olaraq yaranan vergi öhdəlikləri sadələşdirilmiş, mənfəət və əlavə dəyər vergisi üzrə vergi rejimlərini əhatə edir. Burada əsas diqqəti şəriklərin biznes fəaliyyətindən əldə etdikləri gəlirə görə nə qədər vergi verməli olduqlarına, mənfəətin necə formalaşmasına yönəldəcəyik. Ortaqlar bizneslə məşğul olub gəlir əldə etmək üçün tam ortaqlıq müəssisəsi, komandit ortaqlar, MMC, ƏMC, səhmdar cəmiyyətləri və kooperativlər təsis edə, həmin müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlərdən özlərinə pay düşünə bilərlər.

Bəs qurulan birgə işdə şəriklərə çatan mənfəət necə formalaşır?

Ortaqlıq müəssisələrində əgər şəriklər müəyyən vəzifə tutaraq işçi kimi çalışırsa, onda onlar bu fəaliyyətə görə başqa işçilər kimi maaş alacaqlar, yəni əldə etdikləri maaş əməkhaqqı müqaviləsi əsasında formalaşdıqda gəlir vergisi, qazandıqları pul xidmət müqaviləsi əsasında və şərikin açdığı VÖEN ilə fiziki şəxs kimi reallaşdıqda isə mənfəət vergisi ödəyəcəklər. Çünki fiziki şəxs müəssisə ilə müqavilə əsasında iş və xidmət gördükdə artıq sadələşdirilmiş vergi növündən istifadə edə bilməyəcək.

Dividend nədir?

Şəriklərin birgə biznesdə əldə etdikləri gəlirlər dividend adlanır. Tutaq ki, birgə biznes kimi ABC müəssisəsi açılıb və ildə 1.000 ədəd divan istehsal edərək birini 200 manatdan satılır. İlin sonunda maliyyə hesabatında şəriklərə təqdim olunan rəqəmə görə divanların satışından 1000 * 200 = 200.000 manat gəlir əldə edilir. Şəriklər bu pulu bölməyi düşünürlər. Lakin maliyyə direktoru hesabat verir ki, 200.000 manat gəlirdən 150.000 manat işçilərə əməkhaqqı, xammal və materiala, vergilərə, sosial ödəmələrə, kommunal xərclərə ödənilib. 50.000 manat xalis mənfəət qalır. Bax şəriklər bu pulu, yəni dividendi bölə bilərlər.

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə görə, "Dividend-hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş" kimi xarakterizə olunur. Həmin maddənin ikinci hissəsində göstərilən hallar quruluş etibarilə nə qədər dividendə bənzəsə də, qanunvericilik baxımından dividend kimi tanınmasına yol verilmir: "Hüquqi şəxsin ləgvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarlarının səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır".

Deməli, ABC MMC-nin fəaliyyətindən də göründüyü kimi, illik 200.000 manatlıq gəlirin qarşılığında 50.000 manat xalis mənfəət əldə edilib ki, bu vəsait də dividend kimi müəssisədəki paya uyğun şəkildə bölüşdürülə bilər.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ