8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Benzin, dizel və maye qaza görə yol vergisinin hesablanması

Benzin, dizel və maye qaza görə yol vergisinin hesablanması

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər, eləcə də ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyicisidir. Bu verginin vergitutma obyekti isə ölkə ərazisinə daxil olan və ərazini tərk edən zaman yol vergisinə cəlb edilməli olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, ölkə ərazisində istehsal edilən və idxal edilən daxili istehlaka yönəldilən (topdan satılan) benzin, dizel yanacağı və maye qazdır.

Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Məsələni şərh edən mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov bildirib ki, yol vergisinin aylıq məbləği bu qaydada hesablanır: Tutaq ki, rezident müəssisə tərəfindən hesabat ayı ərzində 70.000 litr benzin istehsal edilərək yanacaqdoldurma məntəqələrinə satılıb. Bu halda rezident müəssisə tərəfindən yol vergisinin aylıq məbləği 1.400 manat olacaq.

70.000 x 0.02 = 1400 manat

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.

Vergi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

R.Ramazanov vurğulayıb ki, avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan Daxili İşlər Nazirliyi hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq, yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı Vergilər Nazirliyinin müəyyən etdiyi formada nazirliyə təqdim edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?