20 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maddi yardım və miras əldə edən şəxs vergi ödəməlidirmi?

Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən, təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar vergidən azad edilib. Məcəllənin 102.1.3.1-ci maddəsində isə göstərilib ki, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2.000 manatadək olan hissəsi, mirasların dəyərinin 20.000 manatadək olan hissəsi vergiyə cəlb olunmur. Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

Qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, əgər fiziki şəxs hər hansı hədiyyə, maddi yardım və ya mirası öz ailə üzvlərindən alarsa, bu zaman qeyd olunan həmin gəlir, o cümlədən mirasın məbləği tam şəkildə vergidən azad edilir. Qeyd olunan hallar üzrə gəlirlər vətəndaşın çalışdığı müəssisədən əldə edildikdə həmin məbləğlər müəyyən çərçivə daxilində vergiyə cəlb ediləcək.

Məsələn, təhsil və ya müalicə haqqını ödəmək üçün iş yerindən edilən maddi yardımın 1.000 manata qədər olan hissəsi vergidən azaddır. Tutaq ki, həmin məqsədlərlə işçiyə çalışdığı müəssisədən 3.000 manat ödəniş edilib. Bu zaman ondan 1.000 manat çıxılacaq. Vəsaitin qalan hissəsi vergiyə cəlb olunacaq.

3000 - 1000 = 2000 manat
2000 * 14% = 280 manat

Beləliklə, həmin şəxs iş yerindən aldığı 3.000 manat maddi yardıma görə 280 manat məbləğində vergi ödəməlidir.

Əgər fiziki şəxsin səhhətində problem yaranarsa və onu müalicə üçün xaricə aparmağa ehtiyac olarsa, o zaman Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, ona verilən müalicə haqqı üçün birdəfəlik maddi yardımım 2.000 manata qədər hissəsi vergidən azad olur. Tutaq ki, bir müəssisədə çalışan şəxsə Türkiyədə müalicə almaq üçün iş yerindən 5.000 manat məbləğində birdəfəlik maddi yardım edilib. Bu zaman həmin məbləğdən 2.000 manat çıxılacaq, qalan məbləğ isə gəlir vergisinə cəlb ediləcək.

5000 - 2000 = 3000 manat
3000 * 14% = 420 manat

Deməli, həmin şəxs müalicə üçün aldığı 5.000 manat maddi yardıma görə 420 manat vergi ödəməlidir.

Fiziki şəxslərə verilən mirasların da bir qismi vergiyə cəlb olunur. Əgər miras qoyan şəxs həmin adamın yaxın ailə üzvü olarsa, bu zaman məbləğindən asılı olmayaraq bütün gəliri vergidən azad edilir. Miraslar qohum tərəfindən deyil, başqa bir vətəndaş tərəfindən fiziki şəxsə verilərsə, həmin gəlirin bir hissəsi vergiyə cəlb olunur. Bunun üçün əvvəlcə miras qiymətləndirilir. Məsələn, tutaq ki, mirasın dəyəri 100 min manatdır. Ondan 20 min manat çıxılır, qalan 80 min manat vergiyə cəlb olunur.

100.000 - 20.000 = 80.000 manat
80.000 * 14% = 11.200 manat

Deməli, 100.000 manat dəyərində mirası qəbul edən fiziki şəxs 11.200 manat məbləğində vergi ödəməlidir.

Vergi Məcəlləsinin 99.3.7-ci maddəsinə əsasən, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesab olunur. Ona görə də həmin gəlirlərin vergiyə cəlb olunması 101-ci maddə ilə tənzimlənir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.

Fərqanə ALLAHVERDİQIZI